Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:38

- Təkrarolunmaz rus rokçusu Viktor Soy 1990-cı ilin 14 avqustunda həlak olmuşdu. Ölümündən 25 il sonra - bu gün də bütün keçmiş Sovet İttifaqında onun fanatları çoxdur. Amerikanın, Avropanın yollarında avtomobilində Viktor Soyu dinləyərək yol gedən azərbaycanlılar var.

Ruslar onu bu sözlərlə anırlar: "В иконостасе русского рока, кроме Цоя, нет никого. Он и зияющая пустота. Цой исчез, а пустота осталась."

V.Soyun azərbaycanlı fanatlarından birinin, mərhum şair Adil Mirseyidin yazısını təqdim edirik.

Adil Mirseyid

Viktor Soy əfsanəsi

O, bir ağac əkmişdi, ona elə gəlirdi ki, əkdiyi ağac onun dostudu, sirdaşıdı, oğludu, qardaşıdı, bir sözlə, ömrünün mənasıdı…

O, bir ağac əkmişdi və bu ağacın ömrünün az olacağı onun ürəyinə dammışdı…

O, şeir yazardı, musiqi bəstələyərdi, gitarasını bağrına basıb yanıq səslə nəğmələr oxuyardı. Rəsm çəkərdi, içki içərdi. Ürəyə daman, ağla gələn bir gün başa gəldi. 28 yaşında bir avtomobil qəzasında həlak oldu…

Adil Mirseyid, 2012

Adil Mirseyid, 2012

Keçən əsrin 80-ci illərinin məşhur “Kino” rok qrupunu yəqin ki, xatırlayırsınız.

Rejissor Rəşid Nuqmanovun “İynə” filmini gördüyünüzə əminəm.

İyirmi yaşlı oğlum “Kino” rok qrupunun musiqisini dinləmir, “İynə” filmini də bəyənmir. Amma “Kino” qrupunun musiqisi 80-ci illərdə çox populyar idi, mən hələ də o qrupun 45-lik disklərini qoruyub saxlayıram.

“Kino” qrupunun döyünən qəlbi Viktor Soy idi. Rəssam, şair, bəstəkar, aranjemançı və aktyor Viktor Soy. Cəmi iyirmi səkkiz bahar ömür sürmüş fenomen Viktor Soy.

Səksənincilər, bir daha Viktoru xatırlayın. İyirmi yaşlı oğlumun yaşıdları, Viktor Soyu dinləyin, mən bu yazını sizinçün yazıram.

Amma öncə Viktor Soyun xatirəsinə bəstələdiyim şeiri oxumaq istəyirəm. Səsim yoxdu, gitara da çala bilmirəm, amma bu nəğməni axıra qədər dinləyin:

öz nəğməmi oxudum
öz şərabımı içdim
min yol vardı önümdə
min birincini seçdim.

qəhrəman deyiləm yox
sonuncu lirikəm mən
sonuncu gerçək aşiq
unudub bizi vətən.

bir ruh çağırır məni
dağların ötəsində
bir müjdə gözləyirəm
bu cümə ertəsində.

hələ də qara sevda
havası var başımda
xarakiri etmədim
iyirmi bir yaşımda.

Bu nəğməni Viktor Soyun ruhuna bağışlayıram.

***

Viktor 1962-ci ildə Leninqradda mühəndis Robert Maksimoviç Soyun ailəsində doğulub. Anası Valentina Vasilyevna idman müəllimi idi. Səkkizinci sinfə qədər Viktor anası ilə birlikdə üç məktəb dəyişib.

Səkkizinci sinifi bitirdikdən sonra V.Serov adına rəssamlıq məktəbinə daxil olur, iki ildən sonra rəssamlıq məktəbindən gedir, texniki peşə məktəbində ağac üzərində oyma sənətinə yiyələnir. Dostlarının dediyinə görə, o illərdə Vitya sakit, təvazökar, özünü gözə soxmağı bacarmayan, çox utancaq bir yeniyetmə idi.

O, saatlarla gitara çalardı. Yadımdadı, o vaxtlar “Duran-Duran” qrupunun melodiyaları və Boriç Qrebeşnikovun “Akvarium”u çox populyardı.

1981-ci ilin yayı. Soy Aleksey Rıbin və Oleq Volinski ilə birlikdə “Qarin i Qiperboloidı” qrupunu yaradırlar.

