Keçid linkləri

Təcili xəbərlər

Vaxt kimin xeyrinə işləyir?


Qarabağda Azərbaycan artilleriyası
Qarabağda Azərbaycan artilleriyası

-

KATALONİYA VƏ QARABAĞ...

Yenicə sərinləşməyə başlayan bu qızmar yay günlərində uzaq İspaniyanın Kataloniya əyaləti barədə yazmaq bir az təəccüblü və bəlkə əcaib də görünə bilər. Axı o insanlara ki İspaniya maraqlıdır, onlar indi yay günlərini elə orada keçirirlər...

Maraqlanmayanlara gəlincə, onlara onsuz da hər şey maraqsızdır – nə yazsan, nə söyləsən, tövrlərini dəyişmirlər...

Amma ümid edirik ki, Qarabağla maraqlananlar, hər halda, daha çoxdur. Xüsusən qarabağlılar bu qızmar yay günlərini öz dədə-baba torpaqlarında keçirə bilmədiklərinə görə çox yanıqlı və acıqlıdırlar...

Nə isə, mətləbdən yayınmayım. Kataloniya əyalətində növbəti seçki - referendum gözlənilir. Yerli rəhbərliyin fikrincə, bu seçkilər müstəqillik məsələsinə işıq tutacaq...

Mərkəzi hakimiyyət - İspaniya isə belə hesab edir ki, müstəqilliklə bağlı referendum ölkənin ali qanuna ziddir, çünki Kataloniyanın İspaniyadan tam ayrılmaq hüququ yoxdur...

AVROPALILAR BİZİ NİYƏ ANLAMIRLAR?

Bunları niyə deyir və nədən bu bürkülü günlərdə belə uzaq problemlərlə istirahətinizi pozuram?

Məsələ bundadır ki, Kataloniya da, İspaniya da Avropadır, Qərbdir. Özümüzə «Bəs niyə Avropa Qarabağ məsələsində birmənalı mövqe tutmur» sualını verəndə, o saat yadımıza salaq ki, Avropada da bənzər problemlər var. Məsələn, İspaniyada Kataloniya, Böyük Britaniyada Şotlandiya problemi...

Və bütün bu problemlərin içində «bişən» Avropa o üzdən bəzi məsələlərə çox sadə və həm də sakit baxır...Avropa azlıqların problemini həmişə önəmli sayıb və belə problemlərə çox həssas yanaşmağa çalışıb...

Avropa da, dünya da getdikcə daha çox kosmopolitləşir. Onlar sərhəd məsələləri üzərində çox baş sındıranları «ikiölçülü coğrafi təfəkkür sahibləri» adlandırırlar.

Bilirsiniz, bir çox hallarda biz avropalıları çox çətin anlayırıq. Seminarların birində bir əcnəbiylə söhbətim yadıma düşür. O əcnəbi belə deyirdi: «Biz başa düşə bilmirik ki, necə olur, gürcülər kimi kiçik bir xalq digər xalqın azadlığa canatımını anlamır? Necə olur ki, Gürcüstan kimi kiçik dövlət, az qala, imperiya kimi davranır?».

Təbii ki, ona vəziyyəti izah etməyə çalışdım. Hətta Qarabağ haqqında bu adamın fikrini öyrənmək istədim. Amma Qarabağ haqqında bir söz demədi və belə anladım ki, o, Qarabağ haqqında gürcülərlə söhbətləşərkən danışır...

Nə edəsən? Avropalılar da belədir... Məsələn, mən çox təəccüblənirdim ki, polyaklar böyük bir hissəsi Ukrayna və ya Belarusda qalan torpaqlarından çox sakit və üstəlik, gülümsəyərək söz açırlar. Doğrusu, mən Azərbaycan torpaqlarından söz düşəndə, gülümsəmək bir yana, heç həyəcanımı yatıra bilmirəm...

AVROPA BAŞQA YOL TUTUB...

Avropalılar məsələni başqa cür çözüblər - hər bir avropalı Avropanın hər yerində özünü öz vətənində olduğu kimi hiss edə, orada yaşaya və çalışa bilər. Yəni Kataloniya İspaniyadan qopsa da, yenə də başqa qitəyə köçməyəcək, elə Avropada qalacaq. Bəlkə Qafqazda da buna nail olsaydıq, bizə də çox şey sadə görünərdi. Amma hələ ki, biz avropalıları, avropalılar da bizi çox çətin anlayır...

O ki qaldı Qarabağ problemində zaman məsələsinə, daha doğrusu, onu həll etmək üçün əlverişli məqam məsələsinə, Avropa da, dünya da getdikcə daha çox kosmopolitləşir. Onlar sərhəd məsələləri üzərində çox baş sındıranları «ikiölçülü coğrafi təfəkkür sahibləri» adlandırırlar. Qitə, Yer kürəsi - getdikcə daha çox insan yeni dəyərlərə önəm verir...

Qarabağ düyününü mümkün qədər tez çözmək lazımdır, çünki bu dünyanın işlərini bilmək olmaz. Axı bu gün belədir, sabah başqa cür...

DÜNYANIN İKİ TENDENSİYASI...

Soruşa bilərsiniz ki, niyə bunları belə ətraflı açıqlayır və vurğulayıram? Cavab verirəm: Axı Qarabağ problemiylə bağlı Azərbaycanda belə bir fikir hakimdir ki, guya vaxt bizim xeyrimizə işləyir. Amma belədirmi?

Düzdür, vaxt Azərbaycanın özünə gəlməsinə bəlli dərəcədə yardımçı oldu –iqtisadiyyat relsə düşdü, ölkənin müdafiə qabiliyyəti gücləndi. Amma sosial və iqtisadi böhran yaşayan Ermənistan Azərbaycan qarşısnda diz çökmədi – gərək bunu da nəzərə alaq...

Qlobal proseslərə gəlincə, təhlil aparanda görürsən ki, həm belə demək olur, həm də başqa cür. Bəli, dünya get-gedə bütünləşir, böyük birliklər və iqtisadi-siyasi ittifaqlar yaranır. Bu mənada, təbii ki, vaxt bizim də xeyrimizə işləyir...

Amma bu qlobal inteqrasiya – bütünləşmə prosesinin içində xırdalaşma, differensiallaşma meylləri də var. Bəzən deyirlər ki, daha möhkəm birləşmək üçün gəlin indi ayrılaq. Bu mənada isə vaxt bizim xeyrimizə işləmir...

Bəs indi nə edək? Qarabağ düyününü mümkün qədər tez çözmək lazımdır, çünki bu dünyanın işlərini bilmək olmaz. Axı bu gün belədir, sabah başqa cür... Üstəlik, zamanın bir özəlliyi də danılmazdır: sanki insanların duyğu və düşüncələrini aşındırır və hər şeyə alışdırır. İndi məcburi köçkünlər arasında da nəsil dəyişməsi baş verib. Elə bir nəsil yetişib ki, Qarabağı yalnız ata-ana söhbətlərindən tanıyır. Zamanın bu özəlliyini unutmayasan gərək, çünki çox dərdləri unutdurur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG