Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:34

- "Onlar olmasaydı sənin ləkələrin də görsənməzdi... Onlar olmasaydı hamı bir cürə olardı. Hamı qara olardı. Sən də iztirab çəkməzdin..."

Ziya Fazil

Qara adam (əfsanə)

Vətən mağaraya bənzəyir... dar,... qaranlıq dolanbaclarından min əzab-əziyyətlə keçib çıxışa tələsdiyin mağaraya...

Qaranlıqdır... irəli də, arxa da ... Uzun illər qaranlıqda qaldığından gözlərin də öyrəşib...gözlərin nisbilik nəzəriyyəsinin ən qatı sübutudur... Ətrafın nə qədər qaranlıq olmasına baxmayaraq orada işıq da görürsən, kölgə də.

Təsadüfən tufanınmı, ildırımınmı, yoxsa insanınmı haradasa mağaranın tavanında açdığı kiçik bir deşikdən düşən bəlkə günəş, bəlkə də ay işığı, bəlkə də lap zəif ulduz şüası gözlərini qılınc kimi kəsir...

Işığa həsrətsən..., işıqdan qorxursan...

Hərdən mağara dolanbaclarında işıqlı adamlara rast gəlirsən. Bilirsən ki. onlara qoşulub getsən həm yolu azmazsan, həm də harasa bu işıqlı adamların yaşadığı yerə gedib çıxa bilərsən...

Amma qorxursan. Qorxursan! QORXURSAN !!!

Qorxursan ki, onların işığı səni şüşə kimi şəffaflaşdıracaq, içindəki qara ləkələr işığın təsiri ilə daha qabarıq görsənəcək. Min illik işıq-kölgə tənasübü pozulacaq. Sənin gözəl hesab etdiyin əşyalar, məfhumlar bu işığın təsirilə eybəcərləşəcək.

Özün-özünü görəcəksən divarlarda...divarları da görəcəksən... indiyədək görmədiyin divarları. Biləcəksən ki, sənin olduğun yer necə darmış, sən necə miskinmişsən. Bu fikir səni üzəcək,..düşündürəcək...əgər düşünməyi hələ yadırğamamısansa...

Vəhşi bir bağırtı qopacaq səndən. Mağaranın əbədi, tərpənməz, dünya enində, qərinələrin qərtməyi, nəcisi, püsürü yapışmış divarları bu səsi sənin kimi gözünü açandan qaranlıq və ancaq qaranlıq görən minlərlə, milyonlarla adamcığazın qulağına çatdıracaq. Onlar da hayqıracaqlar səninlə birlikdə... biləcəklər ki, niyə bağırırsan... nəyə bağırırsan...

Onlar da görüblər bu işıqlı adamları. Onlar bir dəfə hayqıracaqlar, çünki çoxdan bu həyatla barışıblar. Kim barışmayıb çoxdan çıxıb gedib. İşığa dözməyib qayıdanlar da olub. Qayıdandan sonra daha da qaralıblar.

Başqaları işıqlı adamların yanından keçəndə divardakı surətində ağımsoy ləkələr görsənir, amma gedib-qayıdanlardan heç bir işıq keçmir. Onlar qaranlıq künc-bucaqdan, dəlmə-deşiklərdən işıqlı adamlara hücum da çəkirlər.

Cismi məhv edilmiş işıqlı adamların öldürüldükləri yerdə nəsə bir parıltı, cazibə qalır. Mağara adamları dəstə-dəstə gəlib bu parıltıya tamaşa edirlər, bu parıltıda çimirlər, bu parıltıya bürünürlər, ondan hissə-hissə , cild-cild götürüb mağaranın oyuqlarında rəflərə düzürlər, onlara səcdə edirlər.

Sənsə mağaranın hər küncündən gələn bu parıltıları görüb dəhşətə gəlirsən, quduzlaşırsan, vəhşiləşirsən, hayqırtın iblisanə qəhqəhələrə çevrilir.

Özünə də, onlara da nifrət hissi səni mağaranın dolanbacları ilə var gücünlə qaçmağa, əlinə keçəni parçalamağa, ayağına dolaşanı tapdalamağa, dişinə keçəni didməyə çağırır.

Amma səni kimiləri həddən artıq çoxdur, səndən olub sənə oxşayanları qırıb sonuna çatmaq mümkün deyil...

Ağlına dəhşətli bir fikir gəlir...günah səndə və sənin kimilərin qaranlığında deyil! Günah sənin divarda kölgəni göstərən, səni şəffaflaşdırıb vicdanının, təfəkkürünün böyük ləkələrini göstərən işıqlı adamlardadır !!!!!

Başlayırsan onların ayağından təpəsinədək dərisini soymağa, tonqallarda yandırmağa, boğazından asmağa, sürgünə göndərməyə, zindana saldırmağa, boynunu vurdurmağa, mağaranın künc-bucağına yapışmış hər cür natəmizliyi onların üstünə atmağa.

Başlayırsan sübut etməyə ki, onların parıltıları yox, sənin qaranlığın- işıqdır. Başlayırsan işıqlı adamların təmiz, ağ şüasında ləkə axtarmağa. Hamını inandırırsan ki, onların işığı olmasaydı bizim də kölgəmiz olmazdı. Qaranlığı yaradanlar ağ adamlardır...

Onları məhv etmək lazımdır, ürəyinə xal salmaq, beyninə qurd yeritmək, ciyərinə güllə vurmaq, ayağını dondurmaq və zəncirləmək, bıçaqlamaq, ağzına bağ vurub qollarını arxasında çatmaq lazımdır!!!

Onlardır sənin və səni kimilərin düşmənləri... Onlar olmasaydı sənin ləkələrin də görsənməzdi... Onlar olmasaydı hamı bir cürə olardı. Hamı qara olardı. Sən də iztirab çəkməzdin...

Özünə nifrət etməzdin və heç vaxt .....

QARA OLDUĞUNU dərk etməzdin...

Günün bütün mövzuları

XS
SM
MD
LG