Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:39

-

Bir ildir ki, Azərbaycanda ictimai fəalları xarici səfər öncəsi bir sual düşündürür: “Adımın qarşısında “stop!” varmı görəsən?!

Söhbət xaricə səfər etmək istəyənlərin sərhəddə saxlanılmasından, onlara ölkədən çıxış qadağasının qoyulmasından gedir.

Hökuməti tənqid edən “Meydan TV”nin müxbiri, 11 ilin jurnalisti Aytən Fərhadova barəsində heç bir cinayət işi olmadığı, şahid kimi də istintaqa cəlb edilmədiyi halda bu il iyunun 30-da Gürcüstana gedərkən saxlanılıb (jurnalistin müraciətindən sonra qadağa götürülüb).

O, sərhəddən geri qaytarılanda keçirdiyi hissləri belə ifadə edir: “Adam özünü məhbus kimi hiss edir. Günahının nə olduğunu, nəyə görə saxlanıldığını anlamırsan”.

Barəsində cinayət işi olmayan, bir neçə işdə şahid kimi adı keçən ReAL Hərəkatının icra katibi Natiq Cəfərli ötən ilin oktyabrında, səhər saat 5 radələrində Bakı aeroportunda sərhədi keçmək istəyəndə məlum olub ki, adının qarşısında “Stop!” var:

Natiq Cəfərli

Natiq Cəfərli

“Polşaya konfransa gedirdim, qayıtdım gəldim, baş prokurorluğa məktub yazdım, qadağanın səbəbini soruşdum, hələ də cavab almamışam”.

Natiq Cəfərli deyir ki, ola bilsin ki, məqsəd onun xaricdəki tədbirlərdə çıxışlarının qarşısını almaqdır: “Mən əslən Gürcüstandanam. Atam-anam orda yaşayır. Gedib onları görə bilmirəm”.

Mən əslən Gürcüstandanam. Atam-anam orda yaşayır. Gedib onları görə bilmirəm.

Əsasən ictimai fəalları müdafiə edən vəkil Yalçın İmanov deyir ki, son vaxtlar ictimai fəalları, siyasətçiləri belə “cəzalandırma” halları artıb, bu da qanunsuzdur.

Hüquqşünas Müzəffər Baxışov deyir ki, Miqrasiya Məcəlləsinə görə,şahid kimi istintaqa cəlb edilmiş şəxslərə ölkədən çıxma qadağası qoyula bilməz: “Amma əgər şəxsin barəsində cinayət işi varsa və o, təqsirləndirən şəxs qismində istintaqa cəlb olunubsa, belə şəxslər saxlanıla bilər. Amma şahidlər heç bir halda saxlanıla bilməz”.

Vətənində sürgünlər?

Azərbaycan Miqrasiya Mərkəzinin mühacirətdə olan sədri Əlövsət Əliyev bu haqda öz Facebook statusunda yazır ki, hakimiyyət sərhədləri bağlamaqla fəallara təzyiq edir:

“Hətta vəhşi təbiət, sıldırım qayalar, həyat üçün çox riskli, sirli okean suları, sürüşmələr, vəhşi dağ çayları heyvanların və insanların köçünün qarşısını ala bilmir. Getmək istəyəni heç cür saxlamaq olmur.

Əlövsət Əliyev

Əlövsət Əliyev

Lakin bunların Azərbaycana aidiyyati yoxdur. Ona görə də dünyada hərəkətin məhdudlaşdırılması ilə bağlı “cəza” yalnız Azərbaycanda ağırlaşmaqda davam edir. Əli Kərimli , Aynur İmranova, Natiq Cəfərli, ”Meydan” TV və “Azərbaycan saatı”nın əməkdaşları, yüzlərlə səsini çıxara bilməyən iş adamı, bankların girovuna çevrilən minlərlə fiziki şəxs ölkədən çıxışına qoyulan qadağalara görə vətənlərində sürgün həyatı yaşamaqdadır. Azərbaycan bu sahədə vəhşi təbiət qanunlarından da sərt olan “qaydalarla” idarə olunur”.

Baş prokurorluqdan gün ərzində zənglərimizə cavab verən olmadı.

Azərbaycan prezidenti İlham Əliyev ictimai çıxışlarında ölkədə hüquq və azadlıqların təmin olunduğunu bildirir. “Bizim seçimimiz demokratiya, sülh, multikulturalizm, əməkdaşlıqdır», deyə Əliyev bu ilin aprelində deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG