Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:33

Görən niyə söndürürlər bu işıqlı adamları?!


Furqan
Furqan

-

Furqan

Şeirlər

açıq-aydın eşidirəm:

bu qoca ağac

hər gün,

hər saat,

hər dəqiqə

yarpaq pıçıltısıyla

şükür edir Allaha -

insan yaradılmadığı üçün...

***

gedəndə

arxamca su atdılar

və dedilər ki, yeri!

atdıqları su

ləpirlərimi yuyub apardı,

qayıda bilmədim geri...

***

günlərin bir günü

rentgenə salacaqlar səni...

gözlərinə inanmayacaq həkim,

heyrətlənəcək

və eynilə belə deyəcək:

“oy daaaaaaaaa...”

sinəndə daş tapılacaq

yumruq boyda...

***

...məsələn,

bu ağac

öz kölgəsini qoruyur

günəşin istisindən...

...və biz də

yarpaq olmalıydıq əslində...

...olammadıq - heyif!

***

gecənin sükutunu

yorğan kimi yox,

asfalt kimi çəkib üstünə

daş yuxuya gedib şəhər...

xatirələrini

ağ neft kimi töküb üstünə

qəsd edir özünə-

yata bilmir bir nəfər...

***

bu yağan yağışın ucundan tutub

ancaq yoxa çıxmaq olar, qadası -

toz üstə yıxılıb qalmış

bir sərxoş ləpir kimi...

***

hər gün bir kərpic ucalan

bu qəm ev olmayıb hələ...

***

bir gecə yuxuda

bir taksi tutub

düz ömür yolunun başına -

uşaqlıq yaşına sürdürəsən...

neçəyə aparar

görəsən?!

***

...görən niyə söndürürlər

bu işıqlı adamları?!

axı işıqlı adamlar

işıqpulu yazmır, dost...

***

eynəyimin şüşələri

nə qədər böyüdür böyütsün -

fərqi yox...

nəsən ki, guya?!

elə o boydasan, elə əvvəlkisən,

elə balacasan,

cılızsan, dünya...

XS
SM
MD
LG