Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:55

Türkiyə istəsə də, istəməsə də müharibəyə doğru gedir


Suriya ilə sərhəddə Türkiyə tankları

Suriya ilə sərhəddə Türkiyə tankları

-

«The Financial Times» qəzeti Türkiyənin Suriya siyasətinin uğursuz olması, hava əməliyyatlarının prezident Recep Tayyip Erdoğan-ın parlamentdə çoxluq qazanmaq ümidlərini yenidən canlandıracağı haqda yazır.

«Türkiyənin bombaları uğursuz Suriya siyasətini ifşa edir» başlıqlı yazıda deyilir ki, Türkiyə hökumətindən başqa heç kim Ankaranın İŞİD-ə qarşı 180 dərəcə dəyişməsinə inanmır.

«Türkiyənin siyasəti açıq-aydın dəyişdi. Ancaq prezident Erdoğan da dəyişdi. Keçən ay keçirilən seçkidə seçicilər AKP-nin parlamentdə çoxluq qazanmasının qarşısını alandan sonra Erdoğan növbəti seçki keçirməkdə qərarlı görünürdü».

ERDOĞAN SEVGİSİ RƏDD EDİLMİŞ KİMİ QƏZƏBLİ REAKSİYA VERDİ

Suriyada müharibənin başladığı 2011-ci ildən bu yana olanları xatırladan məqalə müəllifi David Gardner Bashar Assad-in qatıldığı müharibəyə Erdoğan-ın sevgisi rədd edilmiş kimi qəzəbli reaksiya verdiyini bildirir:

«Erdoğan cənub sərhədini Assad-a qarşı müharibə aparmaq istəyənlər üçün açdı. Ölkənin təhlükəsizlik xidməti suriyalı müxalifətçilərə silah göndərdi. Bu silahlar «əl-Nusra» və İŞİD kimi qrupların əlinə keçdi. İŞİD keçən payız Kobanini tutanda Erdoğan deyirdi ki, IŞİD ilə PYD-nin (Kürd Demokratik Birlik Partiyası) fərqi yoxdur. Digər tərəfdən isə PKK ilə müzakirələrə başladı. Kürdlərin çoxu onlarla oyun oynanıldığını düşündü».

Erdoğan-ın kürdlərin dəstəyini itirməsi ilə prezidentlik xəyallarını itirdiyini vurğulayan Gardner AKP-yə qarşı olan kürdlər və türklərin partiyanı İŞİD-in ortağı kimi görməyə başladığını yazır.

Gardner Türkiyədə İŞİD dəstəkçiləri və cihadçıların rahat hərəkət edib nümayişlər keçirə bildikləri ilə bağlı göstərdiyi nümunələrin ardından hökumətin hər zamankı kimi bu adamları deyil, bu haqda yazanları cəzalandırdığını yazır:

«Milli Təhlükəsizlik Təşkilatının silahla dolu yük maşınları haqda xəbər yazan «Cümhuriyet» qəzetinin redaktoru Can Dündar casusluqda ittiham olunur. Silah göndərilməsini dayandırmaq istəyən polislər və müstəntiqlər həbsdədir. «Milliyet» qəzetinin müxbiri Kadri Gürsel də Türkiyədə İŞİD-in hücumlarından Erdoğan-ın cavabdeh olduğunu yazdığı üçün keçən həftə işdən çıxarılıb».

TÜRKİYƏ İŞİD-İN PYD İLƏ MÜHARİBƏ APARDIĞI YERLƏRİ VURMUR

Gardner məqaləsində diqqəti Türkiyənin hava əməliyyatları keçirdiyi nöqtələrə yönəldir. Vurulan yerlərin Suriyanın şimal qərbində olduğunu bildirir: «Türkiyə İŞİD-in PYD ilə müharibə apardığı yerləri vurmur. Bu da hökumətin gözündə bir «pis İŞİD», bir də PYD-nin irəliləyib Fərat çayını keçməsinə mane olan «yaxşı», daha doğrusu «yararlı» İŞİD olduğunu göstərir».

Məqalədə yazılır ki, PYD İŞİD-ə qarşı ən təsirli mübarizə aparan təşkilatdır. İŞİD isə kiçik detallar nəzərə alınmasa, arxadan hücum edəcək. «Türkiyə istəsə də, istəməsə də müharibəyə doğru gedir», - deyə məqalə müəllifi bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG