Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:42

Soyuq hava qaz və işıq problemini yenidən qabartdı


Əksər bölgələrdə enerjilə bağlı məhdudiyyətlər iki ay əvvəldən tətbiq olunmağa başlayıb

Əksər bölgələrdə enerjilə bağlı məhdudiyyətlər iki ay əvvəldən tətbiq olunmağa başlayıb

Zaman Həsənov Bakının Binəqədi rayonunda yaşayır. Havanın soyumağa başladığı bir həftə ərzində işıq fasilələrlə, qaz da zəif təzyiqlə verildiyindən ötən il olduğu kimi o, bu il də qaz balonundan istifadə etməklə problemdən qurtulmaq istəyir. Cənab Həsənov hesab edir ki, yəqin şəhəri qaz və elektrik enerjisilə təmin edən idarələrin gücü elə bu qədərdir: «Yoxsa, bazar iqtisadiyyatı şəraitində kim istəməz ki, yaxşı xidmət göstərib, yaxşı da qazansın».

Paytaxtın başqa bir sakini Sənubər Məmmədova isə işıqla bağlı problemlərinin olmadığını deyir: «Çünki həyətimizdə bir millət vəkili yaşayır, ona görə bu məsələdə heç bir problemimiz yoxdur».


Qazla bağlı vəziyyətə gəlincə isə, Sənubər xanım hər gün saat 6-dan sonra problemlə üzləşdiklərini deyir və zarafatyana onu da əlavə edir ki, gərək növbəti seçkilərdə çalışaq ki, məhləmizdən bir nəfər də deputat olsun.



«Çünki həyətimizdə bir millət vəkili yaşayır, ona görə bu məsələdə heç bir problemimiz yoxdur»
«Azəriqaz» Səhmdar Cəmiyyətində isə hesab edirlər ki, havaların xeyli soyumasına baxmayaraq, hələ ki, əhalinin qazla təminatında elə bir ciddi problem yaranmayıb. Cəmiyyətin Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı bildirir ki, bu ilin avqustunda qazpulunun verilməməsi səbəbindən qaz təminatı dayandırılan rayonların hamısında, bəzi yaşayış məntəqələri istisna olmaqla, bu məhdudiyyət aradan qaldırılb. Amma son ayda qazpulunun yığılmasında yenidən problemlərin müşahidə olunduğunu deyən cənab Eyvazlıya görə, bu baxımdan bəzi rayonlara verilən qaz yenidən dayandırıla bilər.

«Azenerji» Səhmdar Cəmiyyətində də vəziyyətin normal olduğunu deyirlər. Cəmiyyətin baş mühəndisi Saleh Məmmədova görə, bəzi texniki səbəblərdən noyabrın 19-da «Şimaldres»də bir blokun fəaliyyəti müvəqqəti dayandırıldığından şəhərin bir sıra yerlərində iki saat enerji məhdudiyyəti olub. İndi belə bir məhdudiyyət yoxdur, hətta ötən illə müqayisədə istehlakçılara verilən elektrik enerjisinin həcmi təxminən 10 faiz artırılıb: «Bakı və ətraf qəsəbələrə enerji 10 faiz artımla verilir».


«Barmek» şirkətinin gedişindən sonra Bakı şəhərinin enerji təminatını öz üzərinə götürən «Bakıelektrikşəbəkə» isə keçid dövrü olduğundan paytaxt sakinlərinə tam təminat verə bilmir. Qurumun Müştəri Xidmətləri Şöbəsində Abonent Etirazları Komissiyasının sədri İsgəndər Məmmədov deyir ki, əhaliyə enerji təminatında problemlərin olmayacağı barədə söz vermək olduqca məsuliyyətli bir məsələdir. Birincisi ona görə ki, soyuq, yağmurlu qış hələ qabaqdadır, ikincisi də ki, «Bakıelektrikşəbəkə» bu sahəni «Barmek»dən yeni təhvil götürüb.


Azərbaycanın digər rayonlarında enerji təminatı ilə bağlı məsələlərə gəldikdə isə, artıq ötən il olduğu kimi, əksər bölgələrdə enerjilə bağlı məhdudiyyətlər iki ay əvvəldən tətbiq olunmağa başlayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG