Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:58

Bu üzdən o üzə keçməliyəm, gözlərini yumma


Hədiyyə Şəfaqət
Hədiyyə Şəfaqət

-

Hədiyyə Şəfaqət

Şeirlər

-1-

...Tanrını bilən adamların

"Niyə"-ləri,

"Nə üçün"-ləri,

Sualları yoxdur...

Yumulmuş gözlərlə susublar...

Susublar ağaclar qədər

Susublar yollar qədər...

Tanrını bilən adamların ovuclarında

Bir içimlik su kimidir sevinc...

Çiçək ətri qədər təmənnasızdır kədər...

Adamların

Özə dönüş ayinidir

Məsələn suların axması,

Məsələn günəşin parlaması...

Səbəbsizlik....

Məsələn quşların

"Bu nə zaman bitəcək" - deməsinə,

Məsələn torpağın -

"Mən niyə doğuldum?" - deyə yorulmasına...

Tanrı

Gülümsəyir...

Bitməyən varoluşun

Hər dəfəsində eyni şeylərin sorulmasına...

Yeganə cavabı Sevgidir...

Və Tanrı soruşulmuş suallara cavab vermir...

-2-

Kəpənəklər

Deyilməmiş sevgi kəlmələridir...

...Ölmüşdü və pilləkənin son basamağında dururdu

Əyildim və əlimə götürdüm

Qanadları

Qurudulmuş çiçək ləçəkləri kimi

Xatirə qoxuyurdu...

Kəpənəklər

Çiçəklərdən daha az yaşayarlar...

Hardasa

Oyanmağa gecikmiş qaratoyuq

Hələ indi

Dan yerinin nəğməsini oxuyurdu

Və onu eşitmədən bitmişdi

Kəpənəyin ömrü...

...Deyilməmiş bütün sevgi kəlmələri

Kəpənəkdir indi...

...Ayağınızı yerə ehtiyatla basın ...

-3-

Çatıb dayanmışam bəbəklərinin dərinliyinə...

Gözlərindən gəlib keçən

Yol

Yol

Yol...

Qoca,

Gəlib-gedənin çoxmu?

Mən bu üzdən o üzə keçməliyəm

Bir az da gözlərini yumma....

Ordan gəlib çıxmışam buralara

Bir zamanlar,

Hey,

Xatırladınmı?

Qapıymış göz qapaqların,

Xəbərin yoxmu,

Sehrli sözləri bilirəm,

Amma gizli saxlayacam...

Yumma hələ gözlərini

Mən o üzə keçməliyəm....

Çıxıb gedərkən qapanmamasını diləmişdim...

Açıq gözlər üçün

Sağ ol, Qoca...

Uzuuun bir səyahətdən yoruldum,

Dəriiin bir yuxum var...

Qapını arxamca

İçəridən

Bağlayacam...

-4-

...Sən

Mənə bir çöl bağışlaya bilərsən məsələn

Deyə bilərsən ki,

"Budur,

Sənə çox istədiyin bir şeylə gəldim"

Və bir dəstə çiçək uzadaraq

Və gülümsəyərək...

...Mən

Bağrıma basa bilərəm məsələn,

Qoxlaya bilərəm

Çöl qollarımın arasına sığışmaz

Daşıb gedər çiçəklərin ətriylə

Deyə bilərəm ki,

"Sağ ol,

Çox gözəldirlər"

Və uzaq yollardan bəri ləçəklərdə gizlənən yağış damcıları

İz salar köynəyimdə...

...Çöl

Bəlkə də ilk dəfə duyar necə arzulanan olduğunu məsələn

Qəlbimin atışından,

Gözlərimin içindən

Və sənə sevgimi duyar, duyar...

Çiçəkləri ehtiyatla qoyarkən masanın üstünə

Və su arxasıyca gedərkən...

-5-

Sahilsiz dənizdə

Ağ yelkənləri çiçək kimi zərif qayıq

Və nəhayətsiz göy...

Sulardamı,

Göylərdəmi olduğu anlaşılmayan

Azca qızarmış buludlar...

Günəş

Uzaq üfüqdən qalxır yavaş-yavaş...

Sular parıldayır...

Qayıq

Yan almağa sahili yoxdur deyə

Tələsmir...

Buludlar

Öz havasındadır

Göyün hər yeri eynidir...

Zaman

Günəş işığının çoxalmasından azalmasına doğru gedir...

Və o da heç kimə gərək deyil...

XS
SM
MD
LG