Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:30

O gün yaman gün oldu...


Ayxan Ayvaz
Ayxan Ayvaz

- Şoferlə də selfie eləmək istəyən aktrisa xanımın aldığı cavab isə bizi susdurdu: “Mən şikəstəm, xanım. Lazım deyil”.

Ayxan Ayvaz

Sərxoş gündən reportaj

Tural Şahtaxtinski adında bir gənc yazar var. Mən əsgərlikdə olanda kitabı çıxmışdı. Bir-birimizi şəxsən tanımırdıq.

Hərbi xidməti başa vurub gələndən sonra bir məclisdə qarşılaşdıq. Mərifətli oğlana oxşayırdı, leksikonunda “bəy”, “siz” sözlərindən eninə-boluna istifadə edirdi.

Həmin gün yaxşıca içdik, dedik-güldük, aramızda səmimiyyət yarandı. Dedim, başını burax, bu “bəyin-məyin”, adam dilində danış, qazaxlı olasan, hər kəlmənin başı “bəy”dən başlaya.

Güldü, dedi, bir də olmaz. Metroya düşəndə mənə öz kitabını hədiyyə etdi: “Uzaqda bir şəhər”.

Ondan sonra tez-tez görüşdük. İndi bu yazını yazdığım vaxt da Tural zəng eləyib soruşur ki, hardasan, gəl oturaq içək.

Səhərə qədər gəzdiyimiz o gün isə yadımdan çıxmır. Deməli, Oda Teatrda “Bəyaz şedevr” tamaşasına baxıb kövrəldik, xeyli vaxt özümüzə gələ bilmədik.

Turala dedim, evə getmək istəmirəm. O da dedi, gedək içək. Kafələrin birinə gedib nisyə yazdırdıq.

Başladıq içməyə, az sonra sıralarımız genişləndi, məclis doldu-daşdı. Mən dil qəfəsə qoymadan danışır, şeir deyirdim. Sonra çıxıb şəhəri gəzdik, soyuğu saya salmadan o küçə sənin, bu küçə mənim dolandıq.

Yanımızda aktrisa xanım vardı, onu evə aparmalıydıq. Amma söhbətimiz o qədər maraqlı alındı ki, qız bizdən ayrılmaq istəmədi.

Boş küçə ilə getdiyimiz vaxt bir taksi saxlayıb, “hara gedirsiniz” deyə soruşanda cavab verdik ki, pulumuz yoxdu.

Taksi şoferi səxavətli çıxdı, dedi, mən sizi apararam. Sevincək taksiyə mindik. Amma şoferin yaxşılığından sui-istifadə edib şitlik açdıq, dedik-güldük, şəkil çəkdirdik.

Şoferlə də selfie eləmək istəyən aktrisa xanımın aldığı cavab isə bizi susdurdu: “Mən şikəstəm, xanım. Lazım deyil”.

Qızın evlərinin yanında xeyli söhbət etdik, düz üç dəfə sağollaşdıq, əl tutduq, amma qız getmək istəmədi.

Axırda, o da biz avaralara qoşulub getdi. Səhərə qədər boşalmış, kimsəsizləşmiş şəhərin parklarını, küçələrini, məhəllələrini gəzdik.

Söhbətin şirin yerində siqaretimiz qurtarmazmı ola? Ə, nə danışırsan? Ay Tural, yaxşı bax, ciblərini eşələ. Yox, yox, siqaret-zad yoxdu.

Neyləyək-neyləməyək, düşdük şəhərin canına, açıq dükan tapana qədər bizimki bizə dəydi, amma siqareti alanda heç kim çəkmək istəmədi.

Kola aldıq, dükanın qarşısındakı soyuducunun üstünə qoyub balaca bir məclis düzəltdik. Stəkanı əlimə götürüb tost dedim. Mənim yarıciddi, yarızarafat çıxışım onları xeyli əyləndirdi, gülməkdən kolanı içə bilmədilər.

Sonra ətrafa baxdım, yavaş-yavaş maşınlar yolların bakirəliyini pozdu, tək-tük adamlar gözə dəydi. Ürəyim sıxıldı. Kolanı başıma çəkib dedim ki, şəhərlərin gözəlliyini pozan adamlardır.

O gün yaman gün oldu. Xeyli şəkil çəkdirdik, dedik-güldük, yuxulu, mürgülü sözlərlə bir-birimizi təriflədik. Özümüzü inandırdıq ki, biz gələcək üçün lazımlıyıq, bu millətin içindən çıxan istedadlarıq.

Hə, Turalla belə günlərimiz olub. Əslində “günlərimiz” deyirəm, amma tanışlığımız heç iki ay olmaz.

Amma düşünürəm ki, bir insanı tanımaq üçün illərin, ayların keçməyi gərək deyil.

Axı bəzən on bir il bir yerdə oxuduğun sinif yoldaşın, dostun, qardaşın dediyin adamla bu qədər səmimi ola bilmir, ona ürəyindən keçənləri deyə bilmirsən.

Biz Turalla bu az zaman içində bir yerdə gülmüşük, bir yerdə kövrəlmişik, belə pis çıxmasın, bir yerdə yatmışıq, kitab mağazasında, kitabların üstündə.

“Kitab” dedim yadıma düşdü. Hər gün evə gedirəm. Turalın kitabı ilə qarşılaşıram. Oturub çay içə-içə kitaba baxıram, amma heç cür əlimə alıb oxuya bilmirəm.

Bir azdan Tural zəng eləməlidir. Demişdi, görüşərik. Kitabı oxuyam gərək. Görən nə yazıb?

XS
SM
MD
LG