Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:04

- Elmi-kütləvi kitabların tanıtımı

Yalçın İslamzadənin Kitab köşəsində

Carlo Ginzburg'un “Pendir və qurdlar” kitabı

16-cı əsrin sonlarında İnkivizisiya iki heretiki yandırır (Kilsənin “humanizm” anlayışına görə, Kilisə qan tökməməli idi, ölümə məhkum etdiklərini tonqalda yandırırdılar).

Bunlardan biri məşhur filosof, şair və riyaziyyatçı Cordano Bruno idi.

Bruno, kainatın sonsuz olduğuna, ulduzların öz planetləri olan günəşlər olduğuna və kosmik plüralizmə - başqa planetlərdə də həyat olduğuna inanırdı.

Yalçın İslamzadə

Yalçın İslamzadə

Kilsənin Müqəddəs Kitab, Aristotel fəlsəfəsi və Ptolomeyin geosentrik modelinə dayanaraq əsaslandırdığı dünyagörüşü sabit, məhdud, yaxın keçmişdə (Tövratda sadalanan ardıcıl nəsilləri hesabladıqda, dünyanın yaşı bir neçə min il edirdi) yaranmış və Yerin mərkəz olduğu dünyagörüşü idi.

Kilsəyə görə, əgər başqa planetlərdə həyat olsaydı, bir planetdən digərinə uçaraq insanları xilas edən qurtarıcıya ehtiyac duyulardı ki, planetdən planetə uçan bir xilaskar gülməli görünərdi, üstəlik Yerin kainatın mərkəzi olması da öz mənasını itirərdi.

Bu görüşlərinə görə, Bruno 7 illik həbsdən sonra 1600-cü ildə yandırılır. İnkivizitorlara “məni ölümə göndərərkən siz məndən çox qorxursunuz” deyən Bruno, düşüncə azadlığı uğrunda həyatını fəda etmiş biri olaraq böyük hörmət görməkdə və tanınmaqdadır.

Öz ağlını istifadə etmə cəsarəti göstərmiş, ancaq yaxın zamanlara qədər tanınmamış qalan, 1599-cu ildə yandırılan digər heretik, Şimali İtaliyada yaşamış dəyirmançı Menokkio'dur (Domenico Scandella).

Bütün Avropanı gəzmiş və ciddi təhsili olan Brunodan fərqli olaraq, anadan olduğu qəsəbənin kənarına çıxmamış, Latın dili bilgisi çox zəif olan Menokkio o dövrdə tapa bildiyi latınca və italyanca bütün kitabları oxuyur və özünə məxsus dünyagörüşü yaradır.

Ona görə, dünya xaosdan, çürüyən pendirdə yaranan qurdlar kimi yaranıb, İsa adi bir yoxsul kəndlidir və insan oğludur, cəhənnəmi keşişlər xalqı soymaq üçün uydurublar, Papanın ilahi gücü yoxdur.

“Yanındakı kim olursa olsun, bütün söhbətləri Tanrı ilə əlaqədar mövzulara çəkər, ortaya heretik bir düşüncə atardı, sonra da bunu müdafiə etmək üçün çığırıb bağırırdı”.

İnkivizisiyaya şikayət edilən Menokkio'ya yaxınları mümkün qədər az danışmasını, dediklərini inkar etməsini, peşman olduğunu bildriməsini məsləhət görürlər.

Ancaq, inkivizisiya məhkəməsi üzvlərinin ciddi görkəmləri və detallı sualları Menokkio'nun ehtiyatı əldən verməsi və heretik dünyagörüşünü həyəcanla və ətraflı izah etməsiylə nəticələnir.

Birinci məhkəmədə tövbə edib bağışlanan Menokkio, əynində soyunması qadağan olan tövbə əbası, öz bildiklərini təbliğ etməkdə davam edir və ikinci dəfə məhkəməyə çıxarılaraq ölümə məhkum edilir.

Carlo Ginzburg

Carlo Ginzburg

“Keçmişdə tarixçilər ancaq “kralların böyük işləri” ilə maraqlanmaqda ittiham oluna bilərdilər, ancaq bu gün vəziyyət dəyişib.

Tarixçilər getdikcə intensiv olaraq sələflərinin nəzərə almadıqları, bilməzdən, görməzdən gəldikləri mövzulara qayıdırlar.

Brextin “oxumuş işçisi” hələ o zamanlar belə, “Yeddi qapılı Tebayı kim inşa edib?” deyə soruşurdu.

Qaynaqlar bu adsız divar ustaları haqqında bizə məlumat vermir, ancaq sual öz aktuallığını hələ də qoruyur” (Carlo Ginzburg).

Carlo Ginzburg, bir detektiv romanı qədər maraqlı olan kitabında, “kralların və müharibələrin” tarixini yazan ənənəvi tarix yazımından fərqli olaraq “tabe olan siniflərin” tarixini yazmağın vacibliyindən və çətinliyindən bəhs edir, iki tarix yazımı arasındakı fərqlərə diqqət çəkir.

Giriş qismində mikrotarixin, ya da yeni mədəni tarixin, “aşağıdan” tarixin keçmişi düzgün anlamaqdakı rolundan bəhs edir.

Mikrotarix stilində yazılmış ən maraqlı və məşhur əsərlərdən biri olan bu kitabda, həmin İnkivizisiya məhkəməsinin bu günə qədər saxlanılmış protokollarından istifadə edilməklə, o dövrün İtaliyasında həmkəndliləri tərəfindən anlaşılmayan, İnkivizisiya tərəfindən məhkum edilən Menokkio'nun kimlərlə görüşmüş, hansı kitabları oxumuş və içində olduğu şərtlər, əmək fəaliyyəti də nəzərə alınmaqla özünəməxsus dünyagörüşünü necə formalaşdırmış ola biləcəyi araşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG