Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 06:47

Səhəri donuz xorultusu ilə açılan məhəllə


Donuzlar
Donuzlar

-

«Gecə evimizdə yatanda da ağız-burnumuzu bağlayırıq ki, donuzların iyini hiss etməyək. Həyət-bacamız gənəylə, müxtəlif həşəratlarla doludur. Hara baxırsan, donuz leşidir. Üfunət, iyrənclik baş alıb gedir. İtlərlə, donuzlarla bir məhəllədə yaşayırıq».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Suraxanıda donuzçuluq ferması ilə eyni ərazidə yaşayan sakinlər deyir.

«ADAMLAR EVLƏRİNDƏN DİDƏRGİN DÜŞÜB»

Torpaq sahəsi alıb ev tikən yüzlərlə ailə elə yüzlərlə donuzun saxlanıldığı fermanın ərazidən köçürülməsini istəyir:

«Qapımızı bir adam açmır. Həssas orqanizmi olan adamlar var, hansı ki, üfunətə, antisanitariyaya dözə bilmədiyinə görə evindən didərgin düşüb, gedib qohum evində yaşayır. Bu qədər insanın etirazı sahibkarın vecinə də deyil. Bura əməlli-başlı yaşayış massivinə çevrilibsə, deməli, burada ferma fəaliyyət göstərə bilməz. Dövlət qurumları bu məsələyə bir əncam çəksinlər».

EVLƏRİ BİT-BİRƏ, GƏNƏ BASIB

Başqa sakin Akif Maniyev deyir, iki azyaşlı övladı var. Biri 6, digəri 8 yaşındadır. O, övladlarının həyatına görə narahatdır:

«Ekologiyanı çirkləndirirlər. Tək donuz deyil ki… Bir sürü də it saxlayırlar. Uşaqları küçəyə buraxa bilmirik. Bu məhəllədə donuz xorultusundan, it hürüşməsindən adam az qalır havalansın».

Sakinlər deyirlər, fermadakı vəziyyət məhəllədəki evlərin içərisinə də təsirini göstərib. Evlər gənə, birə ilə doludur. Bu həşəratları öldürmək üçün ev sahibləri gündəlik olaraq «dixlofos»lardan istifadə etmək məcburiyyətindədirlər. Xüsusilə də yay aylarında məhəllədə durum daha da çətinləşir:

«Donuz ölür, leşi qalır ortalıqda. Ətrafı iy basır. İtlər parçalayır, sürüyür məhəllə boyu… Vəziyyətimiz belədir».

Suraxanı rayon İcra Hakimiyyətindən bildirilib ki, ferma 5 ildir fəaliyyət göstərir və fəaliyyəti tam qanunidir.

FERMANIN AQİBƏTİ MƏHKƏMƏDƏ BİLİNƏCƏK

Raya və İdman Xəlilovlar fermanın ərazisində yaşayırlar, neçə ildir ki, donuzlara qulluq edirlər. Onlar sakinlərin iddialarını qəbul etmirlər:

«Bu torpaq sahəsi kənd təsərrüfatı üçün ayrılıb. Ferma 5 ildir fəaliyyət göstərir. Hər sənədi var. Kimlərsə sonradan gəlib fermanın böyründə ev tikiblər deyə, ferma fəaliyyətini dayandırmalıdır? Evi tikəndə görürdülər ki, burada donuzçuluq ferması var. Bu fermanın sahibinin fəaliyyət üçün hər bir sənədi var. Burada ev tikənlər gətirsinlər, görək onlarda evlərinə aid nə sənəd var?».

Sakinlər fermanın fəaliyyətinin dayandırılması üçün məhkəməyə üz tutublar. İlk məhkəmə iclası avqustun 24-nə təyin olunub. Tərəflərin mübahisəsinə Suraxanı rayon Məhkəməsində aydınlıq gətiriləcək.

XS
SM
MD
LG