Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:47

Moskvanın təkziblərinə rəğmən İran rəsmiləri elit Qüds Qüvvələrinin komandanı general Qassem Soleimani-nin Moskvaya səfər etdiyini bildiriblər

-

Avqustun 5-də Rusiyadan alınan bir sensasiyalı xəbər dünyanı silkələdi. Lakin bu silkələnmə heç bir saat da çəkmədi. Xəbər həm Kreml, həm də rəsmi Ankara tərəfindən dərhal təkzib edildi.

Beləliklə, Rusiyada çıxan ingilisdilli “The Moscow Times” qəzetinin “Kremldəki etibarlı mənbələrə əsaslanan” bu xəbəri başqa “ciddi qəzetlərdə” görünmədi. Üstəlik, “The Moscow Times”ın öz saytından da silindi.

Xəbər isə bundan ibarət idi ki, guya prezident Putin Türkiyənin Moskvadakı səfiri Ümit Yardımı Kremlə dəvət etmiş və onun abrını bükərək, “prezidentinizə çatdırın ki, lazım gəlsə, mən onun üçün Syriyada böyük Stalinqrad təşkil edərəm” deyibmiş.

Rusiya İranla münasibətlərinə xüsusi önəm verir

Rusiya İranla münasibətlərinə xüsusi önəm verir

Bu da iddia edilirdi ki, guya Putin bağlı qapılar arxasında keçirilən bu “söhbət”də Erdoğanı “diktator” adlandırmış və onun “İŞİD terrorçuları ilə birgə cəhənnəmə göndəriləcəyini” deyibmiş.

“The Moscow Times”ın həmin xəbərində başqa “detallar da” yer almışdı. Xəbərə görə guya Vladimir Putin səfirlə uzun-uzadı monoloqunda Erdoğanı Rusiyanın Yaxın Şərqdə yeganə hərbi bazası yerləşən Suriyada İŞİD-ə dəstək verməkdə ittiham etmişdi.

Bu da vurğulanırdı ki, guya səfir də Putinin qabağında həsləməmiş və əksinə, Rusiyanı Suriyanı qarışdırmaqda ittiham etmişdi.

Odsuz tüstü?

Türkiyənin bir sıra internet saytlarında yayılmış xəbərlərdə Putin-in səfirlə iddia edilən söhbətindən sitat gətirilirdi: “Sizin nə ikiüzlü prezidentiniz var? Bir yandan demokratiya vəkilliyi edərək Misirdəki hərbi çevrilişi pisləyir, digər yandan Suriya prezidenti Bashar al-Assad-ı devirmək istəyən terrorçu qrupları dəstəkləyir”.

Bu xəbər agentlik terminologiyası ilə deyilərsə, dərhal “öldürülməsinə” baxmayaraq, hər halda müəyyən tərəddüd yeri qoyurdu.

General Soleimani birbaşa ali rəhbərin əmrlərinə tabedir

General Soleimani birbaşa ali rəhbərin əmrlərinə tabedir

Bu şübhə və tərəddüdə səbəb xəbərin kifayət qədər ciddi qəzetdə dərc olunması, hadisənin xırda təfərrüatlarla verilməsi və ruslar demişkən, “od olmasa, tüstü çıxmaz” müdrikliyinin mövcudluğu və cənab Putin-in əvvəllər də protokolu aşan, koloritli bəyanatlar verib, sonradan təkzib etməsidir.

Lakin bu da hamısı deyil. Bu xəbərin peyda olduğu ərəfədə və onun ardınca Moskva-Ankara münasibətlərinə dair başqa və sonradan heç də təkzib edilməyən və az sensasiyalı sayılmayacaqxəbərlərə də diqqət yetirmək faydalı olardı. Vladimir Putin-i belə bəyanatlar vermək üçün nə isə özündən çıxarmalıydı axı...

Erdoğanın yozumu

AFP agentliyinin avqustun 3-də yaydığı xəbər “Erdoğan deyib ki, Putin Assad-ı dəstəkləməkdən əl çəkə bilər” adlanırdı.

İnsafən Erdoğan lap elə belə də deməmişdi, amma AFP kimi mötəbər mənbələrin belə nəticə çıxarması Putini pərt qoya bilərdi.

Xəbərdə deyilirdi ki, “Putini Assad-ı dəstəkləməkdən əl çəkməyə sövq etmək olarmı” sualına cavab olaraq Erdoğan öz tərəf-müqabilinin Bakıda üzbəüz söhbətlərdə və sonrakı telefon danışıqlarında “daha pozitiv” səsləndiyini bildirib.

“Putin-in Suriyaya münasibəti əvvəllər olduğundan daha ümidvericidir”, - demişdi Erdoğan.

Türkiyə prezidenti Daily Sabah və Sabah qəzetlərinə bildirmişdi ki, Putin artıq “Rusiyanın Assadı sonadək dəstəkləyəcəyini düşünmür” və “mən inanıram ki, o, Assad-a dəstəyini dayandıra bilər”.

“Türk axını” axacaqmı?

AFP əlavə edirdi ki, Rusiya və Türkiyə qarşılıqlı olaraq “Krımın ilhaqı” və “Assad” məsələlərini bir tərəfə qoyaraq daha geniş əməkdaşlıq barədə razılığa gəliblər.

Agentlik daha geniş əməkdaşlığa misal olaraq Qara dənizin altından çəkiləcək “Türk axını” qaz kəməri layihəsini göstərirdi.

General-mayor Soleimaninin İraq əməliyyatlarında iştirak etdiyi iddia olunur

General-mayor Soleimaninin İraq əməliyyatlarında iştirak etdiyi iddia olunur

Lakin elə bu layihə barəsində avqustun 7-də yeni bir xəbərin peyda olması Moskva-Ankara münasibətlərinin gərginləşməkdə davam etdiyini göstərib.

Mediada yayılan xəbərlərə görə “2014-cü il dekabrın 1-də Putin tərəfindən elan edilmiş və Erdoğan tərəfindən qəbul olunmuş “Türk axını” layihəsi qeyri-müəyyən müddətə təxirə salınıb.

Xəbərlərdə buna mümkün səbəb kimi qazın qiyməti barədə yaranmış ixtilaf göstərilsə də, Ankaraya Vaşinqton tərfindən təzyiq göstərildiyi də bildirilir.

Və nəhayət ən son sensasiyalı xəbər Erdoğanın Putinin əvəzinə gəldiyi nəticənin yanlış olduğunu göstərib. Hərçənd bu xəbəri də RİA Novosti agentliyi təkzib edib.

İranın “ən məxfi generalı”

Bu xəbərə inanılsa, Vladimir Putin Assad-a dəstəyini nəinki dayandırmayıb, əksinə Syriya prezidentinin silahlı qüvvələrinə az qala komandanlıq edən “sirli və müəmmalı İran generalını” Kremldə qəbul edib.

Reuters agentliyinin verdiyi xəbərə görə İranın elit və seçmə hərbçilərindən ibarət Qüds Qüvvələrinin komandanı general Qassem Soleimani, üzərində BMT qadağanının olmasına baxmayaraq Moskvaya gəlib.

Qüds Qüvvələri İranın qüdrətli İnqilab Keşikçiləri Qvardiyasının xaricdə əməliyyatlar aparan qanadıdır. Bu qvardiyanın və onun üzvlərinin üzərində 2007-ci ildən bəri BMT-nin səfər qadağanı var.

Adının çəkilməsini istəməyən İran rəsmisi agentliyə bildirib ki, general Soleimani Rusiyada bir sıra regional və ikitərəfli məsələləri, o cümlədən Rusiyadan İrana S-300 yer-göy raketlərinin və başqa silahların verilməsi məsələlərini müzakirə edib.

Bu da xəbər verilib ki, İran generalı Vladimir Putin-lə və müdafiə naziri Sergei Shoigu ilə görüşüb.

Tehranın təsdiqi, Moskvanın təkzibi

Kreml bu görüşlərin yer aldığını inkar etsə də, İrandan başqa ABŞ kəşfiyyat orqanları da səfərin əlbəttə ki, baş verdiyini bildirirlər.

Üstəlik Reuters agentlyi iyulun 30-da elə həmin RİA agentliyinin başqa bir xəbərinə istinad edib. Bu xəbərə görə prezident Putinin müşaviri Vladimir Kozhin deyib ki, Moskva İran üçün S-300 raket sistemlərini modernləşdirir.

S-300 antiraket qurğusu

S-300 antiraket qurğusu

Reuters Ağ Ev rəsmilərindən birinə istinadən bildirir ki, İranla bağlanmış nüvə sazişinə baxmayaraq İnqilab Keçşikçiləri, Qüds Qüvvələri və şəxsən cənab Soleimaniyə aid ABŞ sanksiyaları qaldılmayacaq. Hərçənd bunun tam əksini yazan ABŞ mənbələri də var.

Agentlik yazır ki, Soleimani İraqda İslam Dövlətinə qarşı şiələrin əməliyyatlarında iştirak edib və onun səfəri Moskvanın Yaxın Şərqdə sünni cihadçılara qarşı koalisiyanın yaradılmasına çağırışlar etdiyi bir vaxta təsadüf edir.

Lakin iyulun 24-də yer aldığı söylənən bu görüş barədə xəbərin indi yayılması və ya “sızdırılması” Türkiyə prezidentinin Putin və Assad-a dair ziddiyyətli bəyanatı ilə eyni vaxta təsadüf edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG