Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:43

Azərbaycanda alternativ Mətbuat Şurası yarana bilər


Qənimət Zahid aksiyanı dayandırmayacağını bəyan edib. 20 noyabr 2006-cı il

Qənimət Zahid aksiyanı dayandırmayacağını bəyan edib. 20 noyabr 2006-cı il

Redaktorlar Birliyinin üzvləri alternativ Mətbuat Şurası yaradacaqlarını deyirlər. Redaktorlar bu qərarı noyabrın 20-də «Azadlıq» qəzetinin redaksiyasında aclıq aksiyası keçirən həmkarlarının yanında toplaşıb vəziyyəti müzakirə etdikdən sonra veriblər. «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu deyir ki, Mətbuat Şurasının «Azadlıq» qəzetinin redaksiyasında keçirilən aclıq aksiyası və ümumilikdə mətbuata qarşı baş verənlərlə bağlı mövqeyi onları qane etmir: «Mətbuat Şurası qısa müddətdə sədr səviyyəsində bu məsələ ilə bağlı bəyanat yayıb, konkret mövqe ortaya qoymalıdır. Əks təqdirdə, biz Mətbuat Şurasını tərk edib alternativ Mətbuat Şurası yaradacağıq».


Toplantı zamanı redaktorların xahişinə baxmayaraq, artıq 12-ci gündür aclıq edən «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid aksiyanı dayandırmayacağını bəyan etdi. Onun bu bəyanatından sonra 4 nəfər redaktorun da noyabrın 21-dən müddətsiz aclıq aksiyasına qoşulması barədə qərar verildi.


Redaktorlar Birliyi partiya liderlərini, millət vəkillərini, qəzet redaktorlarını noyabrın 21-də «Azadlıq» qəzetinə dəvət etmək barədə də qərar qəbul etdi. Redaktorlar Prezident Aparatı, parlament və Bakı meriyasının binaları qarşısında etiraz aksiyaları keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət hazırlayır.


Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirir ki, «Azadlıq» qəzetinin və «Turan» İnformasiya Agentliyinin Xəqani küçəsi-33 ünvanında yerləşən binadan çıxarılmaları onu ciddi narahat edir. Onun fikrincə, bu cür məsələlər hüquqi müstəvidə həll olunmalıdır. Mətbuat Şurasını tərk etmək və alternativ qurum yaratmaq barədə təkliflərə gəlincə, «bu fikirlər mənim üçün də maraqlıdır. Bizim bir yerdə dayanmamağımız, inkişaf etməyimiz üçün nə yararlıdırsa, mən onun tərəfdarıyam», -deyir.


Cənab Amaşov deyir ki, «Azadlıq» qəzeti və «Turan» İnformasiya Agentliyinin həmin binada qalmalarını istəyir. Ancaq əgər binadan çıxarılarlarsa, veriləcək yerlər həmin KİV rəhbərləri ilə razılaşdırılmalıdır.


Redaktorlar isə ümumiyyətlə, qəzetin binadan çıxarılıb-çıxarılmaması barədə müzakirə açmağın əleyhinədirlər.


Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin «Azadlıq» qəzeti və KİV redaksiyalarının icarə haqqını ödəməməsini əsas gətirərək, onların «Xəqani-33» ünvanında yerləşən binanı boşaltması ilə bağlı 1 saylı Yerli İqtisad Məhkəməsində iddia qaldırıb. Dövlət Komitəsinin bu addımına və mətbuata təzyiqlərə etiraz əlaməti olaraq «Azadlıq» qəzeti redaksiyasında noyabrın 9-dan aclıq aksiyası başlayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG