Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:55

- "İki saat tər tökəndən sonra təxminən yüz metrlik radiusda iki nəhəng zibil topası alındı."

Günel Mövlud

Piknik

Yay başlayandan bəri hamı dincəldiyi yerlərdən və ölkələrdən danışır. Açığı, gərgin iş qrafiki hələ dincəlməyə və ya harasa getməyə imkan verməyib.

Günlərin birində dəhşətli boğulma və nəfəs çatışmazlığı ilə oyandım. Həyat yoldaşım təzyiqimi ölçdü. Nəbzimi yoxladı.

Prinsipcə hər şey qaydasında idi. Gün uzunu halsızlıdan və boğulmadan sonra qərara gəldiyimiz nəticə bu oldu: yorğunluq.

Əslində mən özümü kifayət qədər tənbəl adam hesab edirəm. Bu il başlayandan bəri artıq ikinci romanın tərcüməsini bitirirəm. Hər ay 10 məqalə yazıram. 4-5 müsahibə alıram. 60-70 yazı redaktə edirəm.

Məişət və uşaq da bir yandan. Hələ paralel bir neçə kitab oxumağı saymıram və iş hesab eləmirəm. Bütün bunlara baxmayaraq, yenə də tənbəl adam olduğumu düşünürəm.

Hələ utanmadan kompüterimi də götürdüm. Dedim, orda açıq havada boş oturmayım. Bir yazı yazım. Ya tərcümə edim.

Çünki hesab edirəm ki daha artığını edə bilərdim. Etməmişəmsə, bunun adı tənbəllikdən başqa bir şey deyil.

Amma tənbəllər də yorulur. Mən də düşündüm ki, yorğunluğu çıxarmaq üçün bir az hava və təbiət ziyafətinə ehtiyacım var. Piknikə getməyi qərara aldıq.

Axşamdan hazırlaşdıq. Xalça-palaz hazırladıq. Samovar və manqal götürdük. Bostandan tərəvəz yığdıq közləmə üçün.

Zibil yığmaq üçün sellofan torbalar tədarük gördük. Dayəmiz yaxşı bir yer bildiyini dedi. Bulaq başı imiş. Meşənin içində. Mənzərəli və çox gözəl havalı bir yer.

Uşağın da pal-paltarını rahatlayıb getdik. Hələ utanmadan kompüterimi də götürdüm. Dedim, orda açıq havada boş oturmayım. Bir yazı yazım. Ya tərcümə edim.

Gəldik çatdıq piknik yerinə. Sovetin düz vaxtında kimsə buranın mənzərəsini və havasının piknik üçün uyğun olduğunu anlayıb bir taxta masa və skamyalar quraşdırıb. Nə bilmək olar, bəlkə də insanlara yaxşılıq eləmək istəyib.

Taxta masa və skamyaların qarasından və köhnəliyindən buraların neçə illərdir piknik yeri olduğunu o dəqiqə bilmək olurdu.

Bulaq və meşə. Gözəl mənzərə və tərtəmiz hava. Oturmaq üçün rahat skamyalar və masa.

Bura bir zibil çeşidləmə mütəxəssisi gəlsəydi, qısa müddətə “zibil maqnatı” olardı.

Amma bir məsələ var idi ki, bütün bu gözəlliyi, rahatlığı burnumuzdan gətirdi. Zibil.

Masanın, skamyaların altı, yanları, kolların arası, ocaq yerləri, bulağın həndəvəri – bir sözlə, hər yer zibil içində idi. Hindistandakı məşhur Dxaravi zibillikləri bu zibilxananın yanında yalan olardı.

Bura bir zibil çeşidləmə mütəxəssisi gəlsəydi, qısa müddətə “zibil maqnatı” olardı. İllahi, zibil sözün əsl, hərfi mənasında dizə çıxırdı.

Kartof-soğan, qarpız, yemiş qabıqları çürümüş, hərəsinin üstünə bir topa milçək qonmuşdu. Salfetlər, işlənmiş nəm dəsmallar kolların, ağacların budaqlarında ilişib, “niyyət ağaclarını” xatırladırdı. Havada sallofan torbalar uçuşurdu.

Göz işlədikcə boş və dolu şirə, şərab, pivə şüşələri, plastmas butulkalar, tənəkə qablar, əskilər, işlənmiş uşaq bezləri, konserv qutuları, sür-sümük, zibil dolu, ağzı düyünlü torbalar, köhnə süfrə cırıqları, alt paltarları, kalqotkalar, qazı bitmiş alışqanlar, güzgü qırıqları, pomada tübikləri, oyuncaq parçaları, diş pastasının boş qabları və daha nələr...

Nə etməli? Uşağı dayəyə tapşırdıq və üç nəfər olmaqla bütün heyət qollarımızı çırmaladıq.

Haça budaqlarda dırmıq qayırıb, pərən-pərən düşmüş zibili topalar halına gətirməyə çalışdıq. İki saat tər tökəndən sonra təxminən yüz metrlik radiusda iki nəhəng zibil topası alndı.

Bu qədər zibili kisələrə doldurmaq imkanı olmadığından zibilləri yandırmalı olduq. His-pas üstümüzə hopdu.

Hisdən üzmüz, qollarımız qara-qəhvəyi rəng aldı. Bilmirəm, nə qədər doğru alındı. Bəlkə də təbiətə ziyan vurduq. Amma əks halda, orada oturmaq mümkün deyildi.

Bu qədər yorğunluqdan sonra oturmaq, havadan, bulaqdan, mənzərədən həzz almaq hayında deyildik.

Hamı tez ən sərt qoxulu sabunlarla yuyunmaq, üstündəki iyrənc his qoxusunu, əllərinə, dırnaqlarının arasına hopmuş kiri, çirki təmizləmək istəyirdi.

Dəm-dəstgahımızı da yığıb, geri qayıtdıq. Qayıtmazdan əvvəl zibilini təmizlədiyimiz əraziyə fəxr və sevgi hissi ilə baxdıq. Yolboyu çox şən idik. Deyib-gülür, bugünkü fəaliyyətimizi öyür, bir-birimizi tərifləyirdik.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG