Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:21

-

İyulun 27-də ali məktəblərə keçirilən sonuncu qəbul imtahanın nəticələri də elan olundu. Bununla da təhsil aldıqları müddətdə «harada qalmalı» sualı ilə üzləşən minlərlə tələbəyə yeniləri əlavə olundu. Bu sualın cavabını arayanlar adda-budda yataqxanalara sığınır, çoxları isə kirayə bazarına üz tuturlar.

Ali məktəblərin azsaylı yataqxanaları 90-cı illərdən bu yana azərbaycanlı tələbənin ehtiyacının çox cüzi hissəsini həll etmək iqtidarındadır. Ona görə tələbələrin çoxu bu yay da kirayə ev axtarışına çıxıblar.

ƏN UCUZ EV 200-250 MANATDIR

Metronun «Neftçilər» stansiyasının çıxışındakı kirayə bazarına gələnlərin əksəriyyəti ya tələbələr, ya da onların valideynləridir. Ev dəllallarından biri Səbuhi Kərimov deyir ki, hazırda əsas müştəriləri tələbələrdir:

«İndi kirayə ev axtaranlar daha çox tələbələrdir. Əlimizdə olan birotaqlı, normal şəraitli bina evlərinin qiyməti 300-350 manatdır. Bundan aşağı yoxdur. Bu evlər «Nərimanov», «Gənclik» metrostansiyaları tərəfdədir. Şəhərdən uzaqlaşdıqca, qiymət bir az ucuzlaşır».

Qazax rayon sakini Tahir Məmmədli deyir ki, yataqxana problemi həllini tapmadığı üçün oğlu Nəriman bu il də kirayə evdə qalmalı olacaq. Ən ucuz evlər isə normal şəraiti olmayan həyət evləridir. Bu evlərin qiyməti 200-250 manatdır:

«Özü də şəraitsiz evlərdir. Bir qapı, bir pəncərədir. Baha ev tutmağa imkanım yoxdur. Uşaq bu il də kirayədə qalmağa məcburdur. Özü də tək yox a, başqa bir oğlanla qalacaq. Mənim ayda 200 manat verməyə pulum haradan? Yarısını zorla verəcəyəm. Hələ bunun yeməyi, geyməyi, kitabı-dəftəri də var».

HANSI UNİVERSİTETİN YATAQXANASI VAR

Nəriman bu il, nəhayət, yataqxanada qalacağına ümid edirmiş. Ancaq tələbələrə verilən vədlər bu mövsüm də vəd olaraq qaldı. Baxmayaraq ki, hökumət nümayəndələri bir neçə il əvvəl problemin həll olunacağını, 2012-ci ildə yataqxana komplekslərinin tikiləcəyini bildirirdilər.

Bakının ən böyük ali məktəblərindən sayılan Bakı Dövlət Universitetinin üç yataqxanası 2013-cü ildə sökülüb. Orda məskunlaşmış məcburi köçkünlərə ev verilib köçürülsə də, yataqxanalar hələ də tikilməyib. Universitetin sökülməyən yataqxanalarında isə çox az sayda tələbə yerləşdirilə bilir.

Abel Məhərrəmov

Abel Məhərrəmov

BDU-nun rektoru Abel Məhərrəmov mediaya universitetin yeni yataqxana binalarının 2019-cu ildə hazır olacağını bildirib.

Ən böyük ali məktəblərdən sayılan Neft Akademiyasının da yataqxanası yoxdur. Ali məktəbdən bildirdilər ki, burda da yataqxanalar sökülüb və nə vaxt tikiləcəyini bilmirlər.

Memarlıq və İnşaat Universitetinin isə yataqxanası pis-yaxşı fəaliyyət göstərir. Universitetdən deyirlər ki, istəyən tələbə yataqxanada qalmaq üçün müraciət edə bilər. Kamil Kazımlı burdakı yataqxanada qalır. Deyir ki, şərait ortababdır:

«Bir otaqdır, 4-8 nəfər qalır. Dərs oxumaq üçün kitabxana var. Ancaq bütün tələbələr müxtəlif vaxtlarda dərs oxumalıdır. Dolu yeri görəndə adamın dərs oxumaq həvəsi də qaçır».

Qafqaz Universitetinin də öz yataqxanası var.

Tibb Universitetinin bəzi yataqxanaları təmir olunub, bəziləri isə bərbad vəziyyətdədir.

Azərbaycan Dövlət Pedaqoji və Bakı Slavyan universitetlərinin yataqxanalarında isə, əksər ali məktəblərin yataqxanalarında olduğu kimi, məcburi köçkünlər qalır.

Yayın bu qızmar günlərində kirayə ev axtaran tələbə Nəriman isə bu dərs ilində də atasının cibinə göz dikməli olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG