Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:52

Erməni ailəsini qıranın məhkəməsi başlanır


Valery Permyakov
Valery Permyakov

Biri Rusiya, digəri isə Ermənistan tərəfindən keçiriləcək iki məhkəmə prosesindən birincisi avqustun 12-də açılır

Bir erməni ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən Rusiya əsgəri Valery Permyakov-un planlaşdırılan iki məhkəməsindən birincisi Ermənistanda, Rusiya hərbi tribunalında keçiriləcək.

Məhkəmə Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdəki Rusiya 102 nömrəli hərbi bazasında avqustun 12-də işə başlayacaq. Hərbi prokurorlar 19 yaşlı hərbi mükəlləfiyyətli əsgəri fərarilikdə, bazadan silah oğurlanmasında və bu silahları yanvarın 12-də özü ilə Gümrüyə aparmaqda ittiham edirlər.

Ermənilər Permyakov-un Ermənistan ədalətinə verilməsini tələb edirdilər
Ermənilər Permyakov-un Ermənistan ədalətinə verilməsini tələb edirdilər

Bunun ardınca keçiriləcək Ermənistan məhkəməsi onu yerli ailənin səbəbləri müəmmalı qalan qətlinə görə mühakimə etməlidir. Ər və arvad, onların qızi, oğlu, gəlini və 2 yaşlı nəvəsi qətlə yetirilib.Qurbanların meyitləri yanvarın 12-də onların evlərində aşkar edilib. Ailənin 6 aylıq nəvəsi aldığı yaralardan bir həftə sonra ölüb. Əsgərin Ermənistan məhkəməsi tərəfindən mühakimə olunması üçün tarix hələlik təyin edilməyib.

Qüdrətli Rusiya konstitusiyası

Permyakov-un bu ağır cinayət üçün Rusiya, yoxsa Ermənistan məhkəməsi tərəfindən mühakimə edilməli olduğuna dair mübahisələr artıq bir neçə aydır ki, davam edirdi.

Qətllərdən bir gün sonra Ermənistanın Baş Prokurorluğu elan etmişdi ki, Permyakov Yerevana təslim edilməyəcək, çünki Rusiya konstitusiyası Rusiya vətəndaşının xarici dövlətlərə ekstradisiyasını qadağan edir.

Permyakov Yerevana təslim edilməyəcək, çünki Rusiya konstitusiyası Rusiya vətəndaşının xarici dövlətlərə ekstradisiyasını qadağan edir

Bu elandan sonra, yanvarın ortalarında Gümrüdə minlərlə sakin Permyakovun Ermənistana təslim edilməsini tələb edən mitinqlərə çıxmışdı. Permyakov, qətllər baş verəndən bir neçə saat sonra Ermənistan-Türkiyə sərhədindəki Rusiya sərhədçiləri tərəfindən yaxalanıb və indiyədək xidmət etdiyi hərbi bazada saxlanır.

Rusiya İstintaq Komitəsinin 20 yanvar tarixli bəyanatında sözçü Vladimir Markin-in mühakimənin yalnız və yalnız Ermənistan torpağında, lakin Rusiya qanunlarına uyğun şəkildə aparılacağını söyləməsi də gərginliyi aradan qaldırmamışdı.

Bəyanatdan belə başa düşülürdü ki, Permyakov Gümrü bazasında Rusiya hərbi tribunalı tərəfindən mühakimə ediləcək.

Moskva niyə güzəştə getdi?

Bu ilin iyununda Rusiyanın RAO şirkətinin filialı olan Ermənistan Elektrik Şəbəkəsinin elektrik enerjisi qiymətlərini kəskin qaldırması ilə bağlı Yerevanda genişmiqyaslı küçə etirazlarınadək, Permyakov məsələsində kompromisin əldə ediləcəyinə ümid çox az idi.

Rusiya prezidenti Vladimir Putin 2013-cü ildə Gümrüdəki bazaya baş çəkmişdi
Rusiya prezidenti Vladimir Putin 2013-cü ildə Gümrüdəki bazaya baş çəkmişdi

Bu etirazların ardınca, Rusiya gözlənilmədən bu qətlin araşdırılmasını Ermənistan müstəntiqlərinə vermək barədə qərar qəbul etdi. Bir çox müşahidəçilər bunu Rusiyanın Ermənistandakı imicinin yaxşılaşdırılmasına doğru atılmış addım kimi qiymətləndirdilər. Beləki, Ermənistan Türkiyə, İran, Azərbaycan və Xəzər dənizi ilə əhatələnmiş regionda Rusiyanın yeganə müttəfiqi olaraq qalır.

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvüdür və Gümrü qətliamından on gün əvvəl Rusiya prezidenti Vladimir Putin-in Qərbin təsirinə balans kimi yaratdığı Avrasiya İqtisadi İttifaqına qoşulub.

Qapalı bazada açıq məhkəmə?

Polisin dediyinə görə, qətlləri törətdiyini boynuna almış Permyakov-un Ermənistan məhkəməsi qarşısına çıxarılmaması bir çox ermənilərin məyusluğuna səbəb olub.

Yerevanda "elektrik" etirazı
Yerevanda "elektrik" etirazı

Yanvar etirazlarında iştirak etmiş Gümrü Asparez Jurnalistlər Klubunun sədri Levon Barseghian deyib ki, bu işdə əsas məsələ qətllərin törədilməsidir və fərarilik, silah oğurluğu kimi məsələlər dinləmə predmeti olmaya da bilər.

Avqustun 12-də keçiriləcək dinləmənin ictimaiyyət üçün açıq olacağı bildirilib, hərçənd prosesdə iştirak üçün hərbi bazaya nə qədər adamın buraxılacağı bəlli deyildir.

Başqa bazalar da narahatlıq doğurur

Qətllərdən əvvəl cəmi iki ay xidmət etmiş sibirli çağırışçı Permyakov-un məhkəməsi, bir neçə başqa ölkələrdəki Rusiya bazaları və burda xidmət edənlərin törədə biləcəkləri mümkün cinayətlərlə əlaqədar davam edən icrtimai narahatlıqları gündəmə gətirib.

İki rusiyalı əsgər hazırda Rusiyanın Tacikistandakı hərbi bazasında mühakimə olunur. Onlar ötən ilin avqustunda Düşənbə yaxınlığında bir taksi sürücüsünü ölümcül döyməkdə və daha sonra isə boğazını üzməkdə ittiham edilirlər.

Rusiyanın Ermənistan, Belarus, Qırğızıstan və Tacikistanda hərbi bazaları var.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG