Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:42

- Tanınmış İran yazıçısı Fəriba Vəfinin 2006-cı ildə Bakıda çıxmış "Oyundan yorğun" kitabından bir hekayə

Farscadan tərcümə: Lalə Cavanşir

BİR AZ DA DE, MADAM

“Bitgin və yorğunsan”

Gənc qadın barmaqlarını saçlarının arasına apardı.

“Çox işləmək və belə-belə şeylərdəndi.”

“Qəhvəni iç, özünü incitmə.”

Qadın qəhvəni iylədi. Az-az ondan içib fincanı çevirdi. Əlini əlinin üstünə qoydu, başını aşağı salıb dinləməyə hazırlaşdı.

Madam yoğun barmaqları ilə fincanı əyib içinə baxdı:

“Qol-budaqlı bir ağac görürəm.”

Qadın tərpənmirdi.

“Sonunda ikiayrıclı bir yol. Qalmısan, hansına gedəcəyini bilmirsən. Qulağın məndədi?”

Qadın başını qaldırıb baxdı.

“Baş aça bilmirəm, amma ya bir məktub olacaq, ya da bir xəbər ki...”

Qadın maddım-maddım ona baxırdı.

“ - səni sevindirəcək.”

Qadının gözləri doldu:

“Demə Madam, heç bir xəbər gəlməyəcək; heç bir şey olmayacaq.”

Başını əllərinin arasına aldı, göz yaşları masanın üzərinə töküldü:

“Elə həmişə bunu deyirsən, amma heç bir xəbər çıxmır.”

Madam dedi:

“Dedim xəbər var, demədim ki, xəbər gəlib sənin qapını döyəcək. Elə şeylər var ki, bəzən gərək adam özü onun dalınca gedə.”

Qadın ah-nalə elədi:

“Gedim nə deyim? Deyim getməsin, hə?”

“Hə, o cür bir söz de.”

“Birdən o danışmasa, ya da çox tərbiyəli şəkildə "Ayrı bir işin yoxdu?" – soruşsa, nə olacaq?”

Madam bayıra çıxdı. Başqa müştəriyə gözləmə otağını göstərdi. Bir siqaret alışdırıb qayıtdı.

“Artıq gedib, ya yox?”

Qadın bir az toxtamışdı:

“Bilmirəm. Təkcə bunu bilirəm ki, getməsə də mən artıq xoşbəxt deyiləm.”

Madam gözünü qıydı.

“Ürəyindən keçənləri bilirəm. Səni çox sevən birisi olsa xoşbaxt olarsan.”

Siqaretdən dərin bir nəfəs çəkdi:

“Bu zəmanənin eşqləri eşq deyil. Əyri-üyrü, yarı-yarımçıqdırlar. Qadınlar bunu başa düşüb mənim yanıma gəlirlər.”

Qadın masanın üstünə iki təzə pul qoydu.

“Sən onları bütövləşdirirsən?”

“Yox, canım, elə o yarı-yarımçılığı da onlara saxlayım deyə gəlirlər.”

Gənc qadın masaya sarı əyildi.

“Madam, bunu başara bilirsən?”

“Bəzən hə, bəzən də yox”

Fincanı yenidən fırlatdı.

“Amma sənə bir iş görmək olar.”

Qadının gözləri parıldadı.

“Doğrudan?”

“Sözsüz. Bunu mən demirəm, falın deyir. Gəl yaxına.”

Qadın başını aşağı əydi.

“Bu yolu görürsən? Sonunda bir aydınlıq var. Yağışdan sonra görünən göyqurşağı kimidir.”

Əllərini göyqurşağı kimi əydi. Qadına da onu hiss etdirmək üçün əlini bir az o formada saxladı. Qadın gülümsədi.

“Madam, de.”

“Görürsən ki, ayrı müştərim var.”

Qadın yeni bir pul daha masanın üstündəki pullara artırdı.

Madam oturdu.

“Adında Z hərfi olan uca boylu bir xanım dalınca danışır. Amma nigaran olma. Bir iş görə bilməz. Ürəyini rahat tut. Şübhə eləmə. Güvən gözəl bir quşdur, qoyma ürəyindən uçub getsin. Başa düşürsən? Yoxsa yazıq olarsan.”

Gözləmə otağından ard-arda neçə öskürək səsi gəldi.

Qadın bir kəlmə belə qaçırmasın deyə, əlini üzünə dayayıb Madamın ağzına zillənmişdi. Madam ayağa qalxdı. Qadın onun qolundan tutdu.

“De madam... bir az da de.”

Pulqabını masanın üstünə qoydu.

Günün bütün mövzuları

XS
SM
MD
LG