Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:34

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl ona qarşı qaldırılan cinayət işinə baxan məhkəmə tərkibinə etiraz edib. Proses avqustun 18-də Bakı Ağır Cinayətlər məhkəməsində keçirilib.

Məhkəmə tərkibinə etiraz etməmişdən öncə Xədicə İsmayıl əvvəlcə Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə məktubu olduğunu bildirdi.

“PROSES AŞIRI SÜRƏTLƏ APARILIR”

Məktubun mətnini elan edən Xədicə İsmayıl bildirdi ki, Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən proses tələsik və aşırı sürətlə aparılır:

“Nəticədə mənim müdafiə hüququm pozulur. Məhkəmə tələsik aparılaraq əlavə iş üçün zəruri olan sənədlərin tədqiqini aparmaqdan imtina edir. Vəkillərlə ünsiyyət hüququm məhdudlaşdırılır. Ailəmlə görüş hüququm da pozulur. Mən belə başa düşürəm ki, Ramella Allahverdiyeva bu işi bitirməmiş məzuniyyətə buraxılmayacaq. Artıq yay mövsümü başa çatır. Buna görə mən tələsik mühakimə olunmağımı istəmirəm. Mən gözləyə bilərəm. Hakimlər məzuniyyətdən qayıdandan sonra bu işi normal şəkildə davam etdirilsin”.

Hakim ona məktubu məhkəmə sədrinə poçt yolu ilə göndərməyi tövsiyə etdi.

“BU MƏHKƏMƏ TƏRKİBİ BU İŞƏ BAXA BİLMƏZ”

Daha sonra Xədicə İsmayıl məhkəmə tərkibinə etiraz etdi. Buna səbəb bugünədək məhkəmənin onun heç bir vəsatətini təmin etməməsini göstərdi:

“Məhkəmə əhəmiyyətli şahidləri dindirməkdən imtina edir, zəruri sənədlərin işə əlavə edilməsinə imkan vermirlər. Açıq- aşkar prokurorluğun mövqeyini dəstəkləyirlər. Məhkəmə tərkibinə daxil olan Novruz Kərimov Ramella Allahverdiyevanın təqsirləndirilən şəxsi təhdid etməsinə haqq qazandırır. Bununla da qanunu pozur. Bu məhkəmə tərkibi ittiham tərəfinin dediklərini sözbəsöz təkrarlayır. Ramella Allahverdiyevanın sədrlik etdiyi məhkəmə tərkibi Xədicə İsmayılın deyil, AzadlıqRadiosunun baş ofisinin işəgötürmək səlahiyyəti olduğunu təsdiqləyən sənədləri, radionun yayımının lisenziya işlərinin Bakı bürosu tərəfindən həyata keçirilmədiyini təsdiqləyən sənədləri işə daxil etməkdən imtina edib. Məhkəmə heyəti ittiham tərəfi ilə qanunsuz həmrəylik nümayiş etdirir. Ədalətsiz qərarlar verərək vəsatətlərimizi rədd etməklə ədalətli mühakimənin həyata keçirilməsinə mane olur. Mən məhkəmə tərkibinin dəyişdirilməsini, bu üç hakimin – Ramella Allahverdiyeva, Tamilla Nəsirullayeva və Novruz Kərimovun qanunsuz əməllərinin araşdırılması üçün məhkəmə hüquq şurasına müraciət olunmasını xahiş edirəm. Novruz Kərimov təkcə qanunsuzluğa don geyindirmir, həm də protokollardakı saxtakarlığa istinad edir. Hakimin yalan danışmasının yolverilməzliyini nəzərə alaraq hesab edirəm ki, bu məhkəmə tərkibi bu işə baxa bilməz”.

Bu vəsatətə münasibət bildirən prokuror Ramazan Hadıyev prokurorluqla məhkəmənin mövqeyinin üst-üstə düşməsini məhkəmənin qərəzli olması kimi dəyərləndirmənin düzgün olmadığını bildirdi və məhkəmədən vəsatəti təmin etməməyi istədi.

Məhkəmə vəsatəti baxılmamış saxladı.

“PROKURORLUĞA DAHA BİR ŞANS VERMƏK İSTƏYİRƏM Kİ...”

Daha sonra Xədicə İsmayıl vəsatət qaldıraraq məhkəmədən onun imzası olan hər hansı müqavilə və ya ödəniş tapşırığının ortaya qoyulmasını istədi:

“İttiham aktında göstərilib ki, guya mən AzadlıqRadiosuna işçiləri xidmət müqaviləsi ilə işə cəlb edərək onların büdcəyə daha az vergi ödəməklə işləməsinə şərait yaratmışam və beləliklə də büdcəyə ziyan vurmuşam. Mənim imzam olan hər hansı müqavilə və ya ödəniş tapşırığı yoxdur, varsa, ortaya qoyun”.

Hakim vəsatəti təmin etmədi.

Daha bir vəsatət əlavə şahidlərin dindirilməsi barədə oldu. Həmin şahidlər “İnterpress” saytının redaktoru Ramal Hüseynov, “ann.az” saytının rəhbəri Nailə Bağırova və “Aznews” saytının baş redaktoru Elçin Zahiroğlu idi. Xədicə İsmayıl vəsatəti belə əsaslandırdı:

“İttiham aktında Ramal Hüseynovun ifadəsinə istinad olunub. Xahiş edirəm, çağırın onu, burda dindirin. Mən prokurorluğa daha bir şans vermək istəyirəm ki, mənim Tural Müstafayevi işləməyə qoymamağımı sübut edən bircə fakt ortaya qoysun. Burada dindirilən şahidlər bildirdilər ki, istintaqda təzyiq altında ifadə veriblər. Prokuror da burada yalan danışır ki, guya Tural Mustafayev və digərlərinə təzyiq olmayıb. Prokurora xatırladım ki, yalan danışmaq nə onun vəzifəsinə yaraşır, nə də qanunlara”.

Xədicə İsmayılın məhkəmədə əlavə şahid kimi dindirilməsini istədiyi şəxslər Tural Mustafayevin çalışıdğı saytların rəhbərləridir.

Tural Mustafayev

Tural Mustafayev

Bu vəsatətə münasibət bildirən Ramella Allahverdiyeva bildirdi ki, Tural Mustafayev və digərlərinin prosesdə istintaqdan fərqli ifadə vermələrinə məhkəmə müşavirə zamanı qiymət verəcək:

“Mustafayev burada ifadə verərkən sizə böhtan atdığını etiraf etdi. Digər bir neçə şahid də onun mövqeyini müdafiə edərək ibtidai istintaqa ifadələrindən imtina etdi. Məhkəmə bütün bunlara müşavirə otağında qiymət verəcək. Ona görə də əlavə şahidlərin dindirilməsinə ehtiyac yoxdur”.

“BİRİNCİ NÖVBƏDƏ MÖVQEYİNİZİ MÜƏYYƏNLƏŞDİRİN”

Müdafiə tərəfinin növbəti vəsatəti Konstitusiya Məhkəməsinə müraciət haqqında oldu.

“İstintaq orqanı Xədicə İsmayılı Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmədən jurnalistika fəaliyyəti ilə məşğul olmaqda günahlandırır. Xatırladım ki, dövlət başçısının 2 sentyabr 2002-ci il tarixli, bəzi fəaliyyət növlərinə lisenziya verilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı fərmanı var, bu fərmana əsasən jurnalistika fəaliyyəti lisenziya tələb edən fəaliyyət növü kimi orada öz əksini tapmayıb. Sadəcə istintaq orqanı belə fantaziya uydurub və Xədicə İsmayılın fəaliyyətini qanunsuz sahibkarlıq kimi qiymətləndirib. Ona görə də xahiş edirik ki, məhkəmə Konstitusiya Məhkəməsinə sorğu verərək, qanunvericiliyə görə jurnalistikanın lisenziya tələb edən fəaliyyət növü olub olmadığını dəqiqləşdirsin” – deyə Cavad Cavadov bildirdi.

Xədicə İsmayıl da vəkilinin bu vəsatətini müdafiə etdi:

“Bu, tamamilə fantaziyadır, sizin prezidentiniz mətbuat işçilərini yığıb deyir ki, xarici mətbuata çıxış əldə etmək lazımdır. O biri tərəfdən isə siz xarici mətbuatda jurnalist kimi fəaliyyət üçün lisenziya tələb edirsiz. Birinci növbədə mövqeyinizi müəyyənləşdirin. Mətbuat lisenziyalaşdırılmamış fəaliyyət növüdür. Bu, konstitusiyada təsbit olunmuş mətbuat azadlığı normasına uyğun olaraq belə müəyyənləşdirilib”

Hakim bu vəsatəti də təmin etmədi.

Vəkil Cavad Cavadovun daha bir vəsatəti psixiatr Araz Mahmudçaylının məhkəmədə əlavə şahid kimi dindirilməsi ilə bağlı oldu.

Tural Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimli məhkəməyə ifadəsində Turalın ciddi psixi problemlərinin olduğunu, bu üzdən adı çəkilən həkimə müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, həkim Tural Mustafayevə müalicə olunmayan psixopat diaqnozu qoymuşdu.

Məhkəmə həkimin də prosesə çağırılması ilə bağlı vəsatəti təmin etmədi.

Daha sonra vəkil Cavad Cavadov bildirdi ki, AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparılan zaman götürülmüş sənədlərin siyahısı ayrı-ayrılıqda yazılmayıb. Bu da prosessual qanunvericiliyin kobud şəkildə pozulması deməkdir. Ona görə də vəkilin dediyinə görə, həmin sənədlər sübut sayıla bilməz. Vəkil həmin sübutların siyahıdan xaric edilməsini istədi.

Xədicə İsmayıl da bu vəsatətə münasibət bildirdi:

“Bəlkə də mənim təqsirsizliyimi sübut edə sənədlər radionun ofisindən götürülüb və iş materiallarına daxil edilməyib bilərəkdən. Əgər həmin sənədlər qanunvericiliyə uyğun götürülsəydi, bu gün bu sual yaranmazdı”.

Bu vəsatət də təmin olunmadı.

“AÇIQ HAVADA GƏZMƏK, AİLƏMLƏ GÖRÜŞMƏK HÜQUQUM POZULUR”

Xədicə İsmayıl daha sonra məhkəmədən vəkilləri ilə məsləhətləşmələr aparması üçün vaxt istədi, bununla bağlı vəsatət qaldırdı:

“Mənim müdafiəçilərlə ünsiyyətimə kifayət qədər şərait yaradılmır. Məhkəmənin özündə belə vəkillərimlə məsləhətləşə bilmirəm, nəzarətçilər söhbətimizə qulaq asırlar. Müdafiəçilərimin mənə sənəd verilməsinə də maneə yaradılır. Mənim müdafiə haqqım pozulur. Digər tərəfdən də hər gün məhkəməyə gətirilməklə mənim açıq havada gəzmək, ailəmlə görüşmək hüququm da pozulur. Mən məhkəmədən bir həftə vaxt istəyirəm ki, vəkillərimlə rahat məsləhətləşmək imkanım olsun”.

Xədicə İsmayıl həm də məhkəmədən ifadə verərkən prosesə zərərçəkən Tural Mustafayevin gətirilməsini də istədi. Bildirdi ki, digər şahidlərin prosesdə dindirilməsindən sonra onun zərərçəkənə ünvanlayacağı suallar yaranıb.

Məhkəmə bu vəsatətləri də təmin etməyib. Bundan sonra fasilə elan olundu. Fasilədən sonra baş verənlər

Günün bütün mövzuları

XS
SM
MD
LG