Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:39

-

Bakı bulvarından yaxta oğurlanıb.

lent.az saytı yazır ki, bununla bağlı yaxtanın sahibi Füzulu Abdullayev polisə müraciət edib.

O, «Yaxt Klub»da saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Şikayətçi deyib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Yaxta 2006-cı ilin iyun ayından «Yaxt Klub»un ərazisində müqaviləsiz əsaslarla saxlanırmış. F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib.

AZƏRBAYCANA İŞİD VƏ PKK TƏHLÜKƏSİ VARMI?

İŞİD Azərbaycan üçün ciddi təhlükəyə çevrilə bilər.

Bunu «Azadlıq» qəzetinə təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

İ.İsmayılın sözlərinə görə, coğrafi sərhədlər İŞİD-ə, İraqda və Suriyada olduğu kimi, sərbəst hərəkət etməyə imkan vermir. Amma İŞİD-in tərkibində vuruşan azərbaycanlıların ölkəyə geri dönməsi və burada vəziyyəti qəlizləşdirmək mümkündür: «Dövlətin ən ciddi tədbirləri İŞİD-ə qarşı görülməlidir. Mənə elə gəlir ki, MTN-in bu istiqamətdə uğurları var. Amma İŞİD-ə qarşı addımlar təkcə sərhədi keçən azərbaycanlıların saxlanılması ilə kifayətləndirilməlidir. Təhlükəsizlik tədbirləri genişləndirilməli və Ankara ilə geniş əməkdaşlıq edilməlidir».PKK ilə bağlı təhlükəyə gəlincə, İ.İsmayıl bildirib ki, hazırda bu təşkilatın fəaliyyəti o qədər də güclü deyil: «Çünki iki dövlət arasında olan razılaşmaya görə, PKK ilə bağlı ciddi addımlar atılıb».

AVROPADA BİRİNCİ OLMAQ HƏM DƏ ŞƏRƏF GÖSTƏRİCİSİDİR

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycan Avropada təkcə iqtisadi inkişaf sürətinə görə yox, həm də çox məsuliyyətli və çoxminli qitə yarışmasının tələblərinə cavab verən birinci ölkədir:

«Birinci olmaq isə hər bir ölkə üçün şərəf göstəricisidir. Qoy heç kəs bu sözləri pafoslu təbliğat kimi başa düşməsin. Ola bilsin Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin siyasi və iqtisadi dividentlərini yaxşı dərk etməyənlər də var idi. Bu səbəbdən bəziləri belə bir möhtəşəm qitə yarışmasına yalnız xərclənən vəsait çərçivəsindən baxırdı. Belə naşı yanaşma savadsız mühasibin mədaxili unudaraq məxaricin hesabını aparmağına bənzəyir».

MUSİQİSİZ AZƏRBAYCAN

«Bizim Yol» qəzeti yazır ki, son illər Azərbaycan musiqisində mədəni və ədəbi qıtlıq daha çox hiss olunur.

Qəzet yazır: «Bu gün Azərbaycan səhnəsi həqiqi mənada incəsənət adamlarından yoxsuldur. Bir neçə istedadlı gənc müğənni və korifeylərimiz istisna olmaqla, səhnədə sadəcə mahnı oxumağı təqlid edən təlxəklər var. Vəziyyət kifayət qədər acınacaqlıdır. Musiqimiz inkişaf adı altında daha çox deqradasiyaya məruz qalır və dayazlaşır. Ortaya çıxan yeni musiqi janrları adı altında dinləyicinin zövqü korlanır, keyfiyyət daha da aşağı düşür. Milli folklor, xalq mahnıları, klassik musiqilər isə daha çox «cover» edilir və yenidən cəmiyyətə təqdim olunur».

Günün bütün mövzuları

XS
SM
MD
LG