Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:08

- "Zalda iki qüvvə üz-üzə qalmışdı: Şər və Xeyir."

Azad Qaradərəli

Salam, Şər!

(hekayə-pritça)

Neçə illər gözlənilən məhkəmə axır ki, baş tutdu.

Şər məhkəmənin hakimi kimi zala daxil olanda Haqq, Ədalət, Həqiqət, Zəfər, Azadlıq, Istiqlal, İnqilab, İrtica, Qurtuluş, Dirçəliş, Müxalifət, Mürtəce, Müsəlman, Xristian, İmtina, İdrak, Maarif, Mədəniyyət, Məfkurə, İnkar, Həkim, Qanun,Hüquq, Səbir ... hamısı ayağa qalxıb bir ağızdan “Salam, Şər!” deyə qışqırdılar və başlarını aşağı dikdilər.

(Şərin adı əvvəllər Şər deyildi. Yuxarıdakı adlardan birinə oxşar bir ad idi. Elə ki, O, hakimiyyətə keçdi, o qədər Şər işlər gördü ki, axırda xalq pıçhapıçla onun adını Şər deyə çağırmağa başladı.

Nökər-naibi tez bu xəbəri onun ovcuna qoydular və tələb elədilər ki, xalqı cəzalandırsın.

Amma Şər bığlarını tumarlaya-tumarlaya dedi:”Niyə də yox? Bu ad mənim xoşuma gəlir! Poetiklik var bu adda. Qoy belə qalsın.”

Və o gündən belə bir qərar verdi: məhkəmə başlayanda hamı ayağa qalxıb deməlidir: “Salam, Şər!”

O gündən məhkəmələr başlayanda hamı bu hökmə əməl edirdi, təkcə Xeyirdən başqa.

O, öz daimi yerində - küncdə, pəncərəyə, işığa, günəşə yaxın yerdə oturar, əlindəki kitabını oxuyar, Şər gələndə nəinki ona salam verməz, heç yerindən belə qalxmazdı.)

Hakim özü otursa da, ayaq üstə duranlara əyləşin işarəsi vermədi. Xeyirin boş stuluna mənalı-mənalı baxıb bığaltı qımışdı və yanındakı vəzir-vəkilinə ironik bir səslə:

- Boykot edib? - dedi.

Onlar da eyni səslə:

- Belə çıxır ,- deyib rişxəndlə gülümsündülər.

Nəhayət, hakim ayaq üstə duran başıaşağıları bir də süzüb sağ əlinin barmaqlarını açıb yummaqla “əyləşin” işarəsi verdi. Hamı qabaq cərgədə dayanan ağsaçlı Ədalətə baxdı.

O da göy gözlərini bic-bic dolandırıb hakimə sarı döndü və yarınmağa çağıran göz gülüşüylə oturdu.

O birilər də onun ardınca əyləşdilər. Amma yançaqlarının hər ikisini stula basmadılar, bərayi-ehtiyat birini göydə saxladılar ki, durmaq lazım olsa, hamıdan tez qalxa bilsinlər.

Şərin ilk müzakirə etdiyi məsələ “Evsizlər” problemiydi. Barmağını hədələyici tonla zala tuşlayıb dedi:

- Mənə tez-tez siqnallar çatır ki, ölkəmi bomjlar basıb. Niyə belədir? Yaxud belədirmi? Ədalət bəy, siz nə düşünürsümnüz bu haqda?

Ədalət yançağının yerini təzəcə dəyişsə də, bir yançağı üstdə tez qalxa bildi və gözündən gülüb, sağ əliylə ağ saçlarını qarışdırdı, hakimə bir gülüş jesti ikram edib dedi:

- Möhtərəm hakim! Cənabınıza məlumdur ki, Şər ölkəsində bomj ola bilməz. Niyə? Ona görə ki, bu söz bizə yad sözdür, gəlmədir. Biz tür xalqlarının tarixində nə bomjun özü olub, nə sözü olub. Biz Qəhrəmanların, İgidlərin, Qaçaqların nəvələriyik! Sizin adil hakimiyyətinizə bu bir həqarətdir! Təklif edirəm ki, bu məsələ müzakirədən çıxarılsın...

- Bəs Haqq nə düşünür? – Şər bu sözü açıq ironiyayla dedi və zalda soyuq gülüşmə oldu. Bığları sallanan, beli bükülən, gözlərinin işığı öləziyən Haqq, (o düz iyirmi il Şərin türməsində yatmışdı, lap bu yaxınlarda azadlığa çıxmışdı) hakim Şərin sözlərini ya eşitmədi, ya da eşitməməzliyə vurdu.

Eləcə üzünü Xeyirin boş stuluna zilləyib qaldı. Azadlıq özünü toplayıb ayağa qalxdı, dişsiz damağını diliylə yalayıb cır səslə çığırdı:

- Haqq allahın adıdır, bəsdirin! Bəlkə allahı da məhkəməyə gətirəsiniz?!

Şər əllərini bir-birinə vurub bir çəpik çaldı. Oturanlar buna bəndmiş kimi əllərini bir-irinə sürtüb ufuldaya-ufuldaya (əl çalmaqdan əlləri qabar olmuşdu) şıdırğı bir çəpik çaldılar.

Əvvəl Maarif, dalıncan da Mədəniyyət durub “Hopstop” oynadılar. Ədalət cibindən bir dəsmal çıxardıb ortaya atdı. Nə Maarif, nə Mədəniyyət bu dəsmalı oynaya-oynaya götürə bilmədi.

Ədalət özü irəli atıldı. Həmişə çirməkli olan qolunu bir az da çirmələyib əllərini belinə qoydu, sonra “Hopstop”un dadını çıxardıb oynaya-oynaya əyildi. Əyildi, əyildi, ağzı yerə dəyəndə dilini çıxardıb dəsmalı diliylə qapdı və alqış sədaları altda qayıdıb yerində oturdu.

- İkinci məsələmiz... milli məsələdir... Ədalət bəy, bayaq sən bir söz işlətdin... “Tür” xalqı dedin... Nəydi o? Təzə xalqdır?

Ədalət pərt olmuşdu. Köhnə vərdişindən qopa bilməməyinə görə həmişə özünü danlayar, söyər, hətta güzgü qarşısında dayanıb özünü sillələyərdi.

“Köhnə köhnəldi, ilim-ilim itdi! Sən indi Şərin adamısan. Ona biət eləmisən. O da səni gör hara çəkib?! Ay nankor!”

- Cənab Şər!.. He-he-he... O elə-belə meşqulat kimi bir şeydir... Məndə səslərin tələffüzündə nöqsan var... Bu köhnəliyin qalığıdır. Millətimiz, xalqımız, əlbəttə, Sizin millətdir, Sizin xalqdır! Şər xalqı! Day bunun şto-mştosu yoxdu ki!

- Nə, nə təhər? O sözü bir də de! - hakim qəhqəhə çəkib güldü. Ruhlanan Ədalət yenə göy gözlərindən güldü, bu lotu gülüşüylə özünü bir az da tox tutub dedi:

- Şto-mşto!

Əvvəl Şər uğundu gülməkdən, sonra salona yayıldı qaynar gülüş və səsə oyanmış Haqq təəccüblə çiynlərini çəkdi. Heç nə olmamış kimi yenə gözlərini yumdu.

- Üçüncü məsələmiz...

Bu vaxt qapıda duran polislərlə kimsə itələşməyə başladı. Müxalifət dik qalxıb səs-küyə tərəf yönəldi. İnqilab boynunu uzadıb Müxalifətə tərəf baxdı.

Azadlıq ürəyində “aha” deyib yarı qalxmış vəziyyətdə qaldı. İrtica yumruğunu stola çırpdı. İmtina və İnkar ikisi də bir ağızla “yox” dedilər. Ədalət “baho” deyib boylandı.

Maarif “sakit, sakit”, Mədəniyyət “bir az sivil olun”, Müsəlman “allah bilən məsləhətdir” deyirdilər, Xristian isə xaç çevirirdi. Nəhayət, Şər bağırdı:

- Nə baş verir orda!?

Polis başını qoltuğunda saxladığı adamın arxasını hakimə göstərdi:

- Cənab hakim! Bu həmin Xeyirdir. Gecikib, indi zorla içəri keçmək istəyir...

Şərin gözləri çevrildi. Ötkəm bir səslə bağırdı:

- Sən nə haqla vətəndaşın hüquqlarını pozursan!? Bu onun haqqıdır. Burax içəri!

Hüquq ayağa qalxıb Şərə təzim etdi, gəlib Xeyirin qoluna girmək istədi.

Xeyir onun qolunu itələyib özüylə gətirdiyi dilənçi kökündə qadınla çılpaq uşağı da içəri çəkdi və ağzını açıb nəsə demək istəyəndə təzə qayda yadına düşdü. Dişi bağarsağını kəsə-kəsə dedi:

- Salam, Şər! Bu qadınla uşağın hüquqları pozulub. Mən məhkəməyə elə buna görə gecikdim.

Qadının evini əlindən alıblar. Küçədə yaşayır... Uşağın paltarı olmadığına görə məktəbə buraxmırlar. Xəstədir, dərman almağa pulları yoxdur. Xəstəxanaya gedib, baxmayıblar ki, get atan-anan gəlsin. Axı allah bunu götürməz!?

Şər “Məhkəmə müşavirəyə çıxır” deyib zalı tərk etdi. Həkim, Maarif, Mədəniyyət, Hüquq, Ədalət... ayağa qalxıb mənasız-mənasız sözlərlə bir-birilərini təhqir etməyə başladılar.

Haqq gəlib qadının qabağında diz çökdü. Əllərini göyə açıb zulum-zulum ağladı. Pencəyini çıxardıb uşağın çiyninə saldı. İstiqlal, İnqilab, Həqiqət və Azadlıq oturduqları stolda elə kiçildilər ki, görünməz oldular...

...Ədalət, Həqiqət, Zəfər, Azadlıq, İnqilab, İrtica, Qurtuluş, Dirçəliş, Müxalifət, Mürtəce, Müsəlman, Xristian, İmtina, İdrak, Maarif, Mədəniyyət, Məfkurə, İnkar, Həkim, Qanun,Hüquq, Səbir ... əriyib suya döndülər. Sonra da buxarlanıb yoxa çıxdılar.

...Zalda iki qüvvə üz-üzə qalmışdı: Şər və Xeyir. Bir də dilənçi kökündə qadınla Haqqın uzun pencəyini geymiş uşaq. Şər zala ha boylansa da Ədalət, Həqiqət, Zəfər, Azadlıq, Müsavat, İnqilab, İrtica, Qurtuluş, Dirçəliş, Müxalifət, Mürtəce, Müsəlman, Xristian, İmtina, İdrak, Maarif, Mədəniyyət, Məfkurə, İnkar, Həkim, Qanun,Hüquq, Səbir ... gözünə dəymədi.

Pəncərədən sızan gün işığı ayaq üstə qalmış Xeyirin boş stuluna doğru sürünməkdəydi.

Günün bütün mövzuları

XS
SM
MD
LG