Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:55

- Amerikalı şair Walt WItman (Valt Vitmən) Fəridə Məmmədovanın təqdimatında

O, tanıdığım ən...

O, nə Fernando Pessoa kimi onlarla uydurma imzanın arxasında özünü gizlədir, nə Emili Dikinson kimi özünü bir otağa qapadıb rahatlıq axtarırdı, nə də Artur Rembo kimi sevgilisinin ölümündən sonra şeiri tərk etdi.

Valt Vitmən yaxud Valter Vitmən (1891-1892) - bu amerikalı şair özünü səs-küylü küçələrin, yamyaşıl təbiətin, əsl həyatın içinə atıb qışqıra-qışqıra öz nəğmələrini oxuyur və fikrimcə, əsl şair həyatını da o yaşayırdı.

Nyu-Yorkda doqquz uşaqlı bir ailədə doğulan şair 11 yaşında məktəbi atıb, dülgər atasının emalatxanasında işləməyə başlayır.

Gəncliyində dülgərliklə yanaşı, jurnalistika və mətbəəçiliklə məşğul olan şair iki ilə yaxın bir müddətdə hərbi xəstəxanada əsgər xidmətçisi kimi işləyib və ömrünün sonunacan köçüb yerləşdiyi Nyu-Cersidə yaşayıb.

İlk şeir kitabı ("Leaves of Grass") 36 yaşında çap olunmuş, lakin 94 səhifəlik bu kitab ona şöhrət gətirə bilməmişdi.

Təkcə R.V.Emerson ona yazdığı məktubunda şeirlərini və tərzini çox bəyəndiyini söyləyirdi. Emersonun məktubu ilə ruhlanan Vitmən bir il sonra kitabı səhifələrinin sayını 384-ə qədər artırmaqla yenidən nəşr edir.

Amerikada ‘’demokratiyanın şairi’’ hesab edilən Valter ‘’Amerika özü büsbütün bir şeirdir’’ deyir, hərdən də onun sənayesindən, gücündən narazılığını ifadə edirdi.

Robert Şnakenberg "Böyük yazarların gizli həyatları" kitabında Valt Vitməndən danışarkən onun biseksual olduğunu və ən böyük sevgisinin ABŞ prezidenti A.Linkoln olduğunu deyir, şeir yazmadığı və ya Linkolna olan hisslərini kağıza köçürə bilmədiyi vaxtlarda isə ən sevimli məşğuliyyətinin hamam vannasında içki içərək bağıra-bağıra mahnı oxumaq olduğunu qeyd edir.

Şekspirdən, Tövratdan, italyan operalarından, Homer, Dante, V.Skot və Emersondan bəhrələnən şairin şeirlərində heç kim yoxdur əslində.

Onu oxumaq şehli otların arasıyla kəpənək ardınca qaçmaq kimidir. Tam tutdum deyərkən barmaqlarının ucundan uçub gedən rəngli, qəşəng bir kəpənək görürsən.

Bəli,Valter şeirlərlə oynayır. Lakin bu, bir insanın özünü hansısa rola sığdırıb qurama şair obrazının içinə yerləşmək cəhdi deyil, bir uşağın rəngbərəng böcəklərlə oynaması qədər saf, məsum, sadəcə ‘’canı istədiyi’’ üçündür.

"Əsər dolğun olmaq məcburiyyətində deyil, oxucu özü dolğun olmalıdır’’ deyən şair bu fikri ilə yepyeni bir ədəbiyyat çağırışındaydı.

Valter yenilikçi şair idi. O, yeniliyi yenilik etmək naminə yox, yenilik qaçılmaz olduğu üçün sevirdi.

Bu amerikalının şeirlərində səs-küy, küçə musiqiləri, rəqs edən ayaqqabıların tıqqıltısı, yağışlı küçədən keçən islaq addım səsləri, isterik qadın çığırtıları, uşaq sevinci, yaralı əsgərlərin zarıltıları – hər şey var.

