Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:18

Xalqın Göygöl həsrəti bitdi- [Fotolar]


.

Vaxtilə Azərbaycanın rəhbəri olmuş Mircəfər Bağırovun “daça”sının yerində 4-5 mərtəbəli bina tikilib.

Həmin binadan əziyyət çəkib pilləkənlərlə enib-qalxmaq lazım gəlmir, xüsusi düzəldilmiş liftlər səni gölün qırağına aparır...

Göygölə qalxan yol və illərdi şlaqbaumla bağlandığından boş qalan qarşısı indi maşınla doludur. Xüsusi formalı işçilər artıq içəri kiminsə buraxılmayacağını desələr də, buna kimsə tabe olmur:

"- Azərbaycanlı deyiləm? Gəlmişəm vətənimin gözəlliyini görəm.

- Mən də azərbaycanlıyam. İçəri bilirsiz nə qədər adam buraxılıb?.."

Deyişmə, narazılıq səsləri ucalır və nəhayət şlaqbaum açılır, “buyurun, keçin” deyə.

Adambaşı iki manat ödəyən sürücülər Göygölə sarı şütüyür. Adam inana bilmir ki, illərdi sadə vətəndaşın üzünə bağlı olan, az qala əfsanəyə dönən Göygölü bir də görmək nəsib olacaq.

Gəncədən gələn Baxşı dayı da bu təəssüratdadır, “illərdi gələ bilmirdik” deyir.

Bir neçə ildir Göygölə girişin burada ölkə prezidenti üçün iqamətgah tikilməsi üzündən bağlandığı söylənirdi. Rəsmi mənbələr Göygöl qoruğunda müəyyən işlər aparıldığını desələr də, prezident İlham Əliyevin özünün, ailə üzvlərinin məhz bu ərəfədə sosial şəbəkələrdə dəbdəbəli tikililərdən Göygöl mənzərəli fotoları yayılmışdı.

Böyük ajiotaj

Gün yarıma bütün biletlər satıldı. Belə ajiotaj olacağını gözləmirdik. Hamı bir-birinə xəbər verdi, camaat da tökülüşüb gəldi.

Göygöl qoruğu avqustun 10-da əhali üçün açıq elan edilib, amma bu elan barədə heç yerdə rəsmi məlumat verilməyib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Departamentinin direktoru Vaqif Cavadov deyir ki, ona görə də hələlik 2 min bilet sifariş ediblər:

“Gün yarıma bütün biletlər satıldı. Belə ajiotaj olacağını gözləmirdik. Hamı bir-birinə xəbər verdi, camaat da tökülüşüb gəldi. İstədik, bilet qurtarıb deyə içəri girişi müvəqqəti dayandıraq, alınmadı, amma bütün hesablar kitaba işlənir. İndi 10 min bilet sifariş vermişik”.

Gələnlər təkcə Gəncə camaatı deyilmiş, Gədəbəydən, Sabirabaddan tutmuş ətraf rayonlara qədər ərazilərdə yaşayanlar Göygölə axışır. Gələnlərin çoxunu nə ətrafdakı yeni tikililər, nə restoranlar maraqlandırır. Çoxu bir kənarda oturub hava alır, ya da gölün qırağına düşüb təbii gözəllikdən zövq alır.

“Camaat qoruğu çirkləndirirdi”

Vaqif Cavadov deyir ki, əslində bir neçə ildir qoruğun ərazisinə girişin qadağan edilməsinin səbəbi bu idi:

Göygöl kimi strateji bir yerə təhlükə yaranmışdı, camaat gəlib zibilləyirdi, heyvan kəsirdi, təbiətə zərər vururdu.

“Birda bir xaotik vəziyyət yaranmışdı. Gəncə üçün içməli su mənbəyi olan Göygöl kimi strateji bir yerə təhlükə yaranmışdı, camaat gəlib zibilləyirdi, heyvan kəsirdi, təbiətə zərər vururdu. Burda infrastruktur yenilikləri aparıldı.

Artıq girişdə nəzarət-buraxılış məntəqəsi var. Göygölə çatanda isə avtomobillər üçün dayanacaq yaradılıb. Saatı 50 qəpikdir. Özünə qulluq etmək istəyən, belə deyək, kababı özü bişirmək istəyən turistlər üçün xüsusi ərazi və köşklər ayrılıb. Əlavə restoran da var. 4 otel fəaliyyət göstərəcək”.

Turistin məsuliyyəti...

Vaqif Cavadov deyir ki, milli qoruqda davranış qaydaları müəyyənləşdirilib və gözədəyən yerlərdə asılıb. Yəni Göygölün təmizliyi, milli qoruğun qorunmasına, çirkləndirilməməsinə turist də məsuliyyət daşıyacaq.

Milli Qoruq həm də vəhşi təbiətlə əhatə olunduğu üçün turistlərin hərəkəti məhdudlaşdırılır:

“Dünən bir ayı iki balası ilə qabağıma çıxdı. Səhər tezdən də bir maralın göldən su içdiyini gördüm”, Vaqif Cavadov deyir. Onun sözlərinə görə, turistlərin hərəkəti onların təhlükəsizliyi məqsədilə məhdudlaşdırılıb, amma istirahət etmək üçün kifayət qədər yer var, həm gölün qırağında, həm də meşədə.

Milli Qoruqda restoran, çay evi açılıb, qiymətlər kiminsə cibinə uyğun, kiməsə bahalı görünə bilər. Amma bulaq suyu pulsuzdur.

Barəsində əfsanə dolaşan liftlər

Dünən bir ayı iki balası ilə qabağıma çıxdı. Səhər tezdən də bir maralın göldən su içdiyini gördüm.

Göygölə düşmək üçün çəkilən liftlə bağlı sosial şəbəkələrdə yayılan əfsanəni indi öz gözünlə görə bilərsən.

Vaxtilə Azərbaycanın rəhbəri olmuş Mircəfər Bağırovun “daçası”nın yerində 4-5 mərtəbəli bina tikilib. Nazirlik əməkdaşları onun “Göygöl” oteli olduğunu deyirlər.

Elə qapısında da bu lövhə yazılıb. Həmin binadan əziyyət çəkib pilləkənlərlə enib-qalxmaq lazım gəlmir, xüsusi düzəldilmiş liftlər səni gölün qırağına aparır.

Hərçənd, indi liftlər işləmir. Heç otellər də fəaliyyətə başlamayıb. Ərazidə böyük binadan başqa iriliyi və görünüşü onunla bəhsə girməsə də daha iki-üç tikili var. Vaqif Cavadov bunların da otel kimi fəaliyyətə başlayacağını deyir:

“Hazırda otellərdə son tamamlama işlər gedir, ancaq qiyməti necə olacaq, biz bunu bilmirik. Alacağı ulduza uyğun da yəqin qiyməti olacaq”.

Göygöl Milli Qoruğu artıq yerli camaatın və xarici turistlərin ixtiyarındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG