Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:31

«AZAL», ARDNŞ, «Azərenerji» özəlləşdirilə bilər


AZAL
AZAL

-

İyulun 25-də «Bizim yol» yazır: «AZAL», ARDNŞ, «Azərenerji» özəlləşdirilə bilər».

Əslində, bu fikrin müəllifi ADR Hərəkatının lideri, iqtisadçı Qubad İbadoğludur. O facebook-da Maliyyə Nazirliyi və Neft Fondunun 6 ayın yekunları ilə bağlı açıqlamalarına istinadla yazır:

«Bu il üçün büdcəyə 19 milyard 438 milyon manat vəsait yığmağı planlaşdıran hökumət ilin 1-ci yarısında onun 7 milyard 807 milyon 200 minini və ya 40 faizini təmin edib. Proqnozun icrasında başlıca çətinlik Neft Fondundan gözlənilən transfertlərin azalmasıdır».

İbadoğlunun fikrincə, çıxış yolunu vergi ödənişlərini inzibati qaydada sıxmaqla büdcəyə əlavə vəsait cəlb etməkdə görən hökumət ilk 6 ayda buna nail olsa da, sonrakı aylarda eyni metodla istədiyi effekti ala bilməyəcək.

İqtisadçıya görə, hökumət belə durumda alternativ yola əl ata bilər: «Bu halda hətta ARDNŞ-in də səhmləşdirilməsi və sonradan səhmlərinin satışa çıxarılması gündəmə gələ bilər. Mümkündür ki, ondan qabaq digər iri vergi ödəyicilərindən – «Azərenerji», «Azərsu», Xəzər Dəniz Gəmiçiliyi, «Aztelekom», «AZAL» kimi şirkətlər də özəlləşdirilməyə çıxarılsın. Çünki onların çoxu hazırda büdcə qarşısında olan cüzi vergi öhdəliklərini belə yerinə yetirə bilmirlər və ildən ilə vergi borcları ilə yanaşı, kreditor borclarını da artırırlar. Çox güman ki, Azərbaycan Beynəlxalq Bankı böyük özəlləşdirmə siyasətində sınaq-təcrübə funksiyasını yerinə yetirəcək».

Elman Rüstəmov
Elman Rüstəmov

«BANK TECHNIQUE» BATIR: BAŞ BANKİR REVANŞA HAZIRLAŞIR

«Yeni Müsavat»ın baş məqaləsi belə adlanır.

Qəzet yazır ki, Azərbaycanın bank sektorunda böhranlı vəziyyət davam edir: «Ötən həftə Mərkəzi Bank «EvroBank» ASC-nin bank lisenziyasını ləğv edib, «Azərbaycan Kredit Bankı» ASC-yə isə müvəqqəti inzibatçının təyin edilməsi barədə qərar verib.Ekspertlər daha bir neçə bankın da bağlanmasını proqnozlaşdırırlar».

Qəzet yada salır ki, «Bank Technique»də maliyyə problemi yeni deyil: «Hələ 2012-ci ilin aprelində bankın rəhbərliyi həbs edildikdən sonra bu bank Beynəlxalq Bankın İdarə Heyətinin ovaxtkı rəhbəri Cahangir Hacıyevin idarəçiliyinə keçmişdi. O zaman hakimiyyətdən ciddi dəstəyi olan C.Hacıyev banka nəzarəti ələ aldı və baş bankir Elman Rüstəmovu oyundankənar vəziyyətə saldı.

Amma C.Hacıyevin Beynəlxalq Bankda istefasından sonra «Bank Technique»də araşdırma başladı. Ən azı o səbəbdən ki, C.Hacıyevin paytaxt Bakıda elit yaşayış binalarının – «Azure Park» yaşayış kompleksinin tikintisini məhz «Bank Technique» maliyyələşdirib. Üstəlik, Beynəlxalq Bank kimi «Bank Technique»dən də iri məbləğli, özü də heç bir girov qoyulmadan kreditlər götürülüb. Bu işdə də bəzi oliqarxların və iş adamlarının adı keçir».

Elmar Hüseynov
Elmar Hüseynov

HAKİMİYYƏT «ELMAR HÜSEYNOV İŞİ»NDƏN YAYINA BİLƏRMİ?

Bu sualı verən «Azadlıq» qəzeti mərhum jurnalistlə bağlı məhkəmə işini gündəmdə saxlayır.

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanda 2005-ci il martın 2-də qətlə yetirilmiş «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovla bağlı araşdırmalara başlayıb. Sorğudakı suallardan biri də Elmar Hüseynovun qətlində Azərbaycan hakimiyyətinin iştirakı haqdadır. Yəni, bu iş üzrə istintaq hərəkətləri barədə detallı məlumat, bütün sənədlərin surətlərinin verilməsi xahiş olunub.

«Azadlıq» sual edir: «Görəsən, Azərbaycan hakimiyyəti sənədləri qarşı tərəfə verməkdən imtina etsə, nəticə necə ola bilər?».

Vəkil Namizəd Səfərov söyləyir ki, Avropa Məhkəməsi qərar çıxaranda, bu, məcburi qaydada icra olunmalıdır.

Hüquqşünas Vidadi Mirkamalın fikrincə, Azərbaycan dövləti bu işdən imtina edə bilməz: «Azərbaycan beynəlxalq aləm qarşısında bir sıra öhdəliklər götürüb və bu mənada Avropa İnsan Haqları Məhkəməsinin tələblərini yerinə yetirməlidir. Hərçənd, Əli İnsanovla bağlı və bir sıra məhkəmə çəkişmələrində Azərbaycan tərəfi müəyyən tələbləri yerinə yetirməyib. Lakin bu məsələ mütəmadi təkrar olunsa, Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasının gündəmə gəlməsinə və ölkənin beynəlxalq aləmdə öz imicini itirməsinə gətirə bilər».

Azərbaycan və Aİ bayraqları
Azərbaycan və Aİ bayraqları

AZƏRBAYCAN AVROPAYA İNDİ DAHA ÇOX LAZIMDIR

«Azərbaycan» qəzetində oxuyuruq: «Avropa İttifaqı Azərbaycanın siyasi və iqtisadi əhəmiyyətini yüksək qiymətləndirir».

«Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi ölkəmizə olan marağı artırmaqdadır. Məhz bu reallıqlar fonunda respublikanın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib», - deyə qəzet yazır.

Azərbaycanın Avropa İttifaqının «Şərq tərəfdaşlığı» proqramında yaxından iştirak etdiyini xatırladan qəzet viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanmasını mühüm addım sayır:

«Ötən ilin payızında viza sadələşdirilməsi və readmissiya müqaviləsinin qüvvəyə minməsi nəticəsində Şengen ərazisinə Azərbaycandan 70 min nəfər səfər edib. Azərbaycan vətəndaşlarının, xüsusilə çox səyahət edənlərin qısamüddətli viza əldə etmələrinin daha asan və ucuz başa gəlməsi çox mühüm addımdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG