Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:19

Bizdə yalana qarşı mücadilə çatışmır


Məmməd İsmayıl
Məmməd İsmayıl

- "Türkiyəyə gəlib kitab çap etdirən, mükafatlar, hətta təşkil edilmiş fəxri doktorluq ünvanları “alan” və buna görə də dedi-qodulara səbəb olan, gülüş hədəfinə çevrilənlər…"

Türkiyədə yaşayan azərbaycanlı şair Məmməd İsmayılla müsahibədən hissələr


- Necə düşünürsüz, niyə bizdə kitaba münasibət Türkiyədəki kimi deyil?

- Azərbaycanda kimin pulu, maddi imkanı varsa və tənbəl deyilsə, kitab çıxartmağa və çıxartdığı bu kitabı utanmadan təbliğ etdirməyə çalışır. Beləcə, sevilməyə layiq tək-tük kitab da bu “kitablar”-maklatura bolluğunda itib batır.

Bundan başqa, ənənəvi kitabı oxuyan, sevən və təbliğ edən ölkələr var, məsələn, Rusiya, Çin, Hindistan… Azərbaycan və həm də elə Türkiyə topluluqları kitabsevərlikdə elə də fərqlənməyiblər axı.

Üstəlik, ölkəni idarə edən yönəticilərin də kitabı sevdirmək deyə bir dərdləri yoxdur. Biliksiz toplumu idarə etmək daha asan olur.

Buraya bir də kapitalizmin “para” siyasətini əlavə etsək, demək istədiyimiz mənzərə gün işığına çıxar. Qaldı “Türkiyədəki kimi deyil” ifadəsinə, bu Azərbaycandan Türkiyəyə baxışda ortaya atılan deyimdir.

Əslində, Azərbaycana nisbətdə Türkiyədə bir qımıldanma hiss olunsa da, bir neçə adlarını dünyaya duyurmuş yazıçalardan başaqa (O.Pamuk,E.Şafak) yerdə qalan istadadlı yazıçılar belə, oxucu kasadlığından əsərlərini sata bilmirlər…

İndi nə yazıq ki, istər Azərbaycanda, Türkiyədə, istərsə də dünyanın başqa bir yerində gənclərin böyük çoxunluğunun əllərində kitab yerinə mobil telefonlar, tabletlər var,hər kəsin başı kitab yerinə sanal dünyaya qapı açan bu cihazların səcdəsinə əyilib və canlı həyatla təmaslar sıfır dərəcəsinə endirilib.

- Azərbaycanda ədəbi prosesi izləyə bilirsiniz? Sizcə, vəziyyət necədir? Nəyəsə ümid etmək olarmı?

- İmkanımın, zamanımın olduğu qədər izləyə bilirəm. Və…ümid olmayanda yenə ümid var. Xüsusilə, orta və gənc ədəbi nəsillərin fərqli axtarışları və tapıntıları məni sevindir.

Və işin qəribəsi odur ki, bizim yaşlı nəsillərdən fərqli olaraq, onlar bir-birinin qibtəsini çəkmək yerinə, bir-birilərini bəzən hətta ifrat dərəcədə müdafiə edirlər.

Bu, bir baxıma çox yaxşı haldır. Amma bu gedişatı yaşlı nəsillərin tənqidi üzərində qurmaq doğru deyil.

Yəni bu, binanın üst mərtəbəsində yaşayanların zəmin qatı, ya da dənizə can atan çayın başlanğıc bulaqlarını inkar etməsi kimi bir şeydir.

Zəmin qat olmasa bina, bulaqlar olmasa, çaylar ayaqda qala bilərmi? Burda Hollivud kino-şirkətinin yetmişinci illərdə istesal etdiyi və SSRİ məkanında geniş seyirçi kütlələrinə göstərilməsi yasaq edilən “Diplomat” filmini xatırlayası oldum.

Qısa məzmunu bu idi ki, gənc bir müğənni prezident olmaq istəyir və təbliğatını da bu doğrultuda qurur,- mən prezident olsam, bütün yaşlıları toplumdan təcrid edəcəm, qoy əl-ayağa dolaşmasınlar.

Prezident seçildikdən sonra dediyi kimi də edir, yaşlılar üçün xüsusi bölgələr oluşdurdur və özündən yaşlı olan bütün adamları o bölgələrə yerləşdirir, hətta öz anasını da…

Amma sonda qəribə bir vəziyyətlə qarşılaşır. Yaşlılar məkanında arxadan bir səs eşidir:
"Ey qoca adam, o topu mənə qaytararmısan” deyib ot üstünə atdığı topu göstərir.
Bu, 10-12 yaşlarında bir yeniyetmənin səsidir və adam onda anlayır ki, həyat bir estafetdi, nəsillər bir-birinin davamılı olum-ölüm qatarındadır.

Yəni, bugünkü ədəbi gəncliyimiz yaşlılarla dil uzadarkən bu acı həqiqəti unutmasınlar… Sizin bu gün etdikləriniz sabah sizin də qapınızı döyəcək!

- Kənd ədəbiyyatı, yoxsa şəhər ədəbiyyatı müzakirəsi olunur... Ədəbiyyatı kəndə, şəhərə bölmək düzgündürmü?

- Ədəbiyyatın kəndi, şəhəri yoxdur, yaxşısı, pisi var. Bu düşüncə təkcə bizim ədəbiyyatımız üçün deyil, dünyanın bütün ədəbiyyatları üçün keçərlidir.Bütün bunlar tənqidçilərin uydurduğu cəfəngiyatlardır.

- Darıxmağı kitab oxumaqla ovundurmaq mümkündür?

- Kitab insanlığın ən böyük kəşfidir. Hər yaxşı kitab həyat burulğanlarından keçmişdən gələcəyə üzən bir gəmiyə bənzəyir. Fransız yazarı Mopassandan soruşmuşlar ki, ən etibarlı dostun kimdir, cavabı qısa olmuş: kitab!

Bir dostuna verdiyin vədə yerinə 10-15 dəqiqə gec gəlsən, dostunun çıxıb getdiyini görərsən. Amma oxuduğun bir kitabı masanın üzərində buraxsan, bir ildən sonra da gəlsən, görəcəksən ki, açıq buraxıb getdiyin kitab elə açıq qoyub getdiyin səhifəsi ilə səni gözləməkdədir.

Və…hikmətli bir kitabla baş-başa qalan adamın yalqızlıqdan, darıxmaqdan nə qorxusu ola bilər ki?

- Sizcə saz restoranlarda qalsa yaxşıdı, yoxsa Avropaya aparmaq lazımdır?

- Sualın məntiqi nədir? Sazın yeri nə restoranlardır, nə də Avropa salonları. Sazın yeri el şənlikləri, el yığnaqlarıdır.

Amma nə yazıq ki,muğama, (hətta Azərbaycan toplumu üçün bayağılıqdan başqa heç nəyə yaramayan, bizim olmadığı halda bizimki kimi topluma zorla sırınan meyxanya və zarıncı muğama) dəstək verən indiki iqtidar və onun tərəfkeş tele-kanalları bir az da xalqın bağrından qopan saza meydan versəydilər, o zaman saz daha böyük üfüqlərə meydan açardı.

- Türkiyədən Azərbaycana boylananda ədəbiyatımızın durumu necə görsənir?

- Bu uzun bir monoloqu-cavabı gərəkdirən sualdır. Türkiyə türkünün belə bir dərdi yoxdur, o Avropa ədəbiyyatını qoyub Azərbaycan ədəbiyyatına elə də vaxt ayırmaz.

Amma Azərbaycan ədəbiyyatının elə önəmli bel sütunları vardır ki, (Mən burada hamımızın ortaq şairlərimiz olan Nəsimini və Füzulini adlarını çəkməyə də bilərdim...) M.P.Vaqif, M. Ə. Sabir, H.Cavid xüsusiylə də M.H.Şəhriyar Anadolu türk oxucusunun da baş tacı etdiyi simalardır.

Bir də var Azərbaycanda çeşidli vəzifələrdə əyləşib istedadlarına görə yox, daha çox tutuqları önəmli vəzifələrə görə Türkiyəyə gəlib kitab çap etdirən, mükafatlar, hətta təşkil edilmiş fəxri doktorluq ünvanları “alan” və buna görə də dedi-qodulara səbəb olan gülüş hədəfinə çevrilənlər…

- Bizdə nə çatışmır?

- Çatışmayan yerimiz birdimi, ikidirmi, hansı birini deyim ki? Ən əsası milli birlik çatışmır. Milli düşüncə birliyi olmayan topluluqların deyil, millət olmaq, xalq olması da müşkül işdir.

Hər kəsin gözünün önündə yalana heykəllər qoyulur, yalançı qəhramanlar “icad edilib” onlara baş əyilir, kimsənin umrunda deyil. Bu anlamda bizdə yalana qarşı mücadilə çatışmır.

- Cəbhə hakimiyyətinin ən böyük uğurlarından biri test üsulunun tətbiqi oldu. Test üsulunun yaxşı cəhətləri çoxdur, ancaq eyni zamanda sizə elə gəlmirmi ki, bu üsulun zərərli tərəfləri də var.

Məsələn, uşaqlar yazı yaza bilmirlər, mühakimə yürüdə bilmirlər, danışa bilmirlər. Nə deyirsən, deyirlər, sual ver danışım. Sual verirsən, deyirlər, variantları de cavab verim. Bu barədə nə fikirdiəsiniz?

- Yer üzündə elə yaxşı bir başlanğıc yoxdur ki, onun bir axsayan cəhəti olmasın.Bu zaman bizə nə qalır, bu başlanğıcın, yəni test üsulunun yaxşı, varsa, pis cəhətlərini haqq tərəzisinə qoyub çəkək, əgər yaxşı yön çatışmayan yönü əyirsə, deməli o başlanğıcın mütləq davamı olmalıdır.

Qaldı uşaqlar yazı yaza bilmirlər, mühakimə yürüdə bilmirlər” uydurmasına. Dön ətrafına bax, bu gün saytlarda boy göstərən və fərqli düşüncə tərzinə sahib olan yazarların demək olar ki, hamısı test üsulu ilə ali məktəblərə istedadlarına görə daxil ola bilən gənclərimizdir, məgər bu az işdir.

Test üsulu olmasaydı (yəni bizim ali məkəblərə qəbul olunduğumuz zamanları “şərtləri” olsaydı), bu gənclərin böyük çoxluğu rüşvət baryerinə ilişib qalacaq, ali məktəblərə qəbul ola bilməyəkdi.

Bir düşün o zaman biz kimləri və nələri itirmiş olacaqdıq?! Bir də test üsulu ali məktəbə keçid köprüsüdür. Bəs o zaman gənclərin yetişməsində ali məktəblər nə iş görür? Görürmü? Bax, məsələnin kökü burada gizlidir!

- Şairin, yazıçının müxalifəti, iqtidarı olmalıdır, yoxsa?..

- İqtidarı iqtidardakılardan soruş! Amma yazıçı, əgər gerçəkdən də yazıçıdırsa, o zatən anadangəlmə zamanla, məkanla, dünya və onu yönətənlərlə müxalifətdə olmalıdır. Bu, onun tanrısal görəvidir.

Son günlər Azərbaycanda müxalifət-iqtidar yerdəyişmələri iyrəncliyin pik nöqtəsini yaşayır. Saxtakarlığın bundan o tərəfi yoxdur! Bunlar dünyada analoqu olmayan və olmayacaq rəzilliklərdir.

Şeytanın gizli, aşkar nə qədər könüllü fəhlələri varmış, sadəcə biz gec fərq etmişik. Bu zalım zaman daha nə qədər maskaların düşməsinə vəsilə olacaq və bütün bu proseslərin sonunu gözləmək üçün hələ nə qədər yaşamağımız gərəkəcək?!

- Şairdən deputat olar?

- Bu sualı da milli məclisə seçiləndən sonra deputatlığın verdiyi “ilhamla” “sənətkar” olub“şair” kimi, “yazıçı”kimi adlar, mükafatlar alanlardan soruşsanız daha yaxşı olmazmı?

- İndi şair və yazıçılarda tənqidçiyə inam yoxdur. Bəs müəlliflər kimə inansın?

- Bir-iki istisnanı çıxmaq şərtiylə dediklərinlə razıyam.Qəfil fırtınalar bəzən dənizlərin bir dalğasını sahildən kənara atır. Fırtına çəkildikdən sonra sahildən uzaq düşmüş o su yığımına gölməçə deyirik.

Bax bizim “tənqidçilər” o gölməçələrdə fırtına qoparmağa çalışanlardır. Gecə bir mövzu düşünüb səhər o mövzuya uyğun müəllif və mətn arayışına çıxırlar. Deyilən tərif ya da tənqidi məntnlə örnək alınan misallar əsla bir-birinə uyuşmur.

Əl quzuları olduğu kimi, nə yazıq ki imtiyaz sahibi olan adamların “yetişdirdiyi” əl tənqidçiləri də var. Kor atın da kor nalbəndi olar.

Təbii ki, elə ədəbiyyatın da belə “tənqidçiləri” olacaq. Belə “tənqidçilər arasında sanki “intellektual” bir yarış gedir, görək kim daha fəlsəfi, anlaşılması zor terminlərlə, izimlərlə dolu ədəbi mətn “icad” edəcək?

Halbuki böyük C.Məric deyirdi ki, izmlər yarandığı yerə, yəni Avropaya bənzəyir bic və yalan…Amma bu o demək deyil ki, Azərbaycandakı tənqidçilərin hamısı belədir, yox! Mən bu cavabımla daha çox simsarlı, tərəfkeş “tənqidçiləri” nəzərdə tuturam.

İndiki Azərbaycan sosial və ədəbi mühitinin gözəgörünən fəsadlarıdır bunlar. Qaldı müəlliflərin kimə inanmasına. Müəlliflər əlbəttə dünya ədəbi təcrübəsinə və özlərinə inanacaqlar. Heç bir müəllifi tənqidçi dəstəyi sənətkar etmir…


Manera.az

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG