Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:37

Azərbaycan Ukrayna və Rusiyadan təyyarə almayacaq


Prezident və rəsmi şəxslər «AN140-100» təyyarəsinin qəza yerində. 24 dekabr 2005-ci il
Prezident və rəsmi şəxslər «AN140-100» təyyarəsinin qəza yerində. 24 dekabr 2005-ci il

Azərbaycan hökuməti Ukrayna və Rusiyadan təyyarə almayacaq. Buna səbəb ötən il dekabrın 23-də Bakı-Aktau reysi ilə uçan «AN140-100» təyyarəsinin Xəzər sahilində qəzaya uğramasıdır. Bu haqda «Azadlıq» radiosuna Azərbaycan Hava Yolları Dövlət Konserninin direktor müavini Sabir İlyasov məlumat verib. Cənab İlyasovun sözlərinə görə, hökumət gələn il sərnişin təyyarəsi almaq üçün Avropa ölkələrinə üz tutacaq. Çünki, bu təyyarələr daha keyfiyyətlidir və əksər hallarda sınaqdan uğurlu çıxır: «Onların təyyarələri standartlara uyğundur. Kim ucuz versə ondan alacağıq. Amma Ukraynadan almayacağıq bu dəqiqdir».


Azərbaycanın Ukraynadan aldığı «AN140-100» orta ölçülü, 52 yerlik sərnişin təyyarəsidir. Azərbaycan Ukraynadan dörd belə təyyarə almışdı. Ancaq, bir il öncə həmin təyyarələrdən biri Azərbaycandan Qazaxıstana uçmalı olan «AN140-100» sərnişin təyyarəsi havaya qalxdıqdan az sonra Xəzər sahilinə düşmüş, qəza nəticəsində 23 nəfər (18 sərnişin və 5 heyət üzvü) həlak olmuşdu.


Bir müddət öncə Sabir İlyasov «Azadlıq» radiosuna açıqlamasında qəzanın konstruktor səhvi ucbatından baş verdiyini demişdi. Onun qənaətincə, rusiyalı mütəxəssislər araşdırmalardan sonra təyyarənin hazırlanması zamanı səhvə yol verilməsi qənaətinə gəliblər. Bununla da qəzanın pilotların səhvi ucbatından və ya terror nəticəsində baş verməsi ilə bağlı versiya sıradan çıxıb.


Sabir İlyasov deyir ki, qəza ilə bağlı yaradılmış hökumət komissiyası bu haqda yekun rəyini təxminən bir aya açıqlamalıdır. Beynəlxalq prosedurlara uyğun olaraq hökumət komissiyasının, eləcə də Rusiya mütəxəssislərinin hazırladığı yekun rəy Ukraynaya göndərilib. İstehsalçı 60 gün ərzində komissiyanın rəyi haqda öz fikrini deməli və yalnız bundan sonra zərərçəkən səbəbləri açıqlamalıdır. Sabir İlyasov bildirir ki, Azərbaycanın Ukraynadan təzminat tələb edib-etməyəcəyi də bundan sonra məlum olacaq.


XS
SM
MD
LG