Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

Karikaturaçı Gündüz Ağayev: Diktatorlar gəlir - [video]


​-

Heç vaxt karikaturaçı kimi tanınmaq istəməyib. Ancaq onu ən çox tanıdan da karikaturaları olub. “Yuxu”, “Əlçatmaz təhsil, “Femidanın müxtəlifliyi” və başqa əsərləri ilə Azərbaycanda ad çıxaran rəssamın sonuncu – “Polislər” karikaturalarısa onu hətta dünyada tanıdıb.

Söhbət karikaturaçı rəssam Gündüz Ağayevdən gedir. Sərhədlər səbəbindən hərəmiz öz kiçik otağımızda oturub müasir texnologiyaların yaratdığı imkanlardan istifadə edirik. Sualımız da elə son ortaya çıxartdığı “Polislər” barədədir.

- Gündüz bəy, necə oldu “Polislər” meydana çıxdı?

- Polislərdən əvvəl “Müqəddəs selfie” ni çəkmişdim. O da xeyli paylaşılmışdı. Təkcə ölkəyə bağlanmaq və ordakı problemlərlə məşğul olmaq məncə biraz dar çərçivədir. Hər bir yaradıcı insanın gücü varsa, o, əhatə dairəsini genişləndirməlidir.

İran polisi (Gündüz Ağayev)

İran polisi (Gündüz Ağayev)

Polis problemini də ölkədə gördüm. Başqa inkişaf etmiş, demokratik ölkənin vətəndaşı olsaydım, bəlkə də bu problemi görməzdim. Azərbaycanda olduğum üçün bu problem görə bildim.

Başqa ölkələrlə də maraqlandım, müqayisə etdim. Nə görmüşəm, nə mənə zərbə vurub, onu göstərirəm. Süni heç nə etmirəm. Mitinqlərdə, videolarda da polislərin necə olduğunu görmüşəm, gözümün qabağında da hadisələr baş verib. Onları başqa ölkələrlə müqayisə etmişəm. “Polislər” belə meydana çıxdı.

- Polislərini təsvir etdiyiniz ölkələri hansısa özəlliklərinə görə seçirsiniz, ya sadəcə tanıdığınız, bildiyiniz polislərdir?

- Xeyir, sadəcə olaraq, hansı polislər haqqında ideyam varsa, onu çəkdim. Məsələn, London polisi barədə ideyam vardı.

İsveç polisindən danışım. Video izləmişdim. “Femen” qrupunun üzvləri aksiya keçirirdi. İsveç polisi gəlir, danışıqlar aparır. Sonra çıxıb sakitcə gedir, hətta təşəkkür də edir, deyir ki, “işiniz uğurlu olsun”.

Bu video mənə çox gözəl təsir eləmişdi. Düşündüm ki, bunu da vermək olar.

Çox yerdə, hətta bizdə də yaxşı polislər var. Amma ümumi götürdüm, vəziyyətə görə dəyərləndirdim, belə alındı.

Hindistan polisindən danışım. Mən onları heç vaxt görməmişəm. Bəlkə də yaxşıdırlar, bəlkə də pis, bilmirəm. Ancaq filmlərdə görmüşəm. Çox şişirdilmiş obrazdır. Çalışıram sarkazmla onu çatdırım. Qərəzliliyim yoxdur. İnformasiya toplayıb çəkmişəm.

- Bəs çəkdikləriniz arasında ən xoşunuza gələni hansı polisidir?

- Baxanda ən çox İsveç polisi xoşum gəlir. Kompozisiya baxımından da yaxşı alınıb. İran polisi də uğurludur. Amma ən yaxşı İsveç polisi alınıb. Orda İsveç polisini Rodinin “Düşünən adam” heykəlinin obrazına salmışam. Onu mütəfəkkir kimi görmüşəm. Nümunə göstərmişəm ki, aksiya zamanı insanlara qarşı münasibətdə polis gərək belə olsun. Tamaşaçı daha gözəl qiymətləndirər. Əlimdə gələni etmişəm ki, hamısı yaxşı çıxsın.

Braziliya polisi çox da xoşuma gəlmir.

- Bu işinizə görə tənqid olunubsunuz?

Azərbaycan polisi (Gündüz Ağayev)

Azərbaycan polisi (Gündüz Ağayev)

f- Azərbaycan haqda çəkdiklərimə görə daha çox tənqid alırdım, nəinki bu işə görə.

İzləyicilərdən də çox şey asılıdır. Türkiyə tamaşaçısı çox pis qarşıladı.

Bizim Azərbaycan tamaşaçıları kimi çox bayağı, məsələn, söyüşlə reaksiya verdi. Mən reallığı göstərmişəm. İran aktiv oldu, çox dəstəklədilər.

Rusiyadan təhqir də oldu, normal qarşılayanlar da.

Hindistanda bilmirəm nə düşünürlər. Çünki dillərini bilmirəm, oxuyub da başa düşmək olmur (gülür)

- Növbədə nə gəlir?

Növbəti mövzum diktatorlardır. Bəzi prezidentlər, siyasətçilər var ki, onlar diktator sayılır. Ancaq Hitler, Stalin kimi diktatorların siyahısına əlavə edilməyiblər, özlərini “təsdiq” etməyiblər

- Mən sirr saxlamaq istəyirdim ancaq dostlar o qədər qıcıqlandırdılar ki, deyəcəm. Mövzu diktatorlardır. Bəzi prezidentlər, siyasətçilər var ki, onlar diktator sayılır. Ancaq Hitler, Stalin kimi diktatorların siyahısına əlavə edilməyiblər, özlərini “təsdiq” etməyiblər (gülür). Ümid edirəm ki özlərini təsdiqləyəcəklər. Ad çəkməyəcəm. Məsələn, Kim (Şimali Koreya prezidenti – red.) artıq diktatordur. Öz sözünü deyib.

Sonuncu işindən sonra Gündüz Ağayev yeni təkliflər alsa da, bunun elə də böyük olmadığını deyir. Bildirir ki, daha böyük təkliflər alması üçün özünü təsdiqləməlidir. “İndiyəcən gördüyü işlər arasında özünün yadında nə qalıb?” deyə sual edirik. Biraz düşünür, bildirir ki, sual qəfil oldu. Ancaq cavabı da olur:

“Düşünməliyəm. Amma əgər yadda qalmayıbsa, deməli yadda qalmır”.

Daha bir sualımız da var. “Gündüz Ağayev müsahibələrində karikaturaçı deyil, rəssam kimi tanınmaq istədiyini bildirmişdi. Hələ də bu fikrində qalırmı?”

Bildirir ki, fikrini dəyişməyib. Lakin yaradıcılığa gələndə, deyir ki, “istər karikatura, istər illüstrasiya, fərq etməz. Sonda nə alınırsa, o, mənim yaradıcılığımdır. Əsas odur mesajımı çatdıra bilim”.

Karikaturaçı əvvəllər bir kvadrat metrlik ərazidə çəkib yaradırdısa, indi heç o da yoxdur. Gündüz Ağayev deyir ki, bir planşetidir, bir də özü. Avadanlığı vurur qoltuğuna, harda təbi gəlir, oturub çəkir. Deyir ki, məkan fərqinin yaradıcılığa heç bir dəxli yoxdur.

Sonuncu karikaturalarını dünyanın bir çox media orqanı yayımlasa da, yerli media orqanlarından heç birinin çap etməməsi sosial şəbəkədə müzakirə edilmiş, tənqid olunmuşdu. Bu məsələyə yanaşması belədir:

“Heç vecimə də deyil. Facebook nəfəslikdir. Əsas orta təbəqə gənclərinin əksəriyyəti orda var. Hər şey burada paylaşılır. Məni oradan görürlər. Mediamızın halını anlayırıq. Sonuncu döyüşən əsgər spartalı qalmışdı, o da getdi. Əsas odur ki, mesaj çatır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG