Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:28

Cavan, qoca, çirkli, təmiz Sumqayıt


Tağıyev qəsəbəsinin yolları çirkab suların yığıldığı gölməçələrdən ibarətdir

Tağıyev qəsəbəsinin yolları çirkab suların yığıldığı gölməçələrdən ibarətdir

Bakıya ən yaxın olan Azərbaycanın iri şəhərlərindən birinə - Sumqayıta yolumu dəniz sahilindən başladım. Sahilin bir hissəsi suyun altındaydı, bir hissəsi par-par parlayırdı, bir hissəsində isə zibil qalaqlanmışdı. Bu təzadı sonradan şəhərin ayrı-ayrı hissələrində, məhəllələrində də gördüm.

1946-cı ildə bünövrəsi qoyulan Sumqayıt Boru-Prakat Zavodunun 1947-53-cü illərdə bir neçə sexi, sonra isə Sintetik Kauçuk və Alüminium zavodlarının yardımçı sexləri istifadəyə verilib. Bu illərdə köhnə Sumqayıt qəsəbəsi inkişaf edirdi və Azərbaycan SSR Ali Soveti tərəfindən 1949-cu il noyabrın 21-də Sumqayıtın rayon statusu ləğv edilib şəhərə çeırilib.


«Səhərlər hava duman olurdu…»


Kimya Sənaye, Üzvi-Sintez istehsalat birlikləri, alüminium, sintetik-kauçuk zavodlarının işə düşməsi ilə Sumqayıt Sovet İttifaqında ən iri sənaye mərkəzinə çevrilirdi. Sənaye inkişaf edib, zavodlar çoxaldıqca Sumqayıta Azərbaycanın hər yerindən işləməyə gələnlərin sayı artırdı. 1974-cü ildə təyinatını Sumqayıta almış Bəhruz Əsədzadə kimi: «Həmin dövrlər üçün bu şəhər yadımda belə qalıb: ekoloji cəhətcə çox çirkli şəhər idi. Səhərlər hava duman olurdu. Amma, demək olar ki, indi elə bir şey yoxdur. Zavodlar işləmir, o vaxt buraxılan məhsulları buraxmırlar. Yadıma gəlir, zavodlarda minlərlə, on minlərlə fəhlə işləyirdi. Bu gün həmin fəhlələr Bakı-Sumqayıt marşrutu ilə Bakıya işə gedir, axşam da qayıdıb, gəlirlər».


«Sumqayıt 1990-cı illərdə xüsusi təhlükəli zona oldu. Uşaq ölümünün, xərçəng, vərəm, böyrək xəstəliklərinin çoxalması qeydə alındı. Xəstəliklərin artmasında başqa faktorlar olsa da sənayenin rolu böyük idi»
Bu günlərdə Amerikanın «Blacksmith Institute» Xeyriyyə Fondu «Dünyanın ən çirklənmiş yerləri» adlı hesabatını açıqlamışdı. Hesabatda Sumqayıt dünyanın çirklənmiş şəhərləri sırasında yer almışdı. Hesabatda göstərilir ki, Sumqayıtda vaxtilə Sovet İttifaqının sənayesi və kənd təsərrüfatı üçün kimyəvi maddələrin əsas istehsalçıları olan 23 fabrik və zavod cəmləşib. Sovet dövrünün neftayırma sənayesi kimi bu kimya zavodları ətraf mühiti qorumaq sahəsində tədbirlər görməyiblər, yaxın ətraf əraziləri çirkləndiriblər. Hər il yüz minlərlə ton zəhərli tullantı ya atmosferə buraxılıb, ya da kiçik çaylarla Xəzərə axıdılıb. Çirkab suları və civə ilə çirklənmiş çöküntünün dənizə axıdılması ölü zonaların yaranmasına səbəb olub. Müasir texnologiyalar çatışmadığından şəhərin çirklənməsinə nəzarət edilmir. 2006-cı ildə aparılan araşdırmalara görə, ətraf mühitin intensiv çirklənməsi nəticəsində Sumqayıt sakinləri arasında xərçəng xəstəliyindən əziyyət çəkənlərin sayı artıb.


Azərbaycanın Ekologiya Nazirliyi bu hesabatda göstərilənləri köhnəlmiş statistik məlumatlar adlandırır. Yerli ekoloqlar isə deyirlər ki, hazırda canlılar üçün zərərli məhsullar istehsal edən müəssisələrin çoxu bağlansa da onların izi uzun illər qalacaq.


«20 il kompleksin tullantıları dənizə axıdılırdı»


Arif İslamzadə uzun müddət Sumqayıt şəhər partiya komitəsində məsul vəzifələrdə çalışıb. Sənayenin inkişafı gözünün qabağında olub.

Gülnaz da ailəsini xlor satmaqla dolandırır
Hazırda Sumqayıtda Ekoloji Reabilitