Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:27

-

“Uşağın başında barmaq izləri açıq-aydın görünürdü. Özləri də öz aramızda bizə etiraf elədilər ki, bir işdir olub, həkim səhlənkarlıq eləyib, uşağın başını barmaqlarıyla sıxıb əzib”.

2013-cü il Bərdədə məskunlaşan Xocalı köçkünləri Türbəndəyevlərin ailəsinə yeni nəfəslə qədəm qoyur.

İlin ilk həftəsi ailəyə bir qız uşağı gəlir. İlk anlarda hər kəs sevincini paylaşır. Halbuki indi deyirlər, “getsin o illər, bir də gəlməsin”. Ailə başçısı İntiqam Türbəndəyev indi iki yaş yarımlıq olan qızı Könülə görə həm uşağın özünün, həm də ailənin çəkdiyi əziyyətlərdən danışır. Deyir, ayda bir dəfə körpəni Bakıya gətirib müalicə etdirməsələr, ömürlük iflic ola bilər.

Atanın iddiasına görə, körpə hələ doğularkən xəstəxanada həkimlərin səhlənkarlığı üzündən şikəst edilib.

BEYİNƏ QANSIZMA DİAQNOZU QOYULUB...

“Həmin il yanvarın 6-da uşaq doğuldu. Hələ bizdən muştuluq da aldılar. Sabahı gün gördük ki, əl-ayağa düşüblər. Tələsirlər ki, uşağı xəstəxanadan tez yola salsınlar. Şübhələndik… Hətta anası da uşağı yalnız xəstəxanadan çıxanda gördü.

Dəhlizdə uşağın bələyini açıb tökdük, baxdıq ki nə?.. Bədəni boğazdan aşağı qapqaradır. Baş həkimi tələb etdik. Dedik, “əlimizə verib yola saldığınız uşaqdır, tərəvəz deyil”. Qabağa mama-ginekoloq Xuraman Bəylərova çıxdı. Bizimlə yalnız o danışdı. Dedi, “sağlamdır, narahatçılığa əsas yoxdur”. Bizə təsir edən odur ki, heç olmasa vaxtında bizi aldatmasaydılar, bizi uşaq xəstəxanasına göndərsəydilər, indi uşaq şikəst qalmaq təhlükəsiylə üzləşməzdi”.

Ata daha sonra deyir, beləcə, yanvarın 7-də körpəni evə gətiriblər, elə həmin axşam vəziyyəti pisləşib. Yüksək hərarətlə doğum evinə qaytarıblar. Ailə üzvlərinin səs-küyündən sonra doğuşu həyata keçirmiş mama-ginekoloq Xuraman Bəylərovanın məsləhəti və doğum evinin tibb bacısının nəzarəti ilə körpə Bərdədəki uşaq xəstəxanasında müayinədən keçirilib.

Intiqam Türbəndəyev

Intiqam Türbəndəyev

Səhhətində problemlər olmasına baxmayaraq, 13 saatdan sonra körpə valideynlərinə verilib ki, “hər şey yaxşıdır, götürün aparın evə”.

Hər gün qıcolma keçirirdi. Bərdə rayon uşaq xəstəxanasına apardıq və tələb etdik ki, uşağı xəstəxanada əməlli-başlı müalicə etsinlər. Uşağa beyinə qansızma diaqnozu qoyuldu. Bu da doğuşun qüsurlu baş verməsi zamanı olub.

“Hər gün qıcolma keçirirdi. Bərdə rayon uşaq xəstəxanasına apardıq və tələb etdik ki, uşağı xəstəxanada əməlli-başlı müalicə etsinlər. Uşağa beyinə qansızma diaqnozu qoyuldu. Bu da doğuşun qüsurlu baş verməsi zamanı olub. Həkim uşağın başını elə sıxıb ki, barmaqlarının izi qalmışdı. Biz bunu vaxtında həkimlərə deyəndə dedilər, “narahat olmayın, elə bir şey deyil, keçib gedəcək”. Ancaq göründüyü kimi, keçib getmədi. Gündən-günə ağır fəsadlara səbəb olur”.

MAMA-GİNEKOLOQU HİMAYƏ EDİRLƏR?

Ata övladının başına gələnlərlə bağlı əvvəl Bərdə Rayon Prokurorluğuna müraciət edib. O, iddia edir ki, mama-ginekoloqu Prezident Administrasiyasında şöbə müdiri işləyən bir şəxs himayə edir. Bu səbəbdən də onun bütün qurumlara şikayətləri dalana dirənir:

“İstintaqa təsir edib, həqiqətin üzə çıxmasına imkan vermirlər. İstintaqçıların da hər dəfə son sözləri bu olur ki, “uşaq evə buraxılanda səhhətində problem olmayıb”. Sual olunur, əgər uşaq xəstəxanadan sağlam buraxılmışdısa, niyə bir neçə saatdan sonra əlavə iki həkim müayinəsinə ehtiyac yaranırdı? Niyə Bərdə uşaq xəstəxanası uşağı 20 gün beyinə qansızma diaqnozu ilə reanimasiyada müalicə edirdi? İşi ört-basdır etmək üçün hətta istintaqa təqdim etdikləri arayışlarda da saxtakarlıq ediblər”.

Bərdə rayon Doğum Evindən “Qaynar xətt”ə bildirilib ki, İntiqam Türbəndəyev xəstəxananın həkimləri ilə bağlı dəfələrlə rayon prokurorluğuna müraciət edib. Prokurorluq da məsələni dəfələrlə araşdırıb. Körpə xəstəxanadan sağlam çıxıb, səhhətindəki problemlər də ev şəraitində yaranıb.

8 NƏFƏR TÖHMƏT ALIBMIŞ

Bərdə rayon Prokurorluğundan isə bildirilib ki, Türbəndəyevin ərizəsi əsasında araşdırma aparılıb. Ancaq Könül Türbəndəyevanın doğumu zamanı həkimlərin hər hansı səhlənkarlığı ilə bağlı deyilənlər təsdiqini tapmadığı üçün şikayətə xitam verilib.

Bərdə rayon Prokurorluğundan isə bildirilib ki, Türbəndəyevin ərizəsi əsasında araşdırma aparılıb. Ancaq Könül Türbəndəyevanın doğumu zamanı həkimlərin hər hansı səhlənkarlığı ilə bağlı deyilənlər təsdiqini tapmadığı üçün şikayətə xitam verilib.

Doğum evinin tibbi heyətinə - 8 nəfərə isə tibbi şuranın qərarı ilə elə həmin vaxtlarda - 20 fevral 2013-cü il tarixdə töhmət verilib.

Mama-ginekoloq Xuraman Bəylərova Bərdə rayon Prokurorluğunda yazdığı izahatda göstərib ki, uşağın qarnında köp olduğu üçün valideynlərə Bərdə Uşaq Xəstəxanasında işləyən Baxşeyiş Məhərrəmovun uşağa baxmasını məsləhət görüb. Tibb bacısını da valideynlərə qoşaraq həmin xəstəxanaya yollayıb. Sonra elə həmin həkim ona məlumat verib ki, uşaqda heç bir problem yoxdur. Həkim Türbəndəyevlərin ona “şirinlik” verməsi ilə bağlı deyilənləri də təkzib edib.

Atanı isə bir sual maraqlandırır: əgər prokurorluğun bildirdiyi kimi, uşağın səhhətindəki problemlərlə bağlı Xuraman həkimin günahı yoxdursa, niyə tibbi şuranın qərarı ilə 8 nəfərə töhmət verilirdi? Türbəndəyev həmçinin iddia edir ki, rayon prokurorluğu Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərdiyi sənədlər qovluğuna əsas sənədləri əlavə etməyib. Hansı ki, o sənədlərlə həkimlər barəsində cinayət işi başlanmasına zəmin yaranacaqmış.

MƏHKƏMƏ DEYİR PROKURORLUQ ARAŞDIRMALIDIR

Rayon prokurorluğunda şikayətlərinin quyunun dibinə düşdüyünü görən Türbəndəyev ölkənin baş prokuroru və səhiyyə naziri ilə üzbəüz oturur. Deyir, bir dəfə Mingəçevirdə baş prokuror Zakir Qaralovun, bir dəfə birinci müavini Rüstəm Usubovun, Bərdə və Kürdəmirdə iki dəfə səhiyyə naziri Oqtay Şirəliyevin, bir dəfə ombudsman Elmira Suleymanovanın, bir dəfə Qaçqın və Məcburi köçkünlər üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun müavininin, millət vəkilləri Aydın Mirzəzadənin, Rəbiyyət Aslanovanın qəbulunda olub. Prezident Administrasiyasına getməyinin isə sayı-hesabını itirib:

“O boyda baş prokuror, səhiyyə naziri deyir ki, “get, ver məhkəməyə”. Məhkəməsə deyir, əvvəl prokurorluq araşdırmalıdır”.

Türbəndəyevlər deyirlər, həkimlər körpə Könülü şikəst etməklə ailənin bütün arzularını şikəst ediblər.

“Və buna görə cavab verməlidilər,” - bu da atanın son sözüdür…

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG