Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:00

Başqalarının bacarmadığı işi necə bacardıq?


Rəşad Səfər
Rəşad Səfər

- "Biz kitaba qalib gəlmişik və bu qələbə möhtəşəm qələbədir. Hər toplumun bacaracağı bir iş deyil.

Xalqlar var ki, minillik tarixləri, zəngin dövlətləri var. Amma kitabsız, təhsilsiz tor-topal olurlar. Bir işin öhdəsindən gələ bilmirlər.

Bizsə çox təntənəli bir ömrü bircə kitab oxumadan belə keçirə bilirik."

"Gözəl qələbədir. Lakin xırdaca bir problem var. Onu da gərək nəzərə alaq."

Rəşad Səfər

Qələbənin utancı

Uzun illərdir bir mübarizənin içindəyik. Bütün gücümüzlə səfərbər olmuşuq. Daha doğrusu, olmuşduq.

Bu kabus kimi günlər artıq geridə qaldı. Demək olar ki, zəfərin bir addımlığındayıq. Bəlkə də artıq qazanmışıq, elan etmək qalıb sadəcə.

Kim idi bu qorxulu düşmən? Bir deyil, iki deyil. Mədəniyyət, elm, təhsil, düşüncə. Ümumiləşdirib bir ad qoysaq - kitab.

Əslində, bizim tarixən belə bir düşmənimiz olmayıb. Bu, bizə sırınmış, idxal edilmiş bir düşməndir.

Son 100-150 ildə satılmışların apardığı qorxunc eksperimentin nəticəsi imiş sən demə. Düşməni bizə dost kimi sırımaq istədilər. Bizə yalan söylədilər...

Nə isə, mübarizənin böyük hissəsi gözümüzün önündə keçdi. Bir ara əməllicə əhdini kəsmişdik. Amma yenə bir para uğursuz insan çıxıb başımızı aldatmağa çalışdı.

Təbii ki, istəyimiz olmadan bizi aldatmaq mümkün deyil. Əgər nə zamansa nəyəsə aldanmış görünürüksə, bilin ki, bu, öz istəyimizlə baş verib, aldanmamışıq, razılaşmışıq, bizə sərf edən yalana göz yummuşuq sadəcə.

Amma bu uğursuzların yalanı bizə sərf etmədiyinə görə tez ayıldıq, hamısına yerlərini göstərdik. İndi qalıblar ortalıqda, qoltuqlarında beş-altı cızma-qara, ora-bura vurnuxurlar. İmkan vermişdik, bir az vaxt qazanmışdılar.

Bu aldatma da necə baş verdi? Üçüncü dünya xalqlarının məşhur yazıçılarından birinin maraqlı təsbiti var.

Deyir, bizim kimi xalqlar çox az kitab oxuyarlar, oxuyanda da kitabları zövq üçün, gündəlik həyatın bir parçası kimi oxumazlar.

Onların nəyisə oxuması üçün kitab hansısa təmannaya cavab verməlidir. Yəni ən azından nəsə öyrənmək ehtimalı olmalıdır o kitabda.

Buna görə belə xalqların yazıçıları, naşirləri, kitab təqdimatı ilə məşğul olanları bir kitabın oxunmasını istəyəndə həmişə hiyləyə baş vururlar: Mütləq o kitabdan nə isə xeyir gələcəyini oxucuya çatdırmaq istəyirlər.

Bizim uğursuzlar da bu hiyləyə baş vurdular. Doğrudan da, bəzilərimiz sadəlövhcəsinə inandı ki, kitab-zad oxumaqla nəsə eləmək olar.

Amma çox tezliklə yanıldıqlarını anladılar. Xeyir-filan yox imiş. Hücum...

Bu hücum son hücum oldu. Qələbəni qazandıq. Bu gün kitab nəinki bizə xeyir verə bilmir, hətta həyatımızda onun heç biri rolu yoxdur. İroniyasız deyirəm bunu.

O, bu gün bizə heç harda kömək edə bilmir. Mübarizəmizin üsulu da müdrikcəsinə oldu.

Kitabsız bir yaşam forması yaratdıq. Evdə, məktəbdə, universitetdə, işdə, insanlar arasında.

Kitabsız məktəbi bitiririk, universitetə giririk, universiteti bitiririk, işə giririk, əlimizin altında onlarla, yüzlərlə adam çalışır bəzən, kitabsız yazıçı oluruq, jurnalist oluruq, aparıcı oluruq, çox məşhur müğənni, çox məşhur aktyor, çox məşhur şair oluruq.

Sevgililərimiz, həyat yoldaşlarımız, maşınlarımız, evimiz, əyləncəmiz. Hətta özümüzü yaxşı aparsaq, sonda fəxri xiyaban da qismət ola bilər.

Bütün bu prosesdə kitabın da iştirak etdiyini kimsə kiməsə sübut edə bilməz. Yoxdur, olmayan şeyi necə sübut edəsən.

Bəşəriyyətin ən böyük kəşfini, dünyanın ən güclü silahını rəzil etdik, diz çökdürdük. Artıq beş-on uğursuzdan başqa kimsə kitab haqda danışmaq, düşünmək istəmir.

Mübarizənin və qələbənin bəhrəsini də görürük artıq. Daha heç bir ciddi sual bizi düşündürüb beynimizi yormur.

Kimsə televiziyada-filanda ağıllı-ağıllı danışıb bizi ruhdan salmır. Belə cəsarəti kimsə göstərə bilməz.

İnsanı yoran "ideya" sözündən əl çəkmişik, onu buraxmışıq kriminalların dövriyyəsinə. İndi onların leksikonunda var "idealist olmaq, ideya adamı olmaq", yəni qanundan, dövlətdən qorxmayıb öz əxlaqının dalınca getmək, yəni qeyrət üstündə bacısını, arvadını öldürmək.

İndi ideyamız yox, inancımız var. Yalnız dini anlamda söyləmirəm. Düşüncənin ideya xarakterini düşüncənin inanc xarakteri əvəzlədi.

Çox rahatıq. İnanc insanı yormaz, sual verməz, cavabları topdansatış mərkəzindən alar (hər şeyi bir nəfər həll edir, bütün sualların cavabı Quranda yazılıb və sairə və ilaxır).

İnancın xarakterində müzakirə, tənqid yoxdur, dəyişəbilmə ehtimalı heç yoxdur, qadağandır. Daş kimi sabit bir həyat. İdeya isə yorucu şeydir.

Dəyişər, çevrilər, araşdırma istəyər, sual verər, cavab tələb edər, tənqid edər, tənqid edilər, böyük-kiçik yeri bilməz. İnsanı canından bezdirər, bir sözlə. Nə isə, artıq belə bir dərdimiz yoxdur.

Artıq uğursuzların optimizminə də gülməkdən başqa yol qalmır. Gedib naşirlərdən, kitab dükanlarından soruşmaq lazımdır durumu.

Özümüzü də aldatmayaq ki, əsas səbəb maddi problemdir, stressdir. Bu da var. Amma səbəb kimi bunu göstərmək qələbəmizi kiçildən iddiadır.

Nə qədər dostlarımız var ki, maddi problemləri filan yoxdur, universitet bitiriblər, normal şəraitdə işləyirlər.

Sadəcə, prinsip insanıdırlar, ənənəni pozmazlar. Ailə ənənəsi kimi bir şey - kitaba yaxın durmaq olmaz!

Etiraf eləmək lazımdır. Biz kitaba qalib gəlmişik və bu qələbə möhtəşəm qələbədir. Hər toplumun bacaracağı bir iş deyil.

Xalqlar var ki, minillik tarixləri, zəngin dövlətləri var. Amma kitabsız, təhsilsiz tor-topal olurlar. Bir işin öhdəsindən gələ bilmirlər. Bizsə çox təntənəli bir ömrü bircə kitab oxumadan belə keçirə bilirik.

Gözəl qələbədir. Lakin xırdaca bir problem var. Onu da gərək nəzərə alaq.

Gərəkdir ki, aləmə yaymayaq bu qələbəni. Öz aramızda, belə banket, kampaniya, sünnət toyu kimi bir şey formasında qeyd edək, deyək, gülək, şənlənək, dombalaq aşaq, şpaqat açaq, məməşdən zaddan göstərək bir-birimizə.

Amma özgələrinə söyləmək olmaz. Aləm bunu bilsə və bir gün, yeddi ağac uzaq olsun, biz yuxudan ayılsaq, o zaman necə olacaq?

Bu qələbə münasibətilə ölüb yerə girmək istəsək, yer planetinin səthində bizə bəs edəcək və bizi gizlədəcək qalınlıqda torpaq olmayacaq deyə qorxuram. Yoxsa, başqa elə bir narahatlığım yoxdur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG