Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:43

- Dünyaya gələn o insan çox keçmədən çox şey istəyəcək, xoşbəxt olmaq barədə düşünəcək. O xoşbəxtliyə isə az-az rast gələcək.

Əli Şirin Şükürlü

ÖLÜM

(hekayə)

O, həyatında ilk dəfə idi ölümdən qorxmurdu...

Yox, elə düşünməyin yalnız ölümdən danışıb, ölüm barədə fəlsəfi, lirik-sentimental fikirləri yan-yana düzəcəyik. Məsələn, bu kimi fəlsəfi fikirlərə qapılıb,

deyəcəyik: ölüm – yoxolmadır;

deyəcəyik: ölüm - əbədi həyatdır;

deyəcəyik: ölüm – son olaraq yeni başlanğıcdır;

deyəcəyik: ölüm – şüurun məhsuludur, düşüncədən kənarda ölüm yoxdur, yalnız dəyişmələr var.

Ya da ölümün poetik vəsfi ilə baş qatacağıq, təxminən belə:

ölüm – mən səndən güclüyəm, öldürə bilmədin məni;

ölüm – qurtar məni, başdan-başa əzabdır həyat;

ölüm - nə gözləyər adamı həyatdan sonra.

Bütün bunlardan danışmaq fikrimiz yoxdur. Fikrimiz həyatdan danışmaqdı, sevgidən, iradədən söz açmaqdı. X. adlı bir şəxsin həyatının bəzi parçalarını kəsib (ayırıb), sonra montaj edərək bir hekayə nəql etməkdi. Ona görə də hekayəni belə başladım:

O, həyatında ilk dəfə idi ölümdən qorxmurdu. Amma əvvəllər qorxardı. Indi isə gerçəkdən qorxmurdu. Yoxsa elə çox adam deyər mən ölümdən qorxmuram.

Adətən ölümdən qorxanlar belə deyər həm də. Bunu deyənlər ya ölümdən qorxurlar həqiqətən, ya da ölümün hələ ondan çox uzaqda olduğunu düşünürlər.

Yəni bir növ nəyəsə arxayındılar. Yoxsa ölüm ola və insanın nəyi var əlindən ala, sən də ölümdən qorxmayasan. Bir də axı niyə də ölümdən qorxmayasan və düşünəsən ölümə hələ çox qalıb.

Ölüm də ki, yaşa-filana baxmır, həyatın düz yanındadı, arada nazik pərdə. Bir tərəfdən diqqətlə baxsan o biri tərəfi görünür.

X. isə niyə ölümdən qorxmurdu az sonra biləcəyik. Indi isə gəlin görək bu qorxmazlığa çatana kimi o kim idi, nə edirdi, necə yaşayırdı. Bütün bunların da təfsilatına varmayaq, lazım olan hissələrə nəzər salaq.

X. oxumuş bir adamdı, babat işi var, yaxşı geyinir, yeyib-içməyi, məclisləri xoşlayır, bir də mütaliə etməyi. Yaşı az olmasa da evlənməyib, sevdiyi qadın var.

Bu, onun görünən tərəfləridi. Pulu olanda xərcləyər – bu məziyyəti yuxarıda sadaladığımız xüsusiyyətlərindən anlaşılır. Çünki yaxşı geyinib, yaxşı dincəlmək üçün pul xərcləməlisən.

Amma pulu azaldıqca narahatlığı artır. Itirmək elə də asan məsələ deyil axı. Pul salıb itirməkdən söhbət getmir, ümumiyyətlə, itirməkdən söhbət gedir. Nəsə qazanmısan, vaxt getdikcə qazandığını itirirsən tədricən. Itirdikcə də narahatlığın artır, yəni itirməklə narahatlıq düz mütənasibdir.

Elə ki pulu qurtardı qeyri-ixtiyari bir rahatlıq başlayır X.-ın həyatında. Nə tapır onu da sərf edir yaşayışa, day nəyinsə azalacağından, tükənəcəyindən ehtiyat etmir.

Amma var-dövlətinin artmasını da arzulayır, baxmayaraq, var-dövlətin artması ilə narahatlığının da çoxalacağını bilir. Çünki onu itirmək təhlükəsi də var – sınaqdan keçirib.

