Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:32

-

Astara rayonun Kijabə qəsəbə sakini Xanlar Həsənovun bir hektar çay sahəsi var. Bu sahə 1996-cı ildə torpaqların özəlləşdirilməsi ilə bağlı ona verilib. Onun şəxsi mülkiyyəti və pay torpağı hesab olunur. Özü də etiraf edir ki, az torpaq deyil. Amma... Elə söhbət də bu «amma»dan gedir.

«ÇAYIN ÜMİDİNƏ QALSAM, AİLƏM ACLIQ ÇƏKƏR»

«Görün nə qədər vaxt keçib? Çay kolu inkişaf etmir. Yığdığım məhsul bir tondan yuxarı olmur. Bir kiloqram yaşıl çay yarpağını isə fabriklər 80 qəpikdən alırlar. Burda da monopoliyadır. 800 manatla nə etmək olar? Çox az vəsait qalır. Çayın ümidinə qalsam, ailəm aclıq çəkər».

«SUSUZLUQDAN SAHƏM BATIR»

Xanlar Həsənovun sahəsində 3-4 il bundan əvvəl olmuşduq. Çay plantasiyası necə idisə, elə də qalıb. O, kredit ala bilmədiyi barədə şikayət etmişdi. Suvarmanın yarıtmaz olduğunu bildirmişdi:

«Heç nə dəyişməyib. Kreditlərini də istəmirəm. 3-4 min verəcəklər, bir ay keçəndən sonra deyəcəklər ki, krediti qaytar. Haradan qaytararam krediti? Bunun əvəzinə su versələr, yaxşıdır. 5-10 gün xəttə su buraxırlar, o da ki, mənim sahəmə çatmır. Sovet dövründən qalma xətlər dağılıb. Susuzluqdan sahəm batır. Müraciət etmişəm suvarma ilə məşğul olanlara. Amma nə xeyri var!».

Xanlar Həsənov deyir ki, onun vəziyyətində olanlar çoxdur. Çayçılığa diqqət hiss olunmur. Digər çay sahələrində də olduq. Bizə dedilər ki, çayçılıqda hər iş əl ilə görülür. Aqrotexniki xidmət çox pis vəziyyətdədir. Elə çay plantasiyaları var ki, orda illərlə becərmə işi aparılmır.

Çayçılıqda hər iş əl ilə görülür. Aqrotexniki xidmət çox pis vəziyyətdədir.

Çayçılıqda hər iş əl ilə görülür. Aqrotexniki xidmət çox pis vəziyyətdədir.

«ÇAY PLANTASİYALARI BİR-İKİ ADAMIN ƏLİNDƏ CƏMLƏŞİB»

Lənkəran rayon sakini, kənd təsərrüfatı elmləri namizədi Hüseynqulu Məmmədovun sözlərinə görə, bu illər ərzində çayçılıqla bağlı çoxlu qanunlar verilib. 2002-ci ildə «Çayçılıq haqqında» qanun da qəbul olunub:

«Lakin bütün bunlar çayçılığın inkişafına elə də güclü təsir etməyib. Təsir etmiş olsaydı, yaşıl çay yarpağı istehsalı artardı. Lənkəranda 200 tona yaxın yaşıl çay yarpağı tədarük edilir. Halbuki, Lənkəranda 20 min tondan çox yaşıl çay yarpağı yığılardı. Bəzi yerlərdə suvarma yaxşı təşkil olunub. Çay plantasiyaları bir-iki adamın əlində cəmləşib. Onlar da ki, öz maddi tələbatlarını ödəməklə məşğuldurlar».

Elmlər namizədinin fikrincə, çayçılıqla bağlı ciddi iş görülmür. O deyir ki, nəticə 4-5 ildə özünü göstərməlidir. Artıq torpaq islahatından 20 ilə yaxın vaxt keçir, nəticə isə yoxdur:

«Fakt odur ki, Azərbaycan quru çayın 95-96 faizini kənardan gətirir. Bu faiz isə azalmır».​

Natiq Əbilov

Natiq Əbilov

«1 KİLOQRAMI 7 MANATDAN 150 MANATADƏK SATILIR»

Astara rayon sakini Natiq Əbilov da deyir ki, sovet dövründə çayçılıq sahəsində çalışıb. Onun deməsinə görə, mağazalarda satılan quru çayların heç də hamısı yaxşı olmur:

«Çayı içəndən sonra stəkanda rəng qalır. Halbuki, təmiz çayda belə olmamalıdır. Bizdə quru çay həm də bahadır. İrandan 1 kiloqramı 2 manata olan quru çay gətirirlər. Həmin çay bizim əla növlü çaylardan yaxşıdır. Yerli çayların 1 kiloqramı 7 manatdan tutmuş 150 manata qədər satılır. Həmin 2 manatlıq İran çayını bizim quru çaylara qatıb satırlar. Biz daha çox çay içən xalqıq. Süfrələrimiz çaysız olmur. Məcburuq ki, bizə nə verirlər, onu da içək».

«ÇAY SAHƏLƏRİNİ YANDIRIB EV TİKDİLƏR»

Aqronom İsgəndər Həsənov isə deyir ki, çay sahələrinin dağıdılması səhv bir addım idi:

İsgəndər Həsənov

İsgəndər Həsənov

«Çay sahələrini əvvəlki vəziyyətə gətirmək, demək olar ki, mümkün deyil. Çay sahələrini yandırıb yerində ev tikdilər, obyekt inşa etdilər. Yeni çay fabriki də çay sahəsində inşa edilib. Halbuki, çay şitilini hər torpaqda əkmək olmaz».

Sovetlər dövründə müttəfiq respublikalarda ən çox çay Gürcüstanda və Azərbaycanda istehsal olunardı. Azərbaycanda 6 rayonda çay plantasiyaları olub. 3413 hektar sahədən 34 min ton məhsul yığılardı. Ölkədə 14 çay fabriki işləyirdi.

«ÇAY KOLUNU BİRİNƏ, ONUN ALTINDAKI TORPAĞI BAŞQASINA VERİBLƏR»

Hüseynqulu Məmmədov deyir ki, əslində bu müəssisələr 1996-cı ilədək olub, çay sahələrindən məhsul yığılıb:

«Çay kolunu birinə, çay kolu altında olan torpaqlarını isə tamamilə başqa adamlara verdilər. Nəticə göz qabağındadır. Bu, cinayət idi».

Yerli çayların 1 kiloqramı 7 manatdan tutmuş 150 manata qədər satılır.

Yerli çayların 1 kiloqramı 7 manatdan tutmuş 150 manata qədər satılır.

Azərbaycanın çay bazarına əsasən «BETA Qrup» və «Azərsun Holdinq» nəzarət edir. «Azərsun Holdinq»in Bakıda, Astarada, Lənkəranda çay fabrikləri var. Mütəxəssislərin dediklərinə görə, ölkəyə 150-dən çox çay markası gətirilir. Qanuna görə, çay emal müəssisələri xaricdən gətirilən məhsula yerli çay qatmalıdırlar. Buna görə də ölkəyə idxal edilən xammal gömrük rüsumundan azad olunur.

2010-cu ildə yaradılan «Astaraçay» MMC bu il yeni çay fabriki inşa edib. Bu müəssisənin 640 hektar torpaq sahəsi var. Bunun 400 hektarında Gürcüstandan gətirilmiş çay şitili əkilib. Fabrikin gündəlik emal gücü 12 ton yaşıl çay yarpağıdır. Fabrikdə çay çəkici-bükücü sexi də var. Həmin sexdə 100, 200, 400 qramlıq çay qablaşdırılacaq.

Masallıda 500 çay şitilinin əkilməsi üçün 100 hektar yer hazırlanıb.

Vidadi Mirzəyev

Vidadi Mirzəyev

«BİZDƏ ENERJİDAŞIYICILAR BAHADIR»

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Fondu ötən ay Masallıda keçirdiyi forumda elan edib ki, indiyədək çayçılıqla məşğul olan 12 sahibkara 10.7 milyon manat güzəştli kredit verilib.

İqtisadçı Vidadi Mirzəyev deyir ki, belə tədbirlər hər il keçirilir. Lakin nəticə dəyişmir:

«Əslində çayçılıqla bağlı hüququ baza var. Sanki burda hər iş normal gedir. Amma elə deyil. Fabriklər çayın bir kiloqramına 80 qəpik verirlər. Bu işdə fabrikləri günahkar bilmirəm. 1 kiloqram quru çay almaq üçün 4 kiloqram yaşıl çay emal edilməlidir. Bəri başdan quru çayın bir kiloqramı fabrik üçün haradasa 4 manata başa gəlir. Bəs digər xərclər? Bizdə enerjidaşıyıcılar bahadır. İranda enerjidaşıyıcılar ucuzdur, quru çayı da ucuzdur. Əslində qonşu ölkələrdə quru çay bizdəkindən ucuzdur. Buna baxmayaraq, çayçılıqla məşğul olanlar yenə kasıb həyat yaşayırlar».

«HÖKUMƏTİN BAŞI QARIŞIB NEFTƏ. O DA TÜKƏNİR»

İqtisadçının dediyinə görə, çayçılığın inkişafı işsizliyə təsir edən amillərdən biridir:

Çay plantasiyasında qoyunlar.

Çay plantasiyasında qoyunlar.

«Sovet dövründə çayçılıq sahəsində əməkqabiliyyətli əhalinin 30 faizi işləyirdi. Azərbaycan aqrar ölkədir. Rayonlarda işsizliyi azaltmağın əsas yollarından biri də aqrar sahəni inkişaf etdirməkdir. Ən azı çayçılığı. Azərbaycanda çayın bazarı var. Xaricdən milyonlarla dəyərində olan quru çay gətirilir. Belə çıxır ki, ölümüzünkü qalıb, başqa ölkədə olan çayçılığa investisiya qoyuruq. Çay eyni zamanda stabil olaraq gəlir gətirən sahədir. Heç iqtisadi böhran da ona təsir etmir. Belə görünür ki, hökumətin başı qarışıb neftə. O da tükənir».

Hazırda Masallıda və Lerikdə çay plantasiyası qalmayıb. Azərbaycanda ən çox yaşıl çay Astarada yığılır. Hər il plantasiyalardan Astarada 400 tondan çox, Lənkəranda isə 200 tona yaxın yaşıl çay yarpağı toplanır.

Astara rayon İcra Hakimiyyəti başçısının aqrar məsələləri üzrə müavini Firudin Əhmədov isə deyir ki, əksinə, çayçılıqda irəliləyiş var. Onun sözlərinə görə, əvvəlki çay sahələri bərpa olunacaq. Bu sahəyə kifayət qədər investisiya buraxılır. Müavin deyir ki, iki ildən sonra rayonda yaşıl çay yarpağı istehsalı 5 min tona çatdırılacaq.

XS
SM
MD
LG