Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:49

Azərbaycan hökuməti Fəhmin Hacıyevə kompensasiya ödəməlidir


Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan indiyə qədər 1500 şikayət göndərilib
Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan indiyə qədər 1500 şikayət göndərilib

Avropa İnsan Hüquqları Məhkəməsi Fəhmin Hacıyevin iddiasını qismən təmin edib və ona 5 min yarım avro kompensasiya ödənilməsi barədə qərar çıxarıb. Baxmayaraq ki, cənab Hacıyev Azərbaycan hökumətindən 17 milyon avro tələb edirdi. Fəhmin Hacıyevin vəkili Qənirə İsgəndərova bunu da qələbə sayır. Onun sözlərinə görə, bu qərar onu təsdiq edir ki, cənab Hacıyev Azərbaycanda ədalətli mühakimə edilməyib. Kompensasiyanın miqdarı isə o qədər də önəmli deyil.



Fəhmin Hacıyev 1992-ci ilin əvvəllərində Müdafiə Nazirliyinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, həmin ilin mayından 1993-cü ilin iyununa – Əbülfəz Elçibəyin hakimiyyəti devrilənə qədər isə Daxili Qoşunların komandanı olub. 1994-cü ildə isə o, həbs edilib. Həmin il məhkəmənin hökmü ilə Fəhmin Hacıyev 1992-ci ilin fevralında Qarabağda – Xocalı şəhərinin işğalı zamanı vəzifə səlahiyyətlərini aşmaqda və bir neçə hərbi cinayətlərdə ittiham edilərək, 15 il həbs cəzası alıb. Cənab Hacıyev bu ittiham üzrə özünü günahsız sayırdı.


Onun şikayətinin Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı çıxarılan ilk qərar olmasına gəldikdə, vəkil Qənirə İsgəndərova deyir ki, onlar hələ 2003-cü ilin yanvarın 21-də bu məhkəməyə müraciət ediblər. İddiaya görə, birincisi, Fəhmin Hacıyev ədalətli mühakimə edilməyib. İkincisi isə, yeni qəbul edilən Cinayət Məcəlləsinin tələbləri Fəhmin Hacıyevə tətbiq edilməyib. Xanım İsgəndərova deyir ki, 2000-ci ildə qəbul edilən yeni Cinayət Məcəlləsinə əsasən, Fəhmin Hacıyevə ittiham olundğu maddələr üzrə 15 il yox, cəmi 10 il cəza düşürdü. Ancaq məhz ona qərəzli münasibətə görə, cəzanın miqdarı azaldılmadı. Nəhayət, üçüncüsü isə Avropa Şurasının tövsiyəsinə əsasən, siyasi məhbus hesab edilən bir çox məhbuslar kimi, Fəhmin Hacıyevin də təkrar məhkəmə istintaqı keçirilməliydi. Vəkilin sözlərinə görə, məhz ayrı-seçkiliyə görə, ona bu imkan da yaradılmadı.


«Artıq bir sıra hakimlərlə bağlı Məhkəmə Hüquq Şurasının qərarları var. Onların konkret adları çəkilir. Bir neçə il bundan əvvəl bunu heç təsəvvür də etmək mümkün deyildi. Bu, görkdür. Daha sifarişlə, rüşvətlə hökm çıxarmaq olmaz»
Ancaq Qənirə İsgəndərova deyir ki, onların Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətindən sonra Azərbaycan hökuməti bir sıra addımlar atıb ki, bu da hökmün bir qədər yumşalması ilə nəticələnib. 2004-cü ildə həm Fəhmin Hacıyevin cəzası 5 il yüngülləşdirilib, həm də cəzasının başa çatmasına bir neçə həftə qalmış o, əfv edilib: «Bu, bir tarixdir. Yəqin ki, belə qərarların ardı gələcək. Mən ümid edirəm ki, Azərbaycan məhkəmələri bundan sonra öz qərarlarında daha məsuliyyətli olacaqlar».

Hazırda Türkiyədə yaşayan Fəhmin Hacıyev də deyir ki, kompensasiyanın miqdarı onun üçün önəmli deyil, əsas odur ki, Xocalı qırğınına görə, məsuliyyət üzərindən götürülüb: «Bu, Azərbaycan hökuməti üçün də şərti bir cəza oldu ki, gələcəkdə insanların hüquq və azadlıqlarının pozulmasına yol verməsin».


Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki hakimi Xanlar Hacıyevin verdiyi məlumata görə, Azərbaycandan indiyə qədər ümumilikdə bu quruma 1500 şikayət göndərilib, onlardan yalnız 20-si icraata götürülüb. İndi bəzi hüquq müdafiəçiləri ehtimal edirlər ki, Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanla bağlı yeni-yeni qərarlar da çıxarıla bilər. Bu da ölkənin daha ciddi cərimələrlə üzləşəcəyi təhlükəsini yaradır.


Millət vəkili Gülər Əhmədova isə deyir ki, Azərbaycan məhkəmələrində korrupsiya halları çox ciddi reallıqdır. Onun sözlərinə görə, məhz bunun qarşısını almaq məqsədi ilə də Azərbaycan hökuməti son vaxtlar sərt tədbirlərə əl atmalı olur: «Artıq bir sıra hakimlərlə bağlı Məhkəmə Hüquq Şurasının qərarları var. Onların konkret adları çəkilir. Bir neçə il bundan əvvəl bunu heç təsəvvür də etmək mümkün deyildi. Bu, görkdür. Daha sifarişlə, rüşvətlə hökm çıxarmaq olmaz».


Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Avropa Şurasına üzv olan ölkələr üçün məcburi xarakter daşıyır. «Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan» kitabının müəllifi, hüquqşünas Ataxan Əbilov deyir ki, bu hökmlərin dəqiq yerinə yetirilmə mexanizmləri də var. Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına Avropa Şurasının Nazirlər Komitəsi nəzarət edir. O ki, qaldı Fəhmin Hacıyevin məsələsinə, onun şikayəti ilə bağlı qərar Azərbaycan Nazirlər Kabinetinə göndərilməlidir və üç ay ərzində kompensasiya ödənilməlidir. Amma kompensasiya ilə bağlı qərar icra edilsə də, Azərbaycan məhkəmələri bu cinayət işinə təkrar baxa da bilər, baxmaya da. Bu barədə Ali Məhkəmənin Plenumu qərar qəbul etməlidir. Avropa İnsan Haqları Məhkəməsi isə konkret faktlar üzrə cinayətin törədilib-törədilmədiyini yox, bu işin məhkəməsi zamanı prosedurların düzgün yerinə yetirilib-yetirilmədiyini araşdırır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG