Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:39

- Bu il 2010-cu ilin Nobel mükafatçısı Mario Vargas Llosa'nın "Mədəniyyətin ölümü haqda qeydlər" kitabı çıxıb.

Yaxın günlərdə kitab ingilis dilində də işıq üzü görəcək. Bu münasibətlə həmin kitab haqda rəylər çıxmağa başlayıb.

"Financial Times" qəzetindəki məqalədə yazıçı tənqid olunur. Cüzi ixtisarla məqalənin tərcüməsini təqdim edirik.

Adam Feinstein

"Mədəniyyətin ölümü haqda qeydlər" kitabı

Populyar mədəniyyətin ali sənət üçün təhlükə olması haqda fikirlərin uzun tarixi var.

Hələ Flaubert 1871-ci ildə deyirdi: “Mən camaatın, kütlənin, sürünün həmişə dəyərsiz olacağına inanıram”.

20-ci əsrin əvvəlində TS Eliot kütləvi təhsilin barbarlığa gətirəcəyini düşünürdü.

Mübahisənin o biri ucunda isə, Arnold Bennett kommersiya cəhətdən uğurlu olan hər hansı sənət əsərinin kütləvi auditoriyaya açıq olduğuna görə, bəsit sayılmasını yekəxana anlayış hesab edirdi.

Nobel mükafatçısı Mario Vargas Llosa’nın bu esselər toplusnun apokaliptik başlığı yazıçının mövqeyini aydın göstərir.

Ali sənətin risk altında olması haqda narahatlıq onu onillərdir ki, məşğul edir.

(Onun hələ 1989-cu ildə Qərbi Berlində, Divarın dağıdılmasından bircə ay əvvəl bənzər mövzuda çıxış etdiyini xatırlayıram)

İndi, 79 yaşında ikən o, kütlələri ədəbi qəhrəmanlarından biri Flaubert’in etdiyi kimi aşağılamaya bilər.

Amma “Mədəniyyətə dair qısa diskurs” ("A Brief Discourse on Culture") essesində o, Eliot'un elitaya son qoymaq arzusunun "hər şey mədəniyyətdir, heç nə mədəniyyət deyil" demək olduğu haqda narahatlığına əks-səda verir.

Həmin essedə Vargas Llosa bəzi təyinatlarını göstərir. O, rus filosofu Mixail Baxtin'in rəsmi mədəniyyətlə populyar mədəniyyət arasına qoyduğu ayırımı qəbul etmir.

İstinad etməsə də, onun baxışı daha çox 19-cu əsr tənqidçisi Matthew Arnold'a yaxındır. Həmin tənqidçi mədəniyyəti hər hansı cəmiyyətin intellektual sənət təcrübələri arasında ən yaxşısı hesab edirdi.

Vargas Llosa deyir: “Geniş spektrdə insan biliyi üçün pillələr... ən maarifli dövrlərdə və cəmiyyətlərdə mədəniyyət bu demək olub və əgər bizi dağılıb məhv olmağa aparacaq şəkildə kor-koranə, istiqamətsiz inkişaf etmək istəmiriksə, yenə də mədəniyyət o demək olmalıdır.”

Onun fikrincə, bugünkü mədəni böhrana səbəb məhz açıqzehinli təhsillilərlə təhsilsizlər arasındakı uçurumu daraltmağımız olub.

Bu esselər ziddiyyətlə doludur.

Vargas Llosa azad bazar iqtisadiyyatına inanır, amma mədəni standartları aşağı salan kommersiyanın hökmündən şikayət edir.

O, 19-cu əsr Fransasının sekulyar ictimai məktəblər yaratmasını alqışlayır, həmin məktəbləri “bərabər imkanlar” - imkansız təbəqələrdən çıxmış gənclərin uğur qazanmaq imkanı olan açıq cəmiyyət yaradılması istiqamətində böyük addım adlandırır.

O biri tərəfdənsə, açıq cəmiyyətin ali sənətin ayağının altını qazıdığını deyir.

Əslində o, dünyanın ən demokratik xalqlarında ədəbiyyatın getdikcə daha az əhəmiyyət kəsb edən bir əyləncə forması olması paradoksuna yas tutur.

O, Edmund Wilson'u jurnallarda və qəzetlərdə kəskin intellektual, eyni zamanda aydın və anlaşılan yazılar yazdığına görə tərifləyir.

Bu o deməkdir ki, Vargas Llosa intellektual ciddiyyətlə eyni zamanda asan anlaşılan yazı yazmağın bir araya sığa biləcəyini qəbul edir.

Başqa bir, “Tamaşa sivilizasiyası” (“The Civilization of the Spectacle”) essesində isə bu iki cəhəti uzlaşdırmağa hər hansı mənəvi borcun olmadığını deyir, “bu tərifəlayiq fəlsəfənin mədəni həyatı trivial və ucuz etdiyini" yazır.

Başqa bir yerdə Vargas Llosa deyir: Liberalizm reallığa xidmət edən açıq, inkişaf etmiş bir doktrinadır.

O, 1990-cı ildə Perunun prezidenti olmaq üçün namizədliyini verəndə bunu siyasi reallığa çevirməyi düşünürdü (o zaman rəqibi Alberto Fujimori qaib gəlmiş, dərhal da hakimiyyətdən sui-istifadəyə görə həbs edilmişdi).

Onun romanları azad ruhlu insanlarla, həmçinin bir neçə diktatorla doludur.

Amma onun azadlıq kimi nişanladığı şey esselərindən birində yazdığı kimi - “iztirabdan” “dəyişkən, oynaq mədəniyyətə” və fikirdən, özünümüşahidədən doğra biləcək hər hansı özünütanımadan qaçmaq arzusudur.

Bu, onun “Qadağan etmək qadağandır” ( “Forbidden to Forbid”) essesində niyə 1968-ci il, may, Paris tələbə üsyanını pisləməsini izah edir.

Ən əyləncəli esselərinin birində, “Erotizmin yox olması” ("The Disappearance of Eroticism”) essesində o, seksual azadlığı dəstəkləyir. Amma bunun seksin ictimai baxışda banallaşmasına gətirdiyini deyir...

Meksika yazıçısı Jorge Volpi elektron kitabları “müasir dövrdə mədəniyyətin demokratikləşməsi üçün ən böyük stimul”u təmin edəcək inkişaf kimi qiymətləndirir.

Vargas Llosa onun entuziazmını bölüşmür. O, deyir: Biz tezlikə kağıza toxunmaq zövqünü itirə bilərik və mədəniyyətin belə demokratikləşməsində xeyirli heç nə yoxdur.

Bir sözlə, bu, pessimist kitabdır.

Vargas Llosa yekun essedə qəbul edir ki, bəşər tarixi müəyyən inkişaf əldə edib, amma o, əlavə edir: “Növlərin həyatda qalması heç vaxt indiki qədər risk altında olmayıb. Çünki indi nüvə silahları, dini fanatizmin qanlı axmaqlığı var, ətraf mühit də məhv edilir."

O, ədəbiyyatın “demokratik hökumətlərdən sülh bərqərar etmək üçün qəti addımlar atmağı tələb etməkdən ötrü” ictimai rəyi çevikləşdirməyə mənəvi borcu olduğunu deyir...

Bu kitab məni inandırmadı.

Mənim fikrimcə, yuxarı və aşağı mədəniyyət formaları arasında dialoq zənginləşməkdədir və bu, incəsənəti həyata qaytarır, dəyişiklik gedir, amma bu o demək deyil ki, biz məhvə doğru gedirik.

Görəsən, Vargas Llosa öz fikirlərinə inanırmı... Əslində şəxsən o, heç cür kədərli insan sayıla bilməz, son romanı “The Discreet Hero” yumoristik və optimist bir romandır.

İndi sevinmək üçün əsasımız olmasa da, ən azı, incəsənət insanlar arasında ünsiyyətin qorunub saxlandığı, mümkün olduğu yeganə yerdir.

XS
SM
MD
LG