Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:23

Bakı nefti terrorçuların hədəfində


Xəzərdə neft platforması
Xəzərdə neft platforması

-

«Türkiyədən Azərbaycanın Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz boru xətti keçir. PKK terrorçularının son günlər təbii qaz boru xəttinə, elektrik xətlərinə etdiyi hücumlar Azərbaycanın bu ölkədən keçən neft kəmərlərinin təhlükəsizliyi məsələlərini gündəmə gətirir» – «Yeni Müsavat» belə yazır.

İŞİD döyüşçülərinin regiondakı bütün neft yataqlarını, neft kəmərlərini, o cümlədən BTC-ni hədəf alacaqları barədə bəyanatları isə narahatlıqları bir qədər də artırıb. Hazırda Türkiyə həm İŞİD, həm də PKK ilə savaşa girdiyindən neft və qaz kəmərlərində terror aktlarını önləmək üçün çətinliklə üzləşir. Üstəlik, Rusiya da son vaxtlar Qərb ölkələrinin, o cümlədən Avropanın Moskvanın enerji asılılığını azaltmaq üçün inşa edilən alternativ neft və qaz kəmərlərinə ciddi təhlükə yaratmağa başlayıb.

Azərbaycan tərəfi bu məsələdə konkret mövqe ortaya qoymasa da, verilən açıqlamalardan o anlaşılırdı ki, Bakı-Supsa hər hansı ekstremal vəziyyətdə dayanarsa, bütün ixrac neftini BTC-yə yönəltmək də mümkündür. Çünki BTC-nin nəql gücü hazırda buna imkan verir. İndi isə BTC-yə həm İŞİD-in, həm PKK-nın, həm Rusiyanın təhdidlərindən doğan real təhlükə var.

MƏRKƏZİ BANK KREDİT FAİZLƏRİNİ DİQTƏ EDƏ BİLƏRMİ?

«Azadlıq» qəzeti yazır ki, Mərkəzi Bank istehlak kreditləri üzrə illik faiz dərəcələrinin 29, mikrokreditlər üzrə illik faiz dərəcələrinin 25 faizdən yuxarı olmamasını tövsiyə edib. Tələb icra olunmadığı halda, inzibati tədbirlər nəzərdə tutulmur. Buna baxmayaraq, ölkənin bütün bankları kreditlər üzrə faiz dərəcələrini Mərkəzi Bankın təklif etdiyi səviyyəyə uyğunlaşdırmağa çalışır.
Maraqlıdır, Mərkəzi Bank ölkədə fəaliyyət göstərən digər banklara faiz diktə edə bilərmi? Ölkədə onsuz da bu sahədə xeyli problemlər var. Problemli kreditlərin sayının artması əhalinin kreditləri ödəmək imkanlarının məhdud olmasının əyani göstəricisidir. Ölkədə sahibkarların vəziyyəti də göründüyü kimi, yaxşı deyil.

İqtisadçı-ekspert Qadir İbrahimli deyir ki, kredit faizləri üzrə yuxarı həddi müəyyənləşdirməyə Mərkəzi Bankın səlahiyyəti yoxdur. Ekspert məsələnin yalnız tövsiyə xarakterli təlimatlardan ibarət olmasını mümkün sayır.

Qadir İbrahimli Mərkəzi Bankın təyin etdiyi həddin kifayət qədər yüksək olduğunu vurğulayaraq, kredit bazarını bu yolla inkişaf etdirməyin mümkünsüz olduğunu deyir.

TANAP-IN TİKİNTİSİ DAVAM EDİR

yap.org.az yazır ki, Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi üzrə tikinti işləri qrafikə uyğun davam etdirilir. Layihə çərçivəsində hazırda boru kəmərinin 56 düymlük hissəsinin keçəcəyi ərazilərdə torpaqların düzləşdirilməsi, təxminən 10 ton ağırlığı və 12 metr uzunluğu olan polad boruların sahələrə daşınması davam etdirilir. Həmçinin, boruların saxlanıldığı yerlərdə qaynaq işləri də aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG