Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:46

Rusiya hərbiyyəsi yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib


Həştərxanda Iskander-M raketi maşına yüklənir
Həştərxanda Iskander-M raketi maşına yüklənir

Cənub Hərbi Dairəsinin məlumatına görə Ermənistanın Kamxud yüksək dağlıq təlim-məşq kompleksində pilotsuz təyyarələrlə manevrlərə artıq başlanıb

Rusiya bildirib ki, ölkənin cənubundakı Həştərxan vilayətində yerləşən Aşuluk bazasında hava hücumundan müdafiə manevrlərinə başlanıb.

Rusiyanın Müdafiə Nazirliyi bildirir ki, avqustun 18-də başlanan genişmiqyaslı manevrlər bütün MDB üzrə 20 havadan müdafiə və zenit birliklərini əhatə edəcək və sentyabrın 11-ədək davam edəcək.

Rusiyanın “döyüşən birliyi”ndə Ermənistan da var

“Döyüş Birliyi 2015” adlanan hərbi təlimlərdə Rusiya ilə yanaşı Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan da iştirak edirlər.

Nazirlik bildirir ki, bu təlimlərə minədək hərbçi, yer-göy müdafiə tipli raketlər, döyüş təyyarə və helikopterləri çıxarılacaq.

İnterfax agentliyi daha təfərrüatlı məlumat verərək bildirir ki, təlimlərdə S-400 Triumf, S-300 “Favorit” raket sistemləri, MiG-29, Su-24, Su-34, Su-27, Su-30, Su-25, MiG-31 və Tu-22 təyyarələri, Mi-8AMTŞ helikopterləri və başqa texnikadan istifadə olunacaq.

Bu da xəbər verilir ki, təlimlərin birinci fazasından sonra canlı qüvvə və hərbi texnika Həştərxandakı Aşuluk bazasında cəmləşdiriləcək.

Aşuluk Ukrayna-Rusiya sərhədinin 500 kilometrliyindədir (Aşulukdan Bakıya məsafə 681 kilometrdir).

“Rusiyanın cənubundan barıt iyi gəlir”

RİA agentliyi öz internet saytının analitika bölümündə dərc olunmuş məqaləyə belə başlıq verib.

Məqalədə deyilir ki, hazırkı manevrlərdə hərbçilər “təmas döyüşü” üslübündan “təmassız döyüş” metodunun öyrənilməsinə keçirlər. Bu isə yüksək dəqiqilikli artilleriya qurğularından dərinlikdə yerləşən hədəflərin vurulmasını nəzərdə tutur.

Məqalədə təlimlərdə həmçinin pilotsuz təyyarələrdən istifadə oluncağı bildirlir.

Qeyd edilir ki, bura Rusiya istehsallı “Orlan”, “Zastava”, Qranat” və “Leer” adlı dronlar daxildir.

Ermənistanda dron təlimləri

Məlumatın ən maraqlı hissəsi onun Cənubi Qafqazdan bəhs edən bölümüdür.

Müəlliflər bildirirlər ki, təlimlərdə Cənubi Osetiya və Ermənistandakı Rusiya hərbi bazaları iştirak edirlər.

Ermənistandakı Rusiya bazasının tankları
Ermənistandakı Rusiya bazasının tankları

Cənub Hərbi Dairəsinin məlumatına görə Ermənistanın Kamxud yüksək dağlıq təlim-məşq kompleksində pilotsuz təyyarələrlə manevrlərə artıq başlanıb.

Rusiya daha bir böyük hərbi təlimi Cənubi Qafqazın qonşuluğunda– Dağıstanda keçirir.

Rusiyanın astrakhan-24.ru internet saytında yayılmış məlumata görə Dağıstanda Rusiya Xəzər Dəniz Donanmasının təlimlərinə başlanıb.

Adanak poliqonu

Xəbər verilir ki, Dağıstandakı Adanak poliqonunda özüyeriyən artilleriya batareyaları və dəniz piyadalarının tank əleyhinə birlikləri “döyüş” sınağından çıxarılacaq.

7 gün davam edəcək bu təlimlərdə 100 dəniz piyadası və 30 ədəd hərbi texnika növü iştirak edir.

Bunların sırasında SAU “Nona” artilleriya qurğuları, tank əleyhinə “Rapira” topları, “Metis” və “Faqot” idarəolunan raket qurğularıvar.

Artilleriyanın təlim təmrinləri yürüş, döyüş mövqelərinin tutulması, atəşə hazırlıq və kəşfiyyat sahələrini əhatə edir.

Rusiya-NATO qarşıdurması

İnternational Business Times qeyd edir ki, təlimlər Rusiya ilə NATO arasında gərginliyin yüksəldiyi vaxta təsadüf edir.

Polşada NATO təlimləri. İyun, 2015
Polşada NATO təlimləri. İyun, 2015

Ötən həftə Avropa Liderliyi Şəbəkəsi (European Leadership Network) analtik mərkəzindən verilmiş hesabatda bildirilirdi ki, Rusiya və NATO-nun iriqmiqyaslı təlimləri iki tərəfin mümkün münaqişəyə hazırlaşdığını göstərir.

Mərkəzin direktoru Ian Kearns “The Guardian” qəzetinə bildirib ki, tərəflər təlimlərin müdafiə yönlü olduğunu vurğulasalar da risk faktoru qalır.

Hesabatda Rusiyanın mart ayında 80 minlik qoşunla “qəfildən” keçirdiyi manevrlər və NATO-nun iyun ayında 22 ölkənin 15 minlik qoşunu ilə keçirdiyi təlimlər misal gətirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG