Keçid linkləri

2024, 04 İyun, çərşənbə axşamı, Bakı vaxtı 10:36

Putin Bakı-Ceyhana ilişir


Quartz.com saytı xəbər verir ki, Rusiya Bakı-Supsa kəmərinin keçdiyi Gürcüstan ərazisini ilhaq edib.

Populyar quartz.com xəbər saytı yazır ki, Putin Qərblə yeni çarpışmaya girişib. Bu dəfə o, neftin Gürcüstan vasitəsilə nəqlinin əleyhinədir.

Məqalədə deyilir ki, Moskva, 1990-cı ildə neft kəməri məsələsində ABŞ qarşısında məğlub olduğu möhtəşəm çəkişməni yenidən qızışdırır.

“Bu çəkişmənin meydanı 1990-cı illərdən bəri ABŞ-Rusiya çarpışmasının məkanı olan Gürcüstandır” - yazır sayt.

1990-cı illərdə Vaşiqnton keçmiş sovet respublikasının ərazisi ilə Rusiyanın nəzarəti altında olmayan neft kəməri çəkilişinə çalışırdı.

Məqsəd Azərbaycan və Gürcüstanı Rusiyanın siyasi hegemonluğu altından çıxaqmaq idi.

O vaxt ki, Rusiya zəif idi…

Məqalədə deyilir ki, o vaxt Rusiya daha zəif olduğundan ABŞ məqsədinə nail ola bildi və Rusiyanın Qafqazdakı enerji inhisarına son qoyan neft-qaz kəmərləri layihələndirildi. Rusiya üçün ən böyük zərbə bu layihədə BP-nin əməliyyatçılığı ilə Bakıdan Supsaya gedən qaz kəməri və Bakıdan Türkiyənin Ceyhan limanına aparan iki ayrı-ayrı kəmərlərin olması idi.

Geri çəkilməzdən öncə Rusiya Bakı-Ceyhan kəmərinin ətrafına 45 mərmi atmışdı. Rusiyanın verdiyi mesaj belə idi: Gürcüstan Rusiyanın nəzarətindədir, istər kəmərlərlə, istərsə də kəmərlərsiz

“Bunlardan heç biri Rusiya prezidenti Vladimir Putini açmırdı – yazır sayt, - O 2008-ci ildə guya yalnız cənubi osetiyalıları Gürcüstan toplarının qətliamından xilas emək bəhanəsi ilə Rusiya ordusunu Gürcüstana göndərdi. Lakin Putinin generalları daha geniş ərazinin bombalanması və zəbtinə başlamışdılar. Geri çəkilməzdən öncə Rusiya Bakı-Ceyhan kəmərinin ətrafına 45 mərmi atmışdı. Rusiyanın verdiyi mesaj belə idi: Gürcüstan Rusiyanın nəzarətindədir, istər kəmərlərlə, istərsə də kəmərlərsiz” – deyilir məqalədə.

Yazıda qeyd olunur ki, belə görünür, Putin bu məsələdə yeni addım atmaq qərarı verib.

Qaba Rusiya və fəndgir BP

İyulun 13-də Gürcüstan Rusiyanı Cənubi Osetiya ərazisinin xaricində tikanlı məftil hasarı qurmaqda ittiham edib. Bu hasarın üzərində torpağın Rusiyanın himayəsində olduğunu göstərən nişanlar qoyulub.

BP və ABŞ-ın geostrategiyası baxımından bu torpaq qəsbkarlığı dəhşətli görünür. Çünki Bakı-Supsa kəmərinin iki kilometrədək sektoru yenicə ilhaq olunmuş əraziyə düşür.

Putinin strateji məqsədi SSRİ dağılarkən ABŞ və Qərbin Rusiyanın hesabına əldə etdiyi nailiyyətləri geri almaqdır

Rusiyanın adının çəkilməsindən ehtiyat edən BP bildirir ki, gələcəkdə kəmərin müəyyən hissələrinin yenidən tikilməsini planlaşdırır. Bu hissələrə Rusiyanın qəsb etdiyi əraziyə düşən sektor da daxildir.

Məqalədə deyilir ki, BP-nin bu “usta fəndi”nin baş tutub-tutmacağı və ya Putini daha da qızışdırmayacağı bəlli deyildir.

Avropa bəyanat verir, ABŞ baxır

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Rusiyanın sözü gedən hərəkətini “təxribat” adlandırıb. ABŞ dövlət katibinin müavini Richard Hoagland isə bəyan edib ki, Amerika yaranmış situasiyanı müşahidə edir.

“İndilik, Gürcüstan Ukrayna böhranının cəbhə xətti kimi görünür” – deyilir məqalədə.

Hazırda George Mason Universitetində dərs deyən və vaxtilə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Richard Kauzlarich Quartz-a deyib ki, onun zənnincə, Putinin strateji məqsədi SSRİ dağılarkən ABŞ və Qərbin Rusiyanın hesabına əldə etdiyi nailiyyətləri geri almaqdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG