Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:59

Bir kisə yağ, bir kisə düyü, bir kisə qənd


Balayar Sadiq
Balayar Sadiq

-

Balayar Sadiq

Şəhid anası

Şəhid anasının gülüşü,

Göz yaşında iməkləyirdi.

Səsi cırmaqlayırdı,

“Təsəlli” sözünü...

Yaşamadığı ömrünü

qoltuğuna vurub,

Göy üzündən

Kəndimizə baxan Şəhid,

Əvvəl

anasının göz yaşlarını

eşitdi.

Sonra anasının

göy üzündə yüyürdüyünü gördü...

Qanad açdı

anasının səsinə sarı,

qanadları islandı

bu səsdən.

Sinəsinə sancılan

güllənin

qanı qurumayan yerindən

Allahı çağırdı:

“Amandı, Allahım, qoyma,

anam

səbrindən yıxılır.

Naləsindən

dərgahın uçular birdən.

Anamın

gözləri yağır

göy üzünə.

Ucuq dərgahında

mələklərin islanar, Allahım”.

“Cənnət anaların

ayağı altındadır” –

pıçıldadı mələklər.

Və şəhid tabutunu

endirdilər,

endirdilər

ananın ayağı altına.

Tabutunun bir ucundan

şəhid özü tutdu.

Sonuncu ümid tək

girdi atasının qoluna.

İşğal olunmuş

torpaq kimi

onu bir ovuc

qaytardı özünə.

Atası

uğursuz misra kimi

boynunu bükdü,

üzündəki ağrının

təbəssümü

mələkləri üşütdü.

Şəhidin köksündəki

güllə yeri

söz tapmadı deməyə...

Şəhid atasının təbəssümü

tabut kimi

endi torpağa.

Son dəfə

salam verdi

şəhid məzarı üstə

dalğalanan bayrağa.

Sonra bacılarının

saçından

üç tel ayırdı şəhid...

Ağıların,

oxşamaların üstünə sərdi.

Nişanlısının göz yaşlarını

son görüşün,

son öpüşün

üzünə səpdi.

Səpdi ki,

sevginin odu sönsün,

bir görüşün,

bir öpüşün

ömrü qədər...

Ölüm çoxdan

qaçıb getmişdi kəndimizdən.

Qorxusundan

qayıtmazdı bəlkə də...

Əgər mollanın səsi,

kəndimizin icra nümayəndəsi,

bir də

hərbi komissarın

əlindəki kağız kimi

saralmış nitq icad etməsi

olmasaydı.

Şəhid anasının naləsi

yaralı quş tək

qanad çaldı havada.

İcra başçısının gətirdiyi

bir kisə yağı,

bir kisə düyü,

bir kisə qənd

xəcalətdən yer tapmırdı...

Məmur qoxusundan

qaş-qabağını tökmüşdü

kəndimizin havası.

Kəndimizin yolları

doluxsunmuşdu “şəhid” sözünə.

Təkcə ilk qazimiz

təkqıç Məhəmməd

şəhid tabutunun başında

bayraq kimi dalğalanırdı.

XS
SM
MD
LG