Belə baxanda adi ömür yaşayır bəzi qəribəlikləri olsa da. Əksəriyyətin sürdüyü ömrə bənzər. Bütün bu sadaladığımız onun görünən və qismən də görünməyən cəhətləridir.

Bir görünməyən tərəfi var, onu heç kimə sirr gəlməyib bu vaxta kimi. Ta ağlı kəsəndən “bir cüt göz” izləyir onu daima. Daima deyəndə, o ozü hər zaman bu izləmənin fərqində olmur, amma o “bir cüt gözdən ibarət kamera”nın fasiləsiz onu lentə aldığını bilir.

O bir cüt göz balaca, qəribə bir vücudda məskunlaşıb. Həmən vücud o qədər balacadı yalnız iri gözləri nəzərə çarpır. Bəlkə gözlər də bir elə iri deyil, sadəcə, yerbəyer olduğu xırda vücudla müqayisədə bu qədər yekə görünür.

Tez-tez də onu harasa dəvət edir – fərqli məkana. Vəd etdiyi məkan əbədidir, orada zaman yoxdur. Bütün varlıqlar və hadisələr bir anın içinə yığılıb, yəni fotoya bənzəyir.

O da həmişə imtina edir bu əbədilikdən. Nə olsun o məkanda əbədi həyat hökm sürür, heç nə dəyişmir ki.

Bir məkan ki geçmiş – xatirələr movcud deyil. Bir məkan ki gələcək – ümidlər yoxdu. Özü də o məkanın sakinləri də dostu “bir cüt göz”ə bənzəyir.

O məkana köçüb getməkdənsə, elə “ölüm”ə gedərəm – düşünür X. Nə olsun doğma məkanda ölüm var, ölümlə yanaşı nə qədər gözəlliklər, dəyişmələr, ümidlər də var ki, həyatı maraqlı, rəngarəng edir.

Dostunun dəvətini qəbul etməsə də, ölümdən də qorxur X. Hələ ki qorxur. Çünki itirəcəyi bir çox şeylər var. Onlardan biri də sevdiyi, neçə il bir yerdə olduğu gözəl qadınıdır.

Bu neçə ildə daim birlikdə olsalar da, evlənmək ağlına batmır X.-ın. Axı evlənməyin nə mənası var. Bir dəfə sevdiyi qadınla dostunu təbrikə getmişdilər; dostunun övladı gəlmişdi dünyaya.

Qadın qucağına alıb oxşadığı körpəyə X.-ın nəvazişlə baxdığını görərkən ona müraciətlə bir qədər sevincək soruşdu:

- Xoşuna gəlir?

- Hə. Nəsə qanım qaynadı bu uşağa.

- İstəyərsən belə bir uşağın olsun?

- Bilmirəm.

Day heç nə soruşmadı qadın. O da heç nə demədi. Əslində deyiləsi sözü var idi. Amma demədi. Desəydi gərək bunları deyəydi: uşaq dünyaya gətirmək yeni insan dünyaya gətirməkdi.

Gəlişi ilə sevindirər ata-ananı, baba-nənəni, yaxın qohumları. Axı insan daim yaşamaq istər, amma bunun mümkünsüzlüyünü də dərk edər. Uşaq dünyaya gətirməklə şüurunda gizlənən əbədi həyat istəyini doydurar qismən.

Lakin uşaq dünyaya gətirməklə yeni iztirablara yol açırlar. Dünyaya gələn o insan çox keçmədən çox şey istəyəcək, xoşbəxt olmaq barədə düşünəcək. O xoşbəxtliyə isə az-az rast gələcək.

Lap elə tez-tez rast gəlsə də, az olduğunu düşünəcək. Bir istəyi həyata kediyi an başqa nəsə arzulayacaq. Istəyin doğurduğu arzular da bitib-tükənməz, sonsuz bir proses.

Hər hansı bir istəyi həyata keçmədi məyusluq döyəcək qapısını. Özünü bədbəxt hesab edəcək. Xoşbəxt anları unudacaq. İztirablar başlanacaq.

Həyat isə elə bir yoldu o yolda xoşbəxtliyə tez-tez rast gəlmək qeyri mümkündü. Belə olan halda dünyaya uşaq gətirməyə dəyərmi.

Biz özümüz tükənməz iztirablar məngənəsində sıxıldığımız halda yeni iztirablar gətirək dünyaya hansısa bir körpənin timsalında?!

Bax bu kimi düşüncələri onu ailə məsuliyyətini üzərinə götürməkdən çəkindirirdi. Allahın ona bəxş etdiyi ömrü düzgün hesab etdiyi kimi yaşayırdı.

Sevdiyi qadın da onu yaxşı tanıdığından üstünə getmirdi. Bəlkə də qadın qüruruna sığınıb dururdu, bəlkə də onu itirmək istəmirdi. Hər halda ilk baxışdan onunla birlikdə olmaqdan məmnun görünürdü.

“Bir cüt göz” isə kamera kimi daima izləyirdi “qurbanını”. Arabir peyda olurdu əbədi həyat vədləri ilə. Özü də bu peydaolmalar müəyyən məqamlarda baş verirdi. Əsasən də X. məyus olduğu vaxtlarda.

Elə danışan da gözlər olurdu. Bir cüt göz monitor kimi bütün informasiyaların təsvirini verirdi ekrana. Danışığa yer qalmırdı.

Bir məkanda hər şey bir tərəfə, adi səsdən, sözdən məhrumdu oranın sakinləri. Səsin, sözün doğurduğu ahəng, ritm, intonasiya movcud olmayan yerdə insan nə qədər gözəlliklərdən məhrum olur.

X. isə rəngarənglik, ahəng, ritm, intonasiya arzulayırdı həyatda. Ziddiyyətlər, dəyişmələr arzulayırdı. Sabitliyi, monotonluğu sevmirdi.

Bir gün gözündə ağrı hiss etməyə başladı X. Belə hallar bəzən olurdu deyə əhəmiyyət vermədi. Amma bu ağrı əvvəlki ağrılardan fərqlənirdi.

İnsanın bir çox şeylər kimi vərdiş etdiyi ağrıları da olur. Bir növ o ağrılarla doğmalaşır. Amma bu ağrı ona yad idi, qəfil haqlamışdı onu.

Getdikcə artırdı ağrıları, artıq başında da bərk ağrılar yaranmışdı. Ağrılar o həddə çatdı onu yatağa saldı. Sevdiyi qadın, doğma adamlar tez-tez baş çəkirdi ona təsəlliləri ilə.

Həkimlər isə qəti heç nə vəd etmirdi. Vəd edən isə yenə də “bir cüt göz” dostu idi.

- G E D İ R S Ə N? – monitorda iri hərflərlə yazılmışdı.

- Yox hələ - X. gülümsəməyə çalışdı.

- Orada həyat gözləyir səni.

- Elə burada da həyat var, ağrıların özü də həyat əlamətidi, - X. özünü sındırmamağa çalışdı.

- Orada həyat var, ağrı yoxdu.

- Ağrısız da həyat olar, - X. eyni şövqlə cavab verdi.

Monitor qaraldı, yerində yenə iri bir cüt göz parladı. Tibb bacısı palataya daxil olarkən X. artıq tək idi. Ağrıkəsici qəbul etməyin vaxtı idi.

Vaxtı idi deyəndə özü xahiş etmişdi. Ağrılardan müvəqqəti də olsa qurtulmaq, rahatlanmaq istəyirdi. Ancaq maraqlı olan o idi ki, belə vəziyyətdə idrakı işıqlanmışdı elə bil.

Ağlında bu vaxta kimi ona tanış olmayan fikirlər dolaşırdı. Hikmət dolu bu fikirlər ona iztirablardan qurtuluş yolu göstərirdi. Sadəcə bu yolu qəbul etmək qalırdı ona.

Bunun üçünsə ayağa qalxmaq, fiziki ağrılardan xilas olmaq gərəkdi öncə. Sonra necə yaşayacağını bilir. Fiziki ağrılara da bacardıqca dözməyə çalışırdı. Sevdiyi qadın tez-tez ziyarət edirdi onu, ağrılarının şahidi olurdu.

“Səni daha çox sevdim, ağrılarınla birgə, iradəni daha çox sevdim bu dəfə” – sevdiyi qadın bu sözləri ona söyləyərkən, bunun da təsəlli olduğunu düşünüb, qadının gözlərinə baxdı.

Qadının gözləri gerçəkdən sevgi ilə dolu idi, amma bu sevgi göz yaşları ilə islanmışdı azca. Əlini qaldırıb, vəfalı qadının gözlərində gəzdirməyə başladı. Əlində, sonra da dodaqlarında hiss etdiyi doğma istiliyin hərarəti altında yuxuya getdi.

Ağrılardan tez-tez huşunu itirirdi son vaxtlar. Sədaqətli dostu “bir cüt göz” də tez-tez peyda olurdu bu məqamlarda və “xilas etməyə” çalışırdı onu. Son dəfə yenə peyda oldu: “G E D İ R S Ə N?”.

“Həmişə gedirik də, elə yaranandan. Yox, heç yaranmamışdan da, bu dünyaya təşrif gətirməmişdən gedirik” - ağrılardan üzülmüş X. bu dəfə başını qaldırıb bir cüt gözə diqqətlə baxdı.

Qəribə idi, bu gözlər artıq ifadəli idi. Əvvəl heç vaxt bir cüt gözü bu cür mənalı görməmişdi. Gözlər mərhəmətlə, nəvazişlə dolu idi.

Sanki onun ağrıları, ağrılarına qalib gəlmək əzmi, iradəsi cansız kameranı xatırladan bu bir cüt gözə də təsirsiz ötüşməmiş, bu gözlərə “həyat” bəxş etmişdi. Gücünü toplayıb, yenə nəsə demək istəyərdi ki, yenidən huşunu itirdi.

Artıq ayaq üstə idi X. Özünü gümrah hiss edirdi, heç vaxt olmayan kimi gümrah. Fərqli hisslərlə zəngin idi varlığı. Hər yerdə gözəllik axtarırdı gözləri.

Nə xoşuna gəlməyəndə tez üz çevirirdi və gedirdi. Hər şeyi təmənnasız seyr edirdi. Təmənnasız yaşadığından çox rahat idi.

Nəsə itirəcəyindən də qorxmurdu. Hesab edirdi itirəcəyi heç nə yoxdu həyatda. O qədər böyük iradə sarmışdı varlığını qorxu hissini də itirmişdi.

İnsanı zəif salan, gözüqıpıq edən qorxu hissini itirməklə güc sahibinə çevrilmişdi X. Bunu yaxşı anlayırdı.

Onu zəif edə biləcək nə vardısa hamısından imtina etməyi bacarırdı. Ətrafında nə vardısa fövqündə dayanmışdı onların. Amma elə hey gedirdi.

Ölümdən də qorxmurdu. Bu dəfə gerçəkdən qorxmurdu. Qorxu hissini itirən adam ölümdən necə qorxa bilərdi. Amma həyatdan da imtina etmirdi. Həyatdan öz xoşuna imtinanı zəiflik hesab edirdi.

Belə adamlar adətən çox istəyib, tez məyus olanlar, həyata daha çox bağlanan zavallılardır. Xoşbəxt olmaq istədiklərindən elə bədbəxdirlər.

Belə düşünə bildiyindən gözəlliklərdən zövq alır, çirkinliyə, nadanlığa arxa çevirib yaşayırdı X. Çox asanlıqla imtina etməyi bacarırdı yeri gələndə.

O qədər böyük iradə sahibinə çevrilmişdi imtina etmək adi bir şey idi onun üçün. Çoxlarının qamarlamağa çalışdığı, üstündə əsdiyi, itirməkdən qorxduğu elə şeylər vardı onunçun heç bir əhəmiyyət kəsb etmirdi.

Beləcə, əsl güc sahibi kimi çox şeyin fövqündə dayanmışdı və ucalıqdan seyr edirdi həyatı. Ucalığı isə fiziki hadisə kimi qəbul etmir, idraki vəziyyət hesab edirdi.

Və ölümdən qorxmazlığı belə başladı X.-ın. İdraki ucalıqda iradə sahibinə çevrildikdən sonra. Bu çevrilməni isə bir neçə dəfə “ölüb-dirildikdən” sonra qazanmışdı.

Ölümə də həyat əlaməti kimi baxırdı artıq. Ölümlə həyat o qədər yaxındı, doğmadı bir-birinə, əl-ələ tutublar və hər an sarıla bilərlər bir-birinə.

Ölüm həyatın davamıdır, həyat ölümün – deyə gedirdi. Elə hey gedirdi. Arabir gözləri dostunu axtarırdı - “bir cüt göz”ü. O isə peyda olmurdu.

... - 20.02.2015

Günün bütün mövzuları

XS
SM
MD
LG