Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:04

-

İyulun 28-də Ağdam rayonundan məcburi köçkün olan 54 yaşlı Sahib Nəsibov «Qaçqınkom»un Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edib, özünü yandırıb.

Bu barədə virtualaz.org məlumat yayıb.

Respublika Yanıq Mərkəzinin rəhbəri Şöhrət Məmmədov sayta açıqlamasında deyib ki, Sahib Nəsibovun sol əli, baldırı və ayağı yanıb:

«Xəstə II və III dərəcəli yanıq xəsarəti alıb. Hələlik heç kimlə danışmaq istəmir. Lakin həyat yoldaşı hadisə ilə bağlı məlumat verib. Qadının dediyinə görə, onlar kirayədə yaşayıblar. İmkansızlıqdan «Qaçqınkom»a müraciət ediblər. Komitədən isə onlara ev verilməyəcəyini deyiblər. Buna görə də Sahib üstünə benzin tökərək özünü yandırıb».

Həkim hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiklərini, xəstənin isə vəziyyətinin normal olduğunu bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, qurumun Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən şəxs - Ağdam rayonundan məcburi köçkün Sahib Nəsibovun öz mənzili olub.

“Həmin şəxs Sabunçu rayonu ərazisində qeydiyyatdadır. Verilən məlumata görə, onun öz mənzili olub və sonradan satıb. Yenidən mənzil iddiası ilə çıxış edir. Komitədə isə boş mənzil yoxdur.

Həm də hər mənzil istəyən özün yandırmalı deyil axı. Bu gün Bakı şəhərində 216 min məcburi köçkün yaşayır və bu cür insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması mərhələli şəkildə həyata kleçiriləcək,”-deyə komitədən bildiriblər.

Hələlik Komitənin məcburi köçkünlə bağlı iddiaları haqqında ailənin heç bir reaksiyası bəlli deyil.

XS
SM
MD
LG