Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:45

-

Rockefeller, yoxsa Çingiz xan daha varlı olub? Sual asan görünsə də, cavabı çox müşküldür. Bu sıralama iqtisadçı və tarixçi-alimlərlə saatlarla davam etmiş müsahibələrin nəticəsində hazırlanıb.

10. Çingiz xan (1162-1227)

Ölkə: Monqol İmperiyası

Sərvəti: Ucsuz-bucaqsız torpaqdan başqa, demək olar, heç nə.

Çingiz xan Monqol İmperiyası kimi tarixdə ərazicə ən böyük imperiyanın başçısı olsa da, var-dövlət düşkünü olmayıb. Əksinə, Xanın səxavətliliyi onun nüfuz qazanmasında böyük rol oynayıb.

CUNY Kral Kollecinin tarix üzrə professoru Morris Rossabi deyir ki, Çingiz xanın uğurunun əsaslarından biri əldə etdiyi qəniməti hərbçiləri ilə paylaşması olub. Hərbçilərə işğal etdikləri ərazidə şəxsi mənafeləri üçün yağmalamaq qadağan imiş.

«Çingiz xan və müasir dünyanın qurulması» kitabının müəllifi Jack Weatherford-un bildirdiyinə görə, qənimət bölüşdürülərkən Xana da pay düşüb. Amma bu, çətin ki, onu çox varlı edərdi: «O nə özü, nə də ailəsi üçün saray, ibadətgah və ya səcdəgah tikdirib. Heç ev də tikdirməyib. Çadırda doğulub, elə çadırda da ölüb».

9. Bill Gates (1955-indiyədək)

Ölkə: ABŞ

Sərvəti: 78.9 milyard dollar

Ömrünü başa vurmamış ən zəngin şəxs tituluna sahib Bill Gates-in varidatını hesablamaq nisbətən asandır. «Forbes»ın məlumatına görə, «Microsoft»un təsisçisinin sərvəti 78.9 milyard dollardır. Bu, dünyanın ikinci ən varlı şəxsi, «Zara» geyim mağazaları şəbəkəsinin həmtəsisçisi Amancio Ortega-nın varidatından 8 milyard çoxdur.

8. Alan Rufus (1040-1093)

Ölkə: İngiltərə

Sərvəti: 194 milyard dollar

«Zənginlərin zəngini» kitabının müəllifləri Philip Beresford və Bill Rubinstein yazırlar ki, Fateh William-ın qardaşı oğlu olan Rufus-un öləndə 11 min funtu olub. Bu məbləğ o zaman İngiltərə ÜDM-sinin 7%-nə bərabər olub. 2014-cü ilin dolları ilə bu, 194 milyard dollar deməkdir.

7. John Rockefeller (1839-1937)

Ölkə: ABŞ

Sərvəti: 341 milyard dollar

1863-cü ildən neft sənayesinə sərmayə yatırmağa başlayan Rockefeller 1880-ci illərdə artıq ABŞ-ın neft hasilatının 90%-nə nəzarət edib.

1918-ci ildə onun varidatı 1.5 milyard dollar qiymətləndirilib ki, bu da o vaxt ABŞ iqtisadiyyatının 2%-nə ekvivalent olub. 2014-cü ildə bu, 341 milyard dollar edirdi.

6. Andrew Carnegie (1835-1919)

Ölkə: ABŞ

Sərvəti: 372 milyard dollar

Amerikanın gəlmiş-getmiş ən zəngin adamı. Şotlandiyadan olan immiqrant Carnegie özünün polad istehsal edən şirkətini 1901-ci ildə J.P. Morgan-a 480 milyard dollara satıb. Bu, o zaman ABŞ-ın ÜDM-sinin 2.1%-nə bərabər olub – hazırkı pulla 372 milyard dollar.

5. Joseph Stalin (1878-1953)

Ölkə: SSRİ

Sərvəti: Dünya ÜDM-sinin 9.6%-ni təşkil edən bir ölkə

Mütləq hakimiyyətə malik bir diktator olaraq Stalin qlobal istehsalın 9.6%-ni verən bir ölkənin tam ağası olub. Bu məbləğ bugünkü pulla ifadədə 7.5 trilyon dollara bərabər olub. Bu varidat birbaşa Stalin-in olmasa da, o, faktiki olaraq ölkədə istədiyi hər bir şeyi etmək iqtidarında olub.

4. I Böyük Əkbər (1542-1605)

Ölkə: Hindistan

Sərvəti: Qlobal ÜDM-nin 25%-ni təşkil etmiş imperiya

Böyük Moğol imperiyasının padşahı olan Böyük Əkbərin dövründə Hindistanın adambaşına düşən ÜDM-si kraliça Elizabeth-in İngiltərəsinin göstəricisinə yaxın olub. İqtisadçı Branko Milanovic-in məlumatına görə, Moğollar sülaləsi əhalidən sərvət toplamaqda ən səmərəli imperiyalardan biri olub.

3. İmperator Şen Tszun (1048-1085)

Ölkə: Çin

Sərvəti: Qlobal ÜDM-nin 25%-30%-ni təşkil etmiş imperiya

Çinin Sun sülaləsi tarixin ən qüdrətli imperiyalardan biri olub. İmperiya özünün ən güclü vaxtında dünya istehsalının 25%-30%-ni verib. İmperiyanın misilsiz sərvəti bir tərəfdən texnoloji innovasiyalar, digər tərəfdən vergi toplamaq qabiliyyəti sayəsində formalaşıb.

2. Sezar Oktavian Avqust (e.ə.63 – b.e.14)

Ölkə: Roma

Sərvəti: 4.6 trilyon dollar

Oktavian Avqust dünya ÜDM-sinin 25%-35%-ni təşkil edən bir imperiyaya rəhbərlik etməklə yanaşı, onun şəxsi varidatı da ölkə iqtisadiyyatının beşdə birinə bərabər olub. 2014-cü ilin dolları ilə bu, 4.6 trilyon dollar deməkdir. O, bir müddət bütün Misirə sahib olub.

1. Mansa Musa (1280-1337)

Ölkə: Mali

Sərvəti: Kiminsə təsəvvür edə biləcəyindən daha varlı

Timbuktu kralı Mansa Musa bütün zamanların ən varlı adamı sayılır. Ferrum Kollecindən tarix üzrə professor Richard Smith deyir ki, Afrikanın qərbində Musa şahlığı qızıla tələbatın yüksək olduğu bir dövrdə ən çox qızıl hasil edən ölkə idi.

Bəs onun varidatı nə qədər olub? Bunu ifadə etmək həqiqətən çox çətindir. Bəzi rəvayətlərə görə, Musa Həcc ziyarətinə gedərkən yolüstü Misirdə o qədər pul xərcləyib ki, Misirdə maliyyə böhranı yaranıb.

Miçiqan Universitetinin professoru Rudolph Ware-nin dediyinə görə, Musanın varidatı elə misilsiz olub ki, o dövrün mənbələri bunu təsvir etməkdə çətinlik çəkiblər. Çox vaxt belə deyiblər: «Bir adamın ən çox nə qədər qızılı ola biləcəyini təsəvvür edirsinizsə, Musanın sərvəti onun ikiqatıdır».

Doğrudan da, kimsə sizin varidatınızı təsəvvür etməkdə çətinlik çəkirsə, deməli, siz həddən artıq varlısınız.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG