Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:26

Putin özü prezident olmaq istəmirdi


Vladimir Putin və Sergei Pugachev
Vladimir Putin və Sergei Pugachev

-

Yeltsin artıq Rusiyanı idarə edə bilmədiyini görüb yerinə namizəd axtaran vaxtlarda Putin özü heç prezident olmaq istəmirdi. O, dövlət işindən ayrılıb bizneslə məşğul olmağı, gələcəkdə də xaricə getməyi planlaşdırırmış.

Putin-ə yaxın şəxs kimi Kremldə baş verənlərin cikinə-bikinə bələd olan və maliyyə fırıldağında ittiham edildikdən sonra Rusiyadan qaçan Sergei Pugachev belə deyir.

Rusiyalı milyarder, 52 yaşlı Pugachev əvvəl Yeltsin-in, sonra da Putin-in təbliğat üzrə müşaviri olub. Özünün dediyinə görə, Rusiya hakimiyyəti tərəfindən qətlə yetirilmək təhlükəsi olduğundan neçə illərdir yaşadığı Britaniyanı tərk edib Fransaya gəlməli olub. Fransada o, Qərbin bir sıra media orqanlarına müsahibə verib. Müsahibələrində Putin-in hakimiyyətə gəlişi ilə bağlı bilinməyən bəzi detalları açıqlayıb.

«ZARAFAT» NECƏ HƏQIQƏT OLDU

Pugachev iddia edir ki, Putin-in prezidentliyə namizədliyi fikrini ilk dəfə məhz o, irəli sürüb. Məqsədi də Yeltsin-in güc strukturlarındakı sərt xətt tərəfdarları tərəfindən devrilmək təhlükəsini aradan qaldırmaq olub: «Yeltsin o vaxt artıq faktiki hakimiyyəti itirmişdi. Təhlükəsizlik orqanlarındakı adamlar prezidentin öz ətrafına yığdığı liberalları küncə qısnamışdılar. Putin-in həmin vaxt Federal Təhlükəsizlik Xidmətinin rəhbəri olduğunu nəzərə alsaq, onun təyinatı potensial çevrilişdən müdafiə kimi görünürdü».

Boris Yeltsin və Vladimir Putin - 2000
Boris Yeltsin və Vladimir Putin - 2000

Pugachev Putin-i Rusiya liberallarının demokratik islahatçı kimi xatırladıqları Sobchak-ın yanında işlədiyi vaxtlardan tanıyıb. Dediyinə görə, Putin baş nazirliyə əla namizəd olub, çünki o, iki vacib elementi özündə birləşdirirdi. Bir tərəfdən, əvvəllər Sobchak-ın yanında işlədiyinə görə demokratik və liberal mənşəli sayıla bilərdi, digər tərəfdən FTX-də dayaqları vardı.

Sobchak özü Putin-in Kremldə perspektivinə o qədər optimist yanaşmayıb. Pugachev-un deməsinə görə, Peterburqun sabiq meri ilə ölümündən az əvvəl - 2000-ci ilin fevralında görüşəndə, Putin-i nəzərdə tutaraq Rusiyanın gələcək prezidenti ilə birgə işləyib-işləməyəcəyini soruşub. Sobchak isə cavabında deyib: «Putin-in prezident olması mümkün deyil. Bu, sadəcə bir zarafatdır».

Pugachev-a görə, təkcə Sobchak yox, Putin-in özü də prezidentliyinə skeptik yanaşırdı. O, sadəcə olaraq, özünü prezident kimi təsəvvür etmirdi. Biznesə girişmək, sonra da xaricə köçmək istəyirdi.

«AYDINLAŞDIRARAM»

Rusiyanın hüquq-mühafizə orqanları Pugachev-u təsisçisi olduğu, 2010-cu ildə müflisləşən «Mezhprombank» vasitəsilə 1 milyard dolları mənimsəməkdə ittiham edərək, onu İnterpola axtarışa veriblər.

Sergei Pugachev
Sergei Pugachev

Rusiyanın Əmanətlərin Sığortalanması Fondunun müraciəti əsasında London məhkəməsi Pugachev-un əmlaklarına həbs qoyub. Məhkəmə 2011-ci ildə Rusiyadan qaçandan bəri Londonda yaşayan Pugachev-a ölkəni tərk etməməyi tapşırıb. Onun Rusiya və Fransa pasportlarını müsadirə edib. Buna baxmayaraq, bu ilin əvvəllərində Britaniyadan Fransaya keçə bilib. Özünün dediyinə görə, bunu ailəsinin və özünün təhlükəsizliyi üçün və tam qanuni yolla edib.

Pugachev iddia edir ki, Rusiya rəsmiləri onun 15 milyard dollarlıq biznes imperiyasını sümürüb axırına çıxıblar. Putin-lə şəxsi münasibətlərinə gəlincə, deyir ki, bu, düşmənçilik münasibətləri deyil: «Mən dissident deyiləm, nə rejimin tənqidçisi, nə də siyasi müxalifətçiyəm. Rusiyada mənə qarşı edilənlərə baxıb Putin-lə münasibətlərimizə özünüz qiymət verə bilərsiniz».

Pugachev deyir ki, sonuncu dəfə 2013-cü ildə Amsterdamda Putin-lə üz-üzə gəlib və prezidentin bu qarşılaşmadan məmnun olduğunu görəndə çox təəccüblənib. Putin onunla açıq danışıb: «Putin mənə dedi: «Hə, eşitmişəm, orada nəsə baş verir. Bilmirəm, bunun arxasında kim durur. Sən mənə zəng elə, mən aydınlaşdıraram»».

Pugachev bildirir ki, dostlarından eşitdiyinə görə, Putin həqiqətən onun xeyrinə nəsə etməyə çalışıb. Amma heç nə dəyişməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG