Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

Hafiz Hacıyev şortik geyinməyindən danışıb: «Biz məgər adam deyilik...»


Hafiz Hacıyev
Hafiz Hacıyev

-

Bakıda şortik geyinən kişiləri «kislota» ilə hədələyən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin özü də istirahət mərkəzlərindən birində şortikli vəziyyətdə görüntülənib. Bu şəkillər barədə modern.az-a açıqlamasında H.Hacıyev bildirib ki, o, həmin sözləri deyərkən «ictimai yerlərdə şortiklə gəzmək olmaz» deyib:

«Mən yenə də fikrimin üstündə qalıram, şəhərin mərkəzində, məsələn, Fəvvarələr meydanında və yaxud da bulvarda, insanların gözü önündə şortiklə gəzmək düzgün deyil, oraya qızlarımız, gəlinlərimiz də gəlir.

Yoxsa ki dənizkənarında istirahət edən adam əlbəttə ki, sərbəstdir, istədiyi kimi də geyinə bilər. Belə şeylərə çox normal baxmaq lazımdır, burada qəbahət bir şey yoxdur. İstirahətə gedən, dənizdə olan adam şalvarla dənizə girəsi deyil ki. Birmənalı şəkildə bu olmalıdır, amma mənim söylədiklərimi çox təəssüf ki, media nümayəndələri kimə necə sərf edirsə, eləcə də yozurlar. Hamı dənizdə şortiklə gəzə bilər, biz məgər adam deyilik?..».

MİLLİ ŞURA PARLAMENT SEÇKİLƏRİNİ MÜZAKİRƏ ETDİ

«Azadlıq» qəzeti Milli Şuranın parlament seçkiləriylə bağlı apardığı müzakirədən yazır.

Cəmil Həsənli
Cəmil Həsənli

Milli Şuranın sədri Cəmil Həsənli bu müzakirələrdə bugünkü siyasi məhbusların, demək olar, hamısının potensial namizəd olduğunu söyləyib: «Ona görə də biz Milli Şura olaraq seçkidə iştirak qərarının qəbul olunmasında ilk növbədə bu həssas məqamı dəyərləndirməliyik».

AXCP sədri Əli Kərimli çıxışında deyib ki, heç bir resursları, oturmağa ofisləri olmasa belə xalqın dəstəyinə, internetin imkanlarından daha bacarıqla istifadə edəcəklərinə inanırlar:

«Biz inanırıq ki, hətta yarım demokratik şəraitdə, seçkinin imitasiyasında belə hökumətin təmsilçilərinə qalıb gələ bilərik. Ona görə də biz seçki islahatı, siyasi məhbusların azad edilməsini tələb edirik. Onların hər biri potensial millət vəkili ola-ola həbsdə saxlandığı bir şəraitdə demokratik seçki görüntüsü yaratmaq mümkün deyil…».

AZƏRBAYCANIN ABŞ-A DOĞRU BİR ADDIMI VƏ... QARABAĞDA SİLAHLAR İŞƏ DÜŞDÜ

virtualaz.org-un məqaləsi belə adlanır.

Yazıda deyilir ki, Bakının Qərbə ritorikasının dəyişməsi diqqətdən yayınmadı: «Belə bir mürəkkəb vəziyyətdə böyük iqtisadi problemlərlə üzləşən (neft bazarındakı böhran, milli bank sektorunun iflic olması maliyyə sabitliyi üçün böyük təhlükə mənbəyidir) Azərbaycan Qərblə, o cümlədən ABŞ-la münasibətləri qaydaya salmalı oldu.

Qarabağda erməni əsgəri.
Qarabağda erməni əsgəri.

Axı Azərbaycan iqtisadiyyatının ciddi ehtiyac duyduğu kredit və sərmayələri bizim hökumətə Qərbdən başqa heç kim, o cümlədən hegemon Rusiya da verə bilməz. Onun belə kömək etmək qüdrəti yoxdur.

Azərbaycan yalnız bir halda kəmərini bir qədər sıxa və Qərblə əvvəlki qarşıdurma siyasətini davam etdirə bilərdi - əgər Rusiya Qarabağ məsələsində bizə kömək etsəydi. Lakin bu, bəri başdan uduzulmuş oyundur».

Məqalə müəllifi sual edir: «Bəs Vaşinqton Azərbaycana nə təklif edə bilər? Ölkəmizin üzləşdiyi və gələcəkdə də üzləşəcəyi sistemli problemlərin həllində çox şey… Qeyri-neft sektorunun sıçrayışlı inkişafına olan ümidlər özünü hələ doğrultmur. Ölkənin valyuta ehtiyatları neftin ucuzlaşması fonunda nəzərəçarpacaq dərəcədə azalır. İran neftinə qoyulmuş embarqo götürüləndən sonra 2016-cı ildə nələrin olacağı hələ məlum deyil».

Müəllif deyir ki, Azərbaycan həm qeyri-neft sektorunu inkişaf etdirmək, həm də yeni enerji layihələrini reallaşdırmaq üçün Qərbin, ABŞ-ın kredit və sərmayələrinə möhtacdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG