Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

“Azərbaycan Hava Yolları” QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə biletlərin qiymətini araşdırıb və endirimlə bağlı müvafiq tədbirlər görüb.

Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident İlham Əliyevin tapşırığına əsasən müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən bütün beynəlxalq marşurutlar üzrə ekonom-klass tariflərində 20-30% endirim edilməsi barədə qərar qəbul edilib.

Endirim AZAL-ın daha çox istifadə edilən marşrutları üzrə edilib:

Bakı-Moskva-Bakı reysi üzrə biletlərin qiyməti 406 avrodan 321 avroya

Bakı-İstanbul-Bakı marşrutu üzrə biletlər 277 avrodan 219 avroya

Bakı-Dubay-Bakı reysi üzrə isə biletlərin qiyməti 272 avrodan 216 avroya endiriləcək.

Bundan sonra isə Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro (22%), Bakı-Lvov-Bakı üzrə 141 avro (30%), Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro (23%), Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro (21%) endirim tətbiq olunacaq.

Bundan başqa, AZAL daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xəttləri (“lou-kost”) təcrübəsinin tətbiqinə başlayıb.

Belə ki, bu ilin avqustundan Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.

Şirkətin məlumatına görə, Standart “lou-kost” modelindən fərqli olaraq AZAL-ın “lou-kost” xətlərində özəl üstünlüklər olacaq.

Belə ki, qeydiyyat zamanı biletlərdə konkret yerlər göstəriləcək və təyyarənin salonunda yer seçimi üçün əlavə ödəniş alınmayacaq.

Uçuşlar "Embraer" təyyarələri ilə həyata keçiriləcək.

Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit və bir tərəfə 99 avro olcaq. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcək.

Bütün reyslərə biletləri on-line rejimində (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkün olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG