Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:40

Rusiya 2017-ci ildə Azərbaycanda yeni radar müdafiə stansiyası quraşdırmağı planlaşdırması barədə xəbərlər yayılıb. Bu barədə avqustun 17-də Azərbaycan mediasında Rusiyanın “Zvezda” televiziyasına istinadla xəbərlər verilib.

Eurasianet.org dərgisi yazır ki, TV Zvezda Rusiya Müdafiə Nazirliyi tərəfindən idarə olunur.

Amma ertəsi gün - avqustun 18-də “Zvezda” televiziyasının saytında həmin xəbəri tapmaq mümkün olmayıb. "Vestnik Kavkaza" isə Rusiyadakı "National Defense" dərgisinin baş redaktoru Igor Korotchenko-ya istinadla bildirir ki, Moskvanın Azərbaycanda yeni stansiya yaratmaq planları yoxdur.

Hər halda, Azərbaycanda bir çox müşahidəçilər yayılan məlumatları Bakının nəbzini yoxlamaq cəhdi kimi izah edirlər.

2012-ci ildə Bakı “Qəbələ” radar sisteminin Rusiyanın icarəyə verilməsini nəzərdə tutan müqaviləni yeniləməmişdi.

Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasından olan deputat Bəxtiyar Sadıqov AzadlıqRadiosuna deyib ki, onda yeni radiolokasiya sisteminin qurulacağı haqda heç bir məlumat yoxdur:

“Milli Məclisə bu haqda heç bir sənəd daxil olmayıb. Mətbuat çox şey yaza bilər. Belə bir əməkdaşlıq üçün ölkələrarası danışıqlar imzalanmalıdır, sazişlər olmalıdır”.

2107-ci ildə Rusiyanın Azərbaycanın köhnəlmiş Qəbələ RLS-in yerində yeni radiolokasiya stansiyasını tikmək planları barədə “Zvezda” telekanalının məlumatı tamamilə realdır. Bunu isə təhlükəsizlik sahəsində ekspert, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Turan-a müsahibəsində bildirib.

“Bu informasiyanın ictimaiyyətin psixoloji hazırlığı məqsədilə bilərəkdən sızdırılması istisna deyil. Baş verənlər son illər Bakı və Moskva arasında qarşılıqlı münasibətlərin məntiqinə hesablanıb. Moskvanın Azərbaycana göndərdiyi ağır hücum silahlarının siyahısına baxmaq yetərlidir. Bu silahların 90%-i məhz Rusiyadan daxil olur.

Bundan əlavə, Bakı faktiki olaraq Kremlin antiqərb təbliğatında, ABŞ və Qərbin ünvanına ittihamlarda onun müttəfiqinə çevrilib. Bakı məmurlarının Qərb əleyhinə fikirləri kəskin, meydan oxuyan, hətta təhqiramiz xarakter daşıyır”, - o qeyd edib.

AZƏRBAYCAN SUVERENLİYİNİ İTİRİR?

Ərəstun Oruclu deyib ki, Azərbaycan ərazisində xarici hərbi bazanın olması qanunvericiliklə qadağandır. Lakin bu, sırf texniki məsələdir və həmin parlament bu cür RLS-in olmasına imkan verən zəruri dəyişikliyi qəbul edəcək.

Ərəstun Oruclu deyib ki, bu, təkcə Qərbin yox, həm də Türkiyə və İranın mənfi reaksiyasına səbəb olacaq. “Bu cür kəskin və birtərəfli addımlar ona gətirib çıxara bilər ki Qərb Qarabağ separatçılarına münasbətdə daha loyal mövqe tutacaq. Kosovo ilə presedenti yada salmaq yetərlidir. Dağlıq Qarabağla da analoji vəziyyət yarana bilər.

“Belə fikir var ki, Bakı və Moskva arasında hərbi-siyasi yaxınlaşma Azərbaycanın Qarabağ məsələsində dəstək müqabilində güzəştə getməsidir. Əsasən söhbət Qarabağ ətrafında ərazilərin bir hissəsinin azad edilməsindən gedir. Moskva bunu edə bilər, ancaq Kreml heç zaman erməniləri tamamən satmayacaq və buna inanmaq olduqca böyük səhv olardı. Məhz belə olan halda Qərb Qarabağın tanınmasına razı ola bilər”, - Ə.Oruclu hesab edir.

Beləliklə, bu, suverenliyin bir hissəsinin itirilməsi və Rusiyadan asılılıq, digər tərəfdən Qərb sanksiyaları və gələcəkdə Avropa və Qərbdən uzaqlaşmaq məsələsidir. Lakin Azərbaycan hərbçilərinin və rəsmi şəxslərinin gurultulu bəyanatlarından belə çıxır ki, onlar bu riskli oyunu oynamağa hazırdır, -ekspert bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG