Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:18

-

milli.az saytı İstiqlaliyyət küçəsində qayda pozduğuna görə saxlanan qadın sürücünün yol polisini qanunu pozmağa vadar etməsindən yazır. Saytda bununla bağlı video da yerləşdirilib.

Yol polisi xanım sürücünü saxlayaraq sənədlərini tələb edir. Sürücü isə ona sənəd yox, mobil telefon uzadır.Yol polisi telefonu ondan götürməyərək uzaqlaşsa da, xanım maşından düşərək israrla telefonu polisə verib kiminləsə danışmağa təhrik edir. Yol polisi telefonu alıb sürücünün zəng etdiyi şəxslə danışır və sonra telefonu ona qaytarır. Heç bir sənədi yoxlamadan onu sərbəst buraxır.

HƏBSLƏR NƏYİN NƏTİCƏSİDİR?

«Azadlıq» qəzeti jurnalist Rasim Əliyevin döyülüb öldürülməsinə görə keçirilən həbslərlə bağlı AXCP sədri Əli Kərimlinin fikirlərinə yer ayırıb:

«Jurnalist Rasim Əliyevin öldürülməsinə görə bu cinayətdə iştirakçı olmuş 6 nəfərin, o cümlədən futbolçu Cavid Hüseynovun həbs edilməsi sosial şəbəkələrin hakimiyyət üzərindəki basqısının nəticəsidir. Özləri tədbir görən olsaydılar, vaxtında bu qətlə imkan verməzdilər. RATİ-nin dünən yaydığı açıqlamadan məlum olur ki, Rasim Əliyev həyatına qəsdlə bağlı son üç həftə ərzində internet və telefonla hədələr alırmış. Buna görə o, təhlükəsizliyinin təmin edilməsi üçün rəsmi qaydada polisə müraciət etsə də, polis onun müraciətini rədd edibmiş. Amma gərək hakimiyyət xalqın sosial şəbəkələr vasitəsilə ifadə etdiyi tələbi yerinə yetirdiyinə görə kompleks yaşamasın. Nəhayət, anlamaq lazımdır ki, hakimiyyətlərin cəmiyyəti eşitməsi yox, eşitməməsi ayıbdır».

ÖLKƏDƏ NAĞD PUL KÜTLƏSİ 37 FAİZ AZALIB

«Bizim Yol» qəzeti yazır ki, əhali bu ilin birinci yarısında qazancının çox hissəsini ərzağa xərcləməli olub.

Qəzet Mərkəzi Bankının ilin birinci yarısı ilə bağlı hesabatına istinadən yazır:

«İlin ilk yarısında əmtəə ixracı ötən ilin müvafiq dövrünə nəzərən 44.6 faiz azalıb. Bu azalma, əsasən, ixracda əhəmiyyətli paya malik neft-qaz sektoru üzrə baş verib. İxracın dəyəri xam neft üzrə 50.7 faiz, neft məhsulları üzrə 16.4 faiz və təbii qaz üzrə 26.7 faiz azalıb. Hesabatda bildirilir ki, 2015-ci ilin I yarımilliyində ev təsərrüfatlarının istehlak xərcləri ötən ilin müvafiq dövrünə nəzərən 17.6 faiz artaraq 14.7 mlrd. manat təşkil edib. Bu da ev təsərrüfatlarının gəlirlərinin 74.2 faizini təşkil edir. Hesabatdan belə aydın olur ki, əhali bu ilin birinci yarısında qazanclarının daha çox hissəsini ərzağa xərcləməli olub. Bu da gəlirlərin azaldığını və bahalaşmanın olduğunu göstərən bariz səbəblərdən biridir».

SOSİAL-İQTİSADİ İNFRASTRUKTUR LAYİHƏLƏRİ UĞURLA İCRA EDİLİR

«Azərbaycan» qəzeti yazır ki, prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət Azərbaycanı regionda ən sürətlə inkişaf edən, məqsədlərinə doğru inamla irəliləyən dövlətinə çevirib:

«Dövlət başçısının təşəbbüsü və rəhbərliyi altında son illər ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin çəkilişi aparılan işlərin uğurlarından xəbər verir. Bu kontekstdə regional inkişafa xidmət edən dövlət proqramlarının həyata keçirilməsi, sənayeləşmə prosesinin sürətləndirilməsi də diqqət mərkəzindədir. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ana xətti kimi diqqəti çəkir».

Günün bütün mövzuları

XS
SM
MD
LG