Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:58

- "Bəlkə kimsə gözləyə bilər ki, bu sətirlərin müəllifi axırda Azərbaycan üçün getdikcə adiləşən, sadələşən bu qorxunc mənzərə qarşısında “nə etməli” sualını qoysun və ona cavab axtarsın..."

Elnur Astanbəyli

Qatilini gözləyərkən

Dünən saytlarda Bakıda baş verən bir bıçaqlanma hadisəsi barədə yazılmışdı, sitat: “Astara rayon sakini Yaqubov Rauf 11.08.2015 tarixində qayını Feyziyev Ilham tərəfindən sol baldırından 6 bıçaq zərbəsi ilə Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib”.

Hadisənin motivi isə belədir: “8 il bundan əvvəl Raufun övladı dünyaya gəlib.

Həmin zaman Raufun övladına nəvaziş göstərməsini, onun beşiyini yelləməsini İlham lağla qarşılayırmış. İlham Raufa ”sən kişi deyilsən, uşağın beşiyini yelləyirsən, qadın işi görürsən" deyirmiş.

İllər ötür, Raufun qaynı İlham evlənir və onun da bir övladı dünyaya gəlir. İlham da eynən yeznəsi kimi övladına nəvaziş göstərir, körpənin beşiyini yelləyirmiş.

Bunu görən Rauf 8 il əvvəl ona deyilən sözü unutmayıb və qaynına qaytarır. “Sən kişi deyilsən, uşağın beşiyini yelləyirsən, qadın işi görürsən.”

Siz allah, 2015-ci ildə bu ölkə insanının bir-birinin həyatına düşmən kəsilmək səbəbinə baxın!

Bu sözdən sonra yeznə-qayın bir neçə dəfə görüşür, amma aralarında heç bir münaqişə, söz-söhbət olmur. Avqustun 11-də isə telefonla danışan yeznə-qayının arasında mübahisə yaranır və görüş təyin edirlər.

“Elmlər Akademiyası” metrostansiyası ətrafında görüşürlər və qayın yeznəsini sol baldırından 6 bıçaq zərbəsi vurur. Yeznəsini bıçaqla vurduqdan sonra isə hadisə yerini tərk edir".

Siz allah, 2015-ci ildə bu ölkə insanının bir-birinin həyatına düşmən kəsilmək səbəbinə baxın! Bunu nə romanlarda oxumaq, nə kitablarda görmək mümkündür.

***

“Bir ölkəni yaxından tanımaq istəyirsinizsə, o ölkədə insanların necə öldüklərinə baxın” - Albert Kamyu deyirdi.

Məncə, böyük yazıçı səhv edir. Azərbaycandakı ölümlərə, insan həyatına qəsdlərə baxıb onu nəinki yaxından, heç uzaqdan da tanımaq çətindir.

Çünki bizdəki ölüm, qətl, ümumiyyətlə, adamların bir-birinə qarşı qənimkəsilmə səbəblərinə anlamaqda, dərk etməkdə normal insan ağlı, məntiqi, şüuru acizdir, çarəsizdir.

Görün 21-ci əsrdə nə üstündə yabalaşırıq, bıçaqlaşırıq, əlimizə balta, dəhrə götürüb bir-birimizin qanına susayırıq, ölüb-öldürürük? Toyda mahnı “zakaz”ı üstdə, Facebook statusuna görə, nə bilim, uşaq beşiyi yelləməkdən ötrü.

Mərhum Rafiq Tağının yaxşı bir sözü var idi, deyirdi, Azərbaycan elə bir ölkədir ki, avtobusda yanında oturan adamın bıçağı çıxarıb qəfil qarnına soxacağına heç bir təminat yoxdur.

Bax belə bir axmaq vəziyyətə düşmüşük. Ona görə də Azərbaycanda yaşamaq yox, ancaq sağ qalmaq uğrunda mübarizədən danışmaq olar.

Kimin haçan, harda, hansı mənasız, düşük, axmaq səbəblə öləcəyini, öldürüləcəyini proqnozlaşdırmaq mümkün deyil.

Əlbəttə, heç nə insan canına qəsd etmək üçün əsas yaratmır. Amma bizdə situasiya həqiqətən əndazəni aşıb, tamamilə idbarlaşıb, iyrəncləşib.

Üstəlik, bütün bunlar o ölkədə baş verir ki, orada çoxluq hər cür ictimai təhqiri, həqarəti, aşağılanmanı rahatlıqla qəbul və həzm edir.

Hər sözün başına rahatlıqla ip salıb yabaya, baltaya, dəhrəyə, bıçağa sarılanlar səslərinin saxtalaşdırılmasına, milli sərvətlərin talan edilməsinə, haqlarını bir ovuc adamın qəsb etməsinə rahatca dözürlər, özlərinin bu zəngin torpaqlar üzərində səfil kökündə, xirtdəyəcən borc içində, kredit bataqlığında yaşamalarını sinəyə çəkirlər.

Lap Üzeyir Hacıbəyovun məşhur felyetonlarından birində yazdığı kimi:

“Sual: Bizə nə lazımdır? Cavab: Dinc-dinməz oturub, öz hüquq və ixtiyaratını almaq üçün mübarizə edən millətlərə tamaşa etmək. Məşğuliyyət üçün bir-birimizi öldürmək. Qanlılıq salmaq, amma heç vaxt ”heç bir kağıza qol qoymamaq və heç bir məclisdə iştirak etməmək..."

Vəziyyət doğrudan da, ağırdır. Dəyərli dostumuz Elmir Mirzəyevin sözü olmasın, hətta düşündüyümüzdən də ağırdır. Bir yanda kriminal idarəetmə. O biri yanda kriminal mahiyyətli mental təfəkkür.

İkisinin möhtəşəm, ayrılmaz, əbədi və əzəli vəhdəti, sonda isə ortaya çıxan acı, 21-ci əsr üçün həm gülünc görünən, həm də ikrah doğuran mənzərə.

***

Bəlkə kimsə gözləyə bilər ki, bu sətirlərin müəllifi axırda Azərbaycan üçün getdikcə adiləşən, sadələşən bu qorxunc mənzərə qarşısında “nə etməli” sualını qoysun və ona cavab axtarsın.

Məncə, heç gərək yoxdur.

Ən yaxşısı budur, hərə oturub öz qatilini gözləsin.

"Azadlıq" qəzeti

Günün bütün mövzuları

XS
SM
MD
LG