Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:42

Məni bir ingilis killeri vurdu


Zülfüqar Rüfətoğlu
Zülfüqar Rüfətoğlu

- Zülfüqar Rüfətoğlu

Yeri gəlmişkən

Yenə Vaterloda veyillənirdim,
Hava da sərindi, yeri gəlmişkən,
Yıxılıb düşdüyüm gölməçə mənim,
Temzadan dərindi yeri gəlmişkən...

Özümü yetirdim qədim bir paba,
Tərslikdən yox idi bircə boş masa,
O anda nə qədər xoşbəxt olardım,
Bir alkaş getməkçün ayağa qalxsa...

Küncdəki masada oturan qadın,
Mənə çox baxırdı, yeri gəlmişkən,
Görüb üzümdəki çarəsizliyi
Yanına çağırdı yeri gəlmişkən...

Gözləri səmaydı, saçları günəş,
Səma da, günəş də mənə tanışdı,
Mən də bir girdirmə ingilis kimi,
Əvvəlcə havadan bir az danışdım.

Masanın altında zənbili vardı,
Söhbətçün bu idi gözümə dəyən,
Aşkarca, mənasız bir sual verdim:
“Milad bazarlığı etmisiz, deyən”...

Onun bu sualdan dodağı qaçdı,
Yerinə düşmüşdü, yeri gəlmişkən,
Mənə göstərməkçün çantanı açdı,
Bayram sovqatıydı, yeri gəmişkən...

Bir-bir sadaladı hədiyyələri,
Ərindən başlamış, qardaşınadək,
Mənisə bir alçaq paxıllıq tutdu,
Həmin siyahıda olaydım gərək.

Sonra da taksiyə ötürdüm onu,
“Biz onda ayrıldıq” Bayron demişkən,
Maşın tərpənəndə çevrilib dedi:
“Adım Katerindir, yeri gəlmişkən”...

Bəxtimin rəngində olan o taksi,
Tərpəndi, dərhal da tindən buruldu,
Mənsə isti-isti hiss etməmişdim,
Mənfur Vaterloda necə vuruldum.

Gözlərim apaçıq qalmışdı mənim,
İynəsi vurulmuş bir dəli kimi,
Donmuşdum küçənin ortasında mən,
Müzəffər Nelsonun heykəli kimi..

Hava şaxtalaşdı, qar da oturdu,
Yeriyə bilmədim, yollar sürüşkən,
Məni bir ingilis killeri vurdu...
Adı Katerindi, yeri gəlmişkən...

2013

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG