Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:22

«The Washington Post» «Pravda» deyil


«The Washington Post»
«The Washington Post»

-

«The Post» yəqin tezliklə Azərbaycanın hökumətyönlü mediasından diplomatik nota alacaq; Deyəsən, Rusiya düşünür ki, Armavirin əhatə dairəsində boşluqlar var. Belə çıxır, Azərbaycanın tələblərinə razılaşacaqlar? – 18 avqust Qərb mediasının icmalı.

Azərbaycan «The Washington Post»u və Vaşinqtonu anlamaqda çətinlik çəkir

«Kimsə Azərbaycana başa salmalıdır ki, «The Washington Post» «Pravda» deyil. Azad media anlayışını birbaşa mənada anlamaq Azərbaycan hökumətini azından Amerikanın xarici siyasəti barədə bir sıra ağır düşüncələrdən xilas edərdi». eurasianet.org saytında Giorgi Lomsadze belə yazır.

Müəllif bu yaxınlarda rəsmi «Azərbaycan» qəzetinin bir məqaləsinə diqqət çəkir. Qəzet «The Washington Post»u Azərbaycanla ABŞ arasında «atəşkəsi pozmaqda» ittiham edirdi.

«Əlbəttə, formal olaraq belə bir «atəşkəs» mövcud deyil. Məsələ bundadır ki, Bakı ABŞ rəsmilərinin, özəlliklə enerji məsələləri üzrə xüsusi elçi Amos Hochstein-in səfərlərini özlüyündə elə yozub ki, guya Vaşinqton Azərbaycanda insan haqlarının durumunun tənqidindən əl çəkir və qarşılıqlı münasibətlər karbohidrogenlərə fokuslanır».

«Ancaq birdən «The Post» çıxıb hökuməti hüquq müdafiəçisi Leyla Yunus və əri Arif Yunusun məhkəməsinə görə sərt tənqid edir. Yəqin Bakıda «The Post»a hökumətin «əsas ruporları»ndan biri kimi baxırlar. Rəsmi rupor olan «Azərbaycan» isə tənqidi anlamadığını iddia edir».

Müəllif Yunuslara verilən cəzanı beynəlxalq ictimaiyyətin pisləməsindən bəhs edir, Dövlət Departamenti də hökmdən «bərk narahat» olduğunu bəyan edib.

«Bu heç də o demək deyil ki, yazar «Voterqeyt» və ya «Pentaqon sənədləri» qalmaqalları barədə eşitməyib və ABŞ mediasının Dövlət Departamentinin müti əlavəsi olduğunu düşünür. Azərbaycan hökuməti doğrudan da əlaltısı olan media vasitəsilə öz baxışlarını yerli və beynəlxalq izləyicilərə çatdırır. Bu tipli redaksiya məqalələri isə ölkə elitasının müstəqil medianı alababat anladığını göstərir. Bu səbəbdən Bakı Vaşinqtonu da çətin anlayır».

«Ola bilsin, Vaşinqtonun Bakıyla hərbi vəziyyətdə olmasından heç xəbəri də olmayıb, o ki qaldı münasibətlərin istiləşməsindən. İndi «Azərbaycan» qəzeti tezliklə daha bir məqalə dərc edər. «The Washington Post» avqustun 16-da yaydığı redaksiya məqaləsində Yunusların «qəddar avtokratın şıltaqlığı nəticəsində həbsdə çürüdüyünü» yazıb. Yəqin ki, «The Post» tezliklə Azərbaycanın hökumətyönlü mediasından diplomatik nota alacaq».

«Voronej-DM» RLS
«Voronej-DM» RLS

RUSİYA AZƏRBAYCANDA HƏRBİ RADAR TİKƏCƏYİNİ DEYİR

«Rusiya 2017-ci ildə Azərbaycanda radar obyektləri quraşdırmağı planlaşdırır. Bu məlumatı Rusiya Müdafiə Nazirliyinə məxsus televiziya kanalı yayıb. Bakı 2012-ci ildə Qəbələdə radar sisteminin icarəsini uzatmaqdan imtina edəndən sonra bu, Rusiyanın Azərbaycanda ilk hərbi qurğusu ola bilər».

eurasianet.org saytında Joshua Kucera yazır ki, «Zvezda» televiziyası Rusiyanın planlarını açıqlayıb. Planlara Azərbaycanda «Voronej-DM» radarının quraşdırılması da daxildir:

««Voronej» stansiyalarının qurulması prosesi təkcə Rusiyada getmir. 2017-ci ildə Azərbaycanda da quraşdırmaq planları var. Bu qurğu Qəbələdə köhnə «Daryal»ın yerində tikiləcək. Yeni stansiya tamamilə Rusiyanın nəzarətində olacaq.

Planlaşdırılan sistem Şimali Qafqazda - Armavirdəki «Voronej» RLS-in əlavəsi olacaq. Bu radar Cənubi Avropadan Şimali Afrikaya qədər hava sərhədlərini əhatə edir. «Zvezda»nın məlumatına görə, Azərbaycandakı radar Armavir stansiyasının yetmədiyi regionları əhatə edəcək».

Müəllif hələlik Azərbaycanın hökumət rəsmilərinin bu məlumatı şərh etməmələrinə diqqət çəkir. Media orqanlarından isə bircə haqqin.az bu barədə yazıb, başlığını da, ola bilsin, siyasi təsirini nəzərə alaraq bir az şişirdib: «Rusiya Azərbaycanda hərbi baza tikməyə hazırlaşır».

«Bakıyla Moskva 2011-ci ildə Qəbələ RLS-in icarə müqaviləsinin yenilənməsini müzakirə edəndə, Azərbaycanın əsas tələbi kirayə haqqını artırmaq idi. Eləcə də orada işləyən azərbaycanlıların, xidmət göstərən yerli şirkətlərin sayının artırılması tələb olunurdu. Hər halda Moskva tələbləri əlverişli saymadı, imtina etdi, dedi ki, Armavir stansiyası kifayətdir».

Müəllif sual edir ki, bəs onda nə dəyişib? «Deyəsən, Rusiya düşünür ki, Armavirin əhatə dairəsində boşluqlar var. Belə çıxır, Azərbaycanın tələblərinə razılaşacaqlar? Yoxsa Azərbaycan nəyisə güzəştə gedəcək? Bizimlə qalın».

XS
SM
MD
LG