Həyatda hər şey necədirsə, şeirdə də eynilə o cürdür. Valter həyatdan küsmüş, həqiqəti dərk etmiş şair, ya da aydınlanmış filosof kimi danışmır bizimlə, təbiəti, real həyatı və real insanı təqdim edir.

"Tanrının sözlərini qulaq ardına vurub, təkcə təbiəti müşahidə etməklə də əsl həqiqətə çatmaq olar’’ deyən şair fit çala-çala nəğməsini oxuyur və keçir – istiqaməti, hardan gəlib hara getdiyini özümüz aydınlaşdırmalıyıq.

Valter bizə zəngin bir süfrə açır. Bu süfrədə maddə və ruh, elm və metafizika, müqəddəs kitaba göndərmələr, transendentalizm – nə axtarsan var.

Onun dünyasına enə bilmək üçün reallıqdan qopmağa gərək yoxdur. Sən göydələnin hansısa mərtəbəsindən aşağı boylanırsan və o, orda, aşağıdan yuxarı sənə əl eyləyib bayıra səsləyir – düş gəl, həyat burdadır. Bəlkə səsini eşitmirsən, amma aşağıdan keçib gedən kiçik insan qaraltısını görürsən.

73 yaşında vəfat edən şair indiyəcən tanıdıqlarımın arasında insana ən yaxşı bələd olanıdır deyə bilirəm əminliklə.

Onu oxuyanda tanıdığın bütün şair obrazları – özünü bir otağa qapadıb illərlə ağrı çəkmək, alkoqol və heroinlə özünü zəhərləmək, heç nəylə barışa bilməyib intihar etmək, insanlığı düşünüb təəssüflə baş bulamaq, tərk edilməklərin ağrısını yaşamaq, dünyanı bombalayanlara lənətlər yağdırmaq, azadlığa səsləyən şeirlər çığırmaq, insani duyğuların gətirdiyi "anlayıb ağrımaq" – hər şey dəyərini itirir.

O, sadəcə yaşayırdı, milyardlarla insan kimi. Acısı da şair acısı yox, adi, sıradan birinin ağrısıyla eynidir. Valter şairlə insan arasındakı bütün pərdələri söküb dağıdır. Bütün qaranlıqlar əriyir və gün işığı gözlərini qamaşdırır.

Gecəyarısı

Bu həmin saatdır ki, sənin ruhun

ayrılır kitablardan ...sənətdən ...işdən

hər şeydən

uçuşur dünyanın ətrafında azad və sərbəst.

Gün bitir və yepyeni bir səhifə açılır səninçün

səssiz-səmirsiz

sevdiyin şeyləri düşünürsən

gecə...yuxu...ölüm...və ulduzlar.

***

Ağrıları paltar kimi geyinirəm əynimə

‘’necəsən‘’ deyə soruşmuram yaralı əsgərlərdən

onları görəndə

mən də yaralanıram.

Və bütün bunları

qayıq gözləyərkən

vaxt öldürməkçün yazmıram sahildə ...

***

Mən birləşdirəcəm bütün qitələri

öz yoldaşlıq və dostluq məhəbbətimlə.

Günəş öz şüaları ilə bərabər isidəcək hər yeri

və bu müqəddəs torpaqlarda

ən gözəl irqlər yaranacaq.

Amerikanın bütün çayları və gölləri boyunca

sıx dostluqlar böyüyəcək ağaclar kimi

bütün şəhərlər doğmalaşacaq

töküb ətəklərindən silahları.

Nə qadın, nə kişi

mən bütün bunları

insan məhəbbətimlə edəcəm.

Səninçündür bu demokratiya, mənimçündür

bizlərə xidmət etmək üçündür.

Bax, mən də səninçün oxuyuram bu nəğməni

böyük bir sevgiylə

dostluq məhəbbətiylə.

Şeirləri tərcümə etdi: Fəridə Məmmədova

Günün bütün mövzuları

XS
SM
MD
LG