Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:42

Çin yuanı devalvasiya etdi


Yuan
Yuan

-

Avqustun 11-də Çin çox ciddi nəzarətdə saxlanan valyutasını devalvasiya edib.

Bu, son on ildə yuanın bir gün ərzində baş verən ən ciddi devalvasiyasıdır.

Mərkəzi Bank bildirib ki, məqsəd dövlətin nəzarətində olan məzənnəni bazaryönümlü etməkdir. Son aylar ərzində yuan dollarla yanaşı güclənib və nəticədə Çindən ixrac bahalanıb.

Bu da milyonlarla insanın iş yeri olan sənaye sahələrində iş yerlərinin itirilməsi riski yaradıb.

«Associated Press» agentliyi yazır ki, Çin Xalq Bankı çərşənbə axşamı yuanın kursunu bir gün əvvəlkinə baxanda 1.9 faiz az müəyyənləşdirib. Bank bildirib ki, gələcəkdə bazar qüvvələrinə daha böyük rol veriləcək.

Bankın məlumatına görə, bazar yuanın düşməli olduğunu göstərdiyi bir halda o, qalxmaqda davam edib. Əslində səbəb yuanın məzənnəsinə təsir edən ABŞ dollarının qalxmasıdır.

Eyni zamanda digər ölkələrin valyutaları düşür deyə, çinli ixracatçılar ziyana düşür, belə ki, onların malları xaricdə bahalanır. İyulda Çinin ixracı 8.3 faiz düşüb.

AP yazır ki, daha zəif yuan Çindən ixracın rəqabətliliyini artıracaq və ABŞ istehsalçılarının şikayətlərinə səbəb olacaq. Ancaq bir tərəfdən də mərkəzi bank məzənnə sistemini bazaryönümlü etmək istədiyini deyir. Vaşinqton da Pekinə buna görə təzyiq göstərirdi.

Bəs devalvasiya Çin ixracatçılarına kömək edəcəkmi? Əslində digər böyük valyutaların dəyərindəki ucuzlaşmaya baxanda, yuanın ABŞ dollarına nisbətən iki faizdən də az düşməsi böyük rəqəm deyil.

Ancaq istənilən azalma ixracatçılara köməkdir. Mərkəzi bank bu dəyişikliyin bir dəfə edildiyini deyir. Amma bazar qüvvələrinə daha böyük rolun veriləcəyi vədi gələcəkdə də enmələrin baş verəcəyinə ümid yaradır. İstənilən düşüş ixracatçılara qiymət təzyiqini yüngülləşdirə bilər.

«MOLDOVANI UÇURUMDAN QURTARIN»

«The New York Times» qəzeti Avropa Şurasının baş katibi Thorbjørn Jagland-ın məqaləsini dərc edib. Müəllif 3.5 milyon əhalisi olan Moldovanın Avropada növbəti təhlükəsizlik böhranı yarada biləcəyi riskindən yazır.

Thorbjørn Jagland
Thorbjørn Jagland

«Rumıniya və Ukrayna arasında sıxılmış Moldova Avropanın Şərqi ilə Qərbinin kəsişmə nöqtəsidir.

1991-ci ildə müstəqilliyini elan edəndən hakimiyyət Rusiya ilə möhkəm münasibətlər tərəfdarı olan Kommunist Partiyası ilə Avropapərəst partiyalar arasında parçalanıb».

Müəllif yazır ki, 2009-cu ildə avropapərəstlər hakimiyyətə gəldilər və məqsədlərini reallaşdırmaq yolunda bəzi işlər gördülər. Brüssellə assosiasiya sazişi imzalandı, iqtisadiyyat artdı, vətəndaşlarına AB ərazisində vizasız səyahət hüququ verildi.

«Bu gün isə mənzərə elə də nikbin deyil. Son altı ildə ölkə iqtisadiyyatının və müəssisələrinin artımı üçün çox az iş görülüb. Korrupsiya kök salıb, dövlət oliqarxların əlindədir, yüz minlərlə moldovan daha yaxşı həyat uğrunda ölkəni tərk edib.

Bəziləri hələ də cavabı Brüsseldən gözləyir. Digərləri isə firavanlığı Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi Birliyində axtarır».

Jagland ötən ilin sonunda ölkə banklarından 1 milyard dolların yoxa çıxdığını, dövlətin vətəndaşlarının marağını qoruya bilmədiyini yazır. Üstəlik, regional durum da ürəkaçan deyil. Dnestryanı bölgə ilə münasibətlər ciddi şəkildə pisləşib. Moldovada çoxları bu bölgənin növbəti Krım ola biləcəyindən narahatdırlar.

Müəllifin fikrincə, Moldovanın yenicə yaradılmış hökuməti cəld hərəkətə keçməlidir. «Ukraynanın verdiyi açıq dərs odur ki, bugünkü Avropada ölkənin gücü və sabitliyi onun demokratiya və hüququn aliliyinə sadiqliyindən asılıdır.

Rusiyanın Krımı ilhaqı sabitsizlik yaratdı, ancaq unutmamalıyıq ki, Ukraynada böhran xalqın siyasi qurumlardan narazılığı ilə başlandı. Moldova da demokratik təhlükəsizliyi barədə düşünməlidir», - Jagland yazır.

Çinin hərbi gəmisi
Çinin hərbi gəmisi

KRIM ASİYADA GƏLƏCƏK MÜHARİBƏLƏRİ XƏBƏRLƏYİR?

Krım münaqişəsinin bir sıra cəhətləri Asiya kontekstinə uyğundur. Krım və Ukraynadakı hərbi işğal Asiyada gələcək münaqişələr üçün bir modeldir. Bunu diplomat.com saytında Van Jackson yazır.

Müəllif «Asiyada münaqişə» deyəndə, göz önünə Tayvan boğazının, Şərqi Çin dənizinin, Koreya yarımadasının gəldiyini qeyd edir. Bu münaqişələrin qızışmasını isə adətən belə təsəvvür edirik ki, tərəflər qəsdən qarşıdurmaya gedir, eskalasiya başlanır.

Ancaq müasir münaqişələr buna bənzəmir. Müəllif Krım münaqişəsinin azı 4 cəhətinin Asiya kontekstinə uyğun olduğunu yazır: nüfuz dairəsi uğrunda toqquşan etnik qruplar; geosiyasi tələbləri olan qeyri-dövlət qrupları; dövlətlər və sosial qruplar arasında potensial tərəfdaşlıqlar və boz zona münaqişəsi.

Bu xüsusiyyətlərin hər biri Krım münaqişəsinə xas olsa da, Asiyada hər bir münaqişədə böyük mənada diqqətdən qaçan amildir.

«Avropa və NATO mütəxəssislərinin kollektiv təxəyyülü Rusiyanın Ukrayna ilə münaqişəsini öncədən görə bilmədi. Asiya da bu risklərlə üz-üzədir və bir çox hallarda daha kəskindir», - yazan müəllif ümid edir ki, asiyalı mütəxəssislərin kollektiv təxəyyülü gələcək müharibələr üçün Krım modelini gözardı etməyəcək, bunun beynəlxalq ictimaiyyətin diqqətindən kənar qalmasına imkan verməyəcək.

XS
SM
MD
LG