Elə həmən ilin payızında Leninqrad rok-klubunda qrupun ilk konserti baş tutur.

Vitya banan şalvar geyirdi, “banan” hələ dəbdə deyildi, “Mendess” qrupunun “Baqqi tauzer” (“Kilsə şalvarlar”) plastikasının üz qabığındakı fotoda artıq beş qitədə tanınan musiqiçilər belə şalvarlar geymişdilər, Soyun hiperboloidi də hardasa onları təqlid eləyirdi, Leninqradda bu gənclərə bir az başdanxarab uşaqlar kimi baxırdılar.

Aradan iki-üç il keçəndən sonra sovet gəncliyinin qızıl oğlanları “banan” geyməyə başladı.

Leninqradda ikiotaqlı “xruşovka”, bu gün Vitkanın kefi kökdü, o bu gün “qara bazarda” üç “əsərini” sata bilib – bu “əsərlər” vatman üzərində quaşla çəkilmiş portretlərdi. Vitka Elis Kuper, Piter Qabriel, Stiv Nou, Con Lennon və bir sıra başqa sevimli musiqiçilərinin şəkillərini çəkib tolkuçkada biri beş manatdan satardı.

Bu gün uğurlu gündü, o, üç portret satıb, cibində on beş rubl var, bu on beş rubl ona rahatlıq vermir – indi dostlarla çaxır içmək olar.

Kimsə Vitkaya “With the Beatles” albomunu bağışlayıb, – o hər gün bu albomu dinləyir…

***

“Qarin i Qiperboloidı” qrupunun ömrü çox az oldu. 1982-ci ildə “Kino” rok-qrupu “45″ adlı ilk albomunu yazdırdı. Albomda Viktorun öz sözlərinə bəstələdiyi on dörd nəğmə toplanıb.

Viktor Soy – vokal, gitara, Aleksey Rıbin – gitara, Boris Qrebeşnikov – gitara, metallofon, Mixail Vasilyev – zərb alətləri.

İlk albom və ilk uğur, bu uğur qeyri-rəsmi uğurdu. “Kino” “Akvarium”un musiqiçiləri ilə birlikdə rok-klubda konsert verir.

Daha bir uğur, amma Viktor bir nəğməsində dediyi kimi, “Vremya est, a deneq net”. Rok-klubdakı konsertlərinə görə musiqiçilərə qonorar ödənmirdi. (davamı aşağıda)

O vaxtlar Piterdə mənzil konsertləri, “kvartirnıe konsertı” dəbə düşmüşdü.

Belə konsertlərin dinləyiciləri əsasən rok musiqisinə maraqlı universitet tələbələriydi, mənzil konsertlərin bileti iki-üç rubl idi və musiqiçilər konsertdən həmən sonra paralarını alıb ciblərinə qoyardılar.

Mənzil konsertlərdə adətən əlli-altmış adam yığışardı. Burda musiqiçiləri alqışlamaq, fit çalmaq, qonşuları narahat etmək olmazdı.

Qonşunuz bir balaca narahat olsaydı, sovet milisi də sizi bir balaca narahat edəcəkdi, hələ qəribə geyimləriniz, uzun saçlarınız, şübhəli kimliyiniz, ictimai-faydalı əməkdən yayınmağınız və s. və i.

Yeri gəlmişkən, Viktorun həmyerlisi Nobel mükafatçısı, şair İosif Brodskinin tərcümeyi-halından ibrətamiz bir olayı gəlin bir daha xatırlayaq.

Şairə necə yanaşmağı öyrətmək istəyən sistem “faydalı əmək”lə məşğul olmayan şairə məhkəmə qurdu. Günahının nədən ibarət olduğunu anlamayan şairə hakim üç dəfə eyni sualla müraciət edir.

- Siz niyə faydalı əməklə məşğul olmursunuz?
- Mən məşğul oluram. Mən şeir yazıram.
- Nə səbəbdən işləmirsiniz?
- Mən işləyirəm. Mən şeir yazıram.
- Niyə bir sənətə yiyələnmirsiniz?
- Mənim sənətim var. Mən şeir yazıram.

İosif Brodski belə bir dünyanın şairi idi. Cəlayi-vətən oldu. Qürbətdə Nobel mükafatı aldı.

Leninqradlı rəssam Mixail Şemyakin də oxşar tale yaşadı, sosializm-realizm ideologiyası çərçivələrinə sığmayan rəssam KQB-yə çağırıldı. KQB qayğısıyla sonra “ruhi xəstəxanada” müalicə olundu. O da cəlayi-vətən oldu.

Bir də belə bir rəssam vardı – Əşrəf Muradoğlu. Deyəcəksiniz ki, minlərlə, onminlərlə insan taleyinin şikəst edildiyi bir sistemdə İosif Brodskinin və Mixail Şemyakinin bəxti gətirib.

Viktor Soy da o mühitin içindəydi.

Viktor Soyun musiqisi axına qarşı üzənlərin musiqisidi.

***

Vitya “koçeqar” idi. O, qazanxanaçı maaşı ilə keçinirdi. Metro ilə işə gedib gəlirdi. Bayırda “yenidənqurma” rüzgarları əsirdi. Qəzetlər istedadlı musiqiçi haqqında məqalələr, intervülər çap etməyə vaxt tapdı, arabir o, televizorda görünməyə başladı.

Bir dəfə Vityanın işlədiyi qazanxanaya bir adam gəlib qışqır-bağır salır, qazanxanaçını, yəni Viktor Soyu hədələyib asıb-kəsir. Və birdən adamın matı-mutu quruyur: “Siz burda neynəyirsiniz, siz ki Viktor Soysunuz”.

1985-ci ilin fevral ayında Viktor dörd il öncə tanış olduğu Marianna ilə evlənir.

Bir il əvvəl “Kino” ikinci rok-festivalın qalibi olub, “Naçalnik Kamçatki” albomunu yazdırıb. Kiyevdə “Tətilin sonu”, rejissor Aleksey Uçitelin “Rok” adlı filmində çəkilib.

Viktor Soy Piterin ən tanınmış adamlarından biridi, amma hələ də qazanxanada işləyir.

Şeir yazır, musiqi bəstələyir və oğul böyüdür. Onun Saşa adlı oğlu dünyaya gəlib.

Viktor Soy pələng bürcündəndi, qoroskopa görə bu bürc altında doğulanlar adətən uzun yaşamırlar.

***

Viktorun səsi sovetlər birliyinin sınırlarına sığmırdı, onun səsi sınırları aşdı, Parisdən, Nyu-Yorkdan, Los-Ancelosdan, Tokiodan gəldi.

Nyu-Yorkda onu krallar kimi qarşıladılar, içində barı və televizoru olan ağ limuzin gözləyirdi – 80-ci illərdə bu, sovet adamı üçün bir möcüzəydi, əsl möcüzə.

Viktor oğlunun anası Mariannadan ayrılır, Moskvaya köçür, ikinci dəfə evlənir. İkinci arvadı Nataşa ilə Amerikaya uçur, Amerikaya qədəm basdıqları gün Nataşanı Disneylendə aparır. O, Disneylenddə özünün yaşanmamış uşaqlığına qovuşdu. Viktor Soy kimi adamlar yaşa dolsalar da, qəlblərinin dərinliyində həmişə çocuq olaraq qalırlar. O, içindəki çocuq xəyallarına qovuşmuşdu. O, həyatda arzuladığı hər şeyə nail olmuşdu.

***

1990-cı ilin yayı. İyunun 24-də “Kino” Moskvada, “Lujniki”də konsert verir. Altmış iki min adam onları ayaq üstə alqışlayır, – kimin ağlına gələrdi ki, bu konsert “Kino” qrupunun son konserti olacaq, əlbəttə, o konsertdə iştirak edən altmış iki min adamın heç biri buna inanmazdı.

***

Viktor Leninqradda doğulmuşdu. O, əsl piterli idi. Pasportunda milliyyəti rus olaraq qeyd olunmuşdu.

Alma-Atada, “İynə” filmində baş rolda çəkildiyi günlərdə Alma-Atada yaşayan koreyalılar pərvanə kimi onun başına dolanırdılar, o, ilk dəfə özünü koreyalı kimi hiss edirdi, axşamlar koreya restoranında dincəlirdi.

1990-cı ilin avqustunda Viktor Riqa yaxınlığında dincəlirdi. Avqustun on beşində səhər tezdən, hələ xoruz banlamamış yuxudan durub motosikletlə balıq ovuna yollandı. Və bir daha geri dönmədi – avtomobil qəzasında həlak oldu.

İyirmi səkkiz yaşında əbədiyyətə qovuşub əfsanə oldu…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG