Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:59

Yox, gərək biləsiniz


Hikmət Carçılı Orhun
Hikmət Carçılı Orhun

- "Xaraktercə həyatı axışına buraxan adamam, mübariz deyiləm. Bir şey mənim olmayacaqsa olmayacaq, onun uğrunda özümü öldürməyi sevmirəm..."

Hikmət Carçılı Orhun

Vərəmli qız

Bən dilərdim ki, cümlə züvvarın

Sana həmşireyi-səfa deyələr!

Niçin ağlar nigahi-bimarın,

Səni qoynunda bəsləmişmi kədər?!

Hüseyn Cavid

On bir-on iki yaşım olardı. İlk dəfə bir qız sevirdim. Gecəm-gündüzüm yox idi. Evdə-eşikdə camaata göz verib, işıq vermirdim. Ki, o qızı mənə almalısınız.

Onlar da birtəhər yola verirdilər ki, yaşın azdır, böyüyərsən, baxarıq; əli-ayağı düz olsa alarıq.

Qane ola bilməzdim, günü sabah elçi getməli, qızı dədə-cijisindən istəməliydilər. Adı çıxmalıydı ki, yolda-yamacda yan gözlə baxan olmasın.

Yasəmən idi adı. Boyda məndən xeyli balaca olsa da, qara saçları, dümağ əlləri, qarda üşümüş kimi al qırmızı yanaqları könül oxşayırdı. Gözlərini demirəm, kömür qarası gözlərini...

Yanaşı siniflərdə oxuyurduq. Tənəffüs arası çıxıb, məktəbin həyətində oynayanda tez-tez göz-gözə gələr, gülüşərdik.

Hər dəfə qar kimi ağaran dişlərini, ətrafa işıq saçan gülüşünü görəndə içimə od düşərdi. Bir aydan çox idi çəkirdim bu dərdi...

Özünün xəbəri yox idi. Elə məqam axtarırdım ki, ürəyimi açım. Fürsət olmurdu ki, olmurdu. Mağazaya gedəndə, qayıdanda izləyirdim. Arzulayırdım ki, təkliyə düşək.

Fərsizin biriyəm, təkliyə düşəndə, aradığım fürsət qabağıma çıxanda da dilim topuq çalırdı, əlim-ayağım biri-birinə dolaşırdı. Rahatlığım yağlı əppək olub göyə çəkilmişdi.

Oğlan tay-tuşlarıma yapışa bilmirdim. Bir araya gələndə xırda məsələləri bəhanə edib, dava salırdım.

Yavaş-yavaş anlamışdım, o uşaqlar da məndən soyuyur, günbəgün uzaq düşürdülər. Yadıma düşəndə özgə dərdin çəkməzdim, mənə Yasəmənim lazım idi.

Xaraktercə həyatı axışına buraxan adamam, mübariz deyiləm. Bir şey mənim olmayacaqsa olmayacaq, onun uğrunda özümü öldürməyi sevmirəm.

Məncə, ağılsızlıqdır. İntəhası, o dövr dost-tanış arasında dava-şavalarda adım çıxmışdı deyə, sevdiyim qızla münasibətlərimi allahın ümidinə buraxmağı özümə sığışdıra bilmirdim.

***

Təzə-təzə şeir yazırdım. On iki vərəqli dəftərin bir küncünə cızma-qara eləmişdim. Sinfimizdəki qızlardan biri o qaralamanı məndən xəbərsiz cırıb, Yasəmənə götürmüşdü. Şeiri bəyənib, bir müddət gülüb...

Qəfildən yadına nə düşübsə, bir göz qırpımında vərəqi parça-parça edib. Sinif yoldaşım cavab soruşanda deyib ki, mən ona layiq deyiləm, özünə başqasını tapsın, yazıqdı...

Söz gəlib mənə çatanda “sındı qol-qanadım yanıma düşdü”. Darmadağın oldum. Məni özünə layiq görməmişdi, ya özünü mənə... Fərqi yox idi.

Olan olmuşdu, "yox" deyirdi. Bu xəbərlə barışa bilmirdim, mümkün deyildi. Havalanmışdım. Havalı-havalı o yana, bu yana dolanır, özümə yer tapa bilmirdim.

Yasəməni görsəm, üzünə baxa bilməzdim. Acıq eləyib, bir həftə məktəbə getmədim. İki gün yarım sağ qolum üstə, iki gün yarım sol qolum üstə yatdım.

Müəllim qonşumuz Yasinin gədəsindən ismarıc yollayandan sonra anam məni eninə-uzununa budayaraq hüyləyib-küyləyib səhərisi gün dərsə göndərdi: “Qara boyun yerə girsin! Bə, mənə deyirdin tətildir?”

Yalanım arvadı necə yandırmışdısa, bir gün axşama günümü göy əskiyə bükdü, ağzını açanda təpəmdən aşağı qatı açılmamış qarğış tökdü...

***

Yasəmən məktəbə gəlmirdi. İçimə qurd düşdü. Öz-özümə düşümdüm ki, bəlkə də ata-anası yazdığım şeirdən xəbər tutub, dərsə qoymayıb.

Bəlkə də başqa problemi var idi, ancaq o zaman bundan savayı nəsə düşünə bilmədim. Ağlıma özgə bir şey gəlmirdi.

Hər halda hələm-hələm dərsdən qalan şagird olmadığına görə, ürəyimə dammışdı: “Başında bir iş var”. Ara uzanmağa başladı...

Müəllimlərdən, tanış-bilişdən onu soruşdum. Bakıya gedib deyirdilər. Nəyə getdiyini bilən yox idi, deyəsən. Hərə bir şey danışırdı.

Kimi deyirdi, atası Bakıda iş tapıb, artıq o da orda oxuyacaq, kimi də deyirdi, yaxın günlərdə qayıdacaq, gəzməyə gedib.

Zaman keçdikcə yavaş-yavaş yaralarım qaysaq bağlayırdı. Mənə elə gəlirdi ki, unuduram. Onun yoxluğuna alışırdım elə bil. Alışırdım.

Qadınlar kişilərin unutqan olduqlarından danışanda acığım gəlir, di gəl, həmin ara Yasəməni yadımdan çıxarıb, özgə qızlarla deyir, gülürdüm. Üstəlik birinə könlümü də qapdırmışdım.

Qızların saçları ilə oynamağı sevirdim. Bu, onların xoşuna gəlirdi. Mən güləndə gülür, mən oynayanda oynayır, nazlarını çəkəndə nazımı çəkirdilər, nazımı çəkəndə nazlarını çəkirdim...

Birinin könlünü sındırmadım, birinə “gözün üstə qaşın var” demədim. Sevmədilər, ancaq məni sevmədilər...

***

Bir axşam atam evə başıalovlu gəldi. Rəngi, rufu ağarmışdı.

Anam soruşdu:

- Rəngin niyə ağarıb?

Səsi titrəyə-titrəyə cavab verdi:

- Süleymanın qızı rəhmətə gedib.

Yasəmən Süleymanın qızı idi. Atam halımın dəyişdiyini görüb söhbəti dəyişməyə çalışsa da, sözü ağzından almışdım.

Vərəmdən ölmüşdü Yasəmən. Əslində bunları danışmağın mənası yoxdur. Yox, gərək biləsiniz. Yasəmən xəstəliyindən xəbərdar imiş.

Bir-iki dəfə öskürəndə qonşunun arvadı bunun ürəkaçan şey olmadığını deyib.

O isə ailədən gizlədib, qorxudan içini yeyə-yeyə, yeyə-yeyə əcəlini yaxınlaşdırıb. Ailənin xəbəri olanda xəstəlik xroniki hala çevrilib...

***

Yasəmənin dəfininə gedə bilmədim. Qoca arvadların onun adını çağırıb ağlamağına dözə bilməzdim. O biri uşaqları yığıb dəfnə aparanda müəllim məni soruşub. Məktubumu Yasəmənə çatdıran qız xəstələndiyimi deyib.

Qırxı günü sinif uşaqlarına qoşulub, güc-bəla ilə məzarlığa ancaq gedə bildim. Baş daşındakı şəklində dipdiri düşmüşdü. Elə bil danışacaqdı.

O soyuq daşın altında yatanın Yasəmən olduğuna inana bilmirdim. Məzarı hasara almış dəmir barmaqlıqlara söykənib gözümün qorasını tökürdüm.

Məzarlıqdan ayrılanda gözləri gülürdü. Mənə elə gəldi ki, arxamca qaçıb “getmə” deyəcək...

XS
SM
MD
LG