Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:07

.

AZƏRBAYCAN BAZARINDA PİRATÇILIQ - 85%

"The Software Alliance” (BSA) iyulun 31-də yayılan illik məruzəsinə əsasən, Azərbaycan kompyuter proqramlarından lisenziyasız istifadə səviyyəsinə görə (85%) dünyada ən yüksək yerlərdən birini tutur.

Müəllif Hüquqları Agentliyində (MHA) isə AzadlıqRadiosuna deyiblər ki, bu ilin sentyabrından əqli mülkiyyət obyektlərinə, o cümlədən kompyuter proqramlarına nəzarət markaları tətbiq ediləcək. Bundan sonra piratlarla mübarizə yeni mərhələyə qədəm qoyacaq.

BSA öz xüsusi məruzəsini ABŞ Ticarət nümayəndəliyinin ofisinə təqdim edib. Sənəddə ABŞ şirkətlərinin əqli mülkiyyətlə bağlı məhsullarının digər ölkələrdə ticarət maneələri ilə üzləşməsi hallarından bəhs edir.

PİRAT PROQRAMLAR AZALMIR Kİ, AZALMIR...

BSA məruzəsində Azərbaycan hökumətini də əqli mülkiyyət və müəllif hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin icrası gücləndirməyə çağırıb:

“Vəzifəli şəxslərin və cəmiyyətin lisenziyasız proqram təminatı istifadəsinin riskləri və ölkə iqtisadiyyatı üçün əqli mülkiyyət hüquqlarının qorunmasının vacibliyindən məlumatlı olmalarına baxmayaraq, ölkədə kompyuter proqramlarının piratçılıq səviyyəsi azalmır”.

Təşkilat diqqəti həm də ona çəkir ki, əqli mülkiyyət hüquqlarının mühafiəsində boşluqların olması nəticəsində bir sıra dövlət təşkilatları, kiçik və orta, hətta iri, müəssisələr hələ də pirat proqram təminatından istifadə edir.

SENTYABRDAN MARKALAR GƏLİR

Təhsil müəssisələrində və dövlət təşkilatlarında kompüter texnikasında lisensiyasız proqram təminatından istifadənin qarşısını almaq məqsədilə Müəllif Hüquqları Agentliyi Təhsil Nazirliyinə, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib. Müraciətlərin nəticə verib-vermədiyi isə məlum deyil.

Agentlikdə isə düşünürlər ki, bu sahədə olan vəziyyət nəzarət markalarının tətbiqindən sonra normallaşmağa doğru dəyişəcək.

Müəllif Hüquqları Agentliyinin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Xudayət Həsənli Trend agentliyinə bildirib ki, xüsusi nömrəsi, kodu olan nəzarət markası əqli mülkiyyət obyektinin hər bir nüsxəsinə vurulacaq. Və həmin markanı saxtalaşdırmaq, qoparmaq, surətini çıxarıb digər nüsxəyə vurmaq mümkün olmayacaq:

"Misal üçün kitab və ya disk istehsal edən nəşriyyat və audioyazı studiyasına həmin məhsulun tirajı qədər nəzarət markası veriləcək. Qeyd olunan tirajdan əlavə istehsal olunacaq nüsxə pirat sayılacaq".

PİRATLARI BU CƏZALAR GÖZLƏYİR

Amma bu markaların yoxlanması, piratların üzə çıxarılıb günahkarların cəzalandırılması mexanizmləri indiyə qədər o qədər də effektiv icra olunmadığından bu sahəyə bələd olan müşahidəçilər yenə də ciddi nəticələr gözləmirlər. Hərçənd bu cür pozuntulara qarşı cəza tədbirləri qanunvericilikdə əksini tapıb.

Piratçılıqla mübarizə üzrə tədbirlərin sərtləşdirilməsi çərçivəsində inzibati xətalar və cinayət məcəllələrinə dəyişikliklər edilib. Dəyişikliklərə əsasən, nəzarət markası yapışdırılmadan proqram təminatı nüsxələrinin satışına görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 150 manat cərimə ediləcək. Bu, təkrar baş verdikdə və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cərimənin məbləği 7 000 manatadək artacaq. Piratları həm də 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Azərbaycanda 2012-ci ildə “Əqli mülkiyyət hüquqlarının təmin edilməsi və piratçılığa qarşı mübarizə haqqında” qanun qəbul edilib. Bu sənəddə kommersiya istifadəçilərinə qarşı mübarizənin effektivliyini təmin etmək məqsədilə qarşı tərəfə bildiriş verilmədən tərəflərin birinin müraciəti əsasında axtarış tədbirlərinin keçirilməsinə icazə verilir. Agentliyin 2014-cü il üçün fəaliyyətinə dair illik hesabatında bu sahədə görülən tədbirlər haqda bəhs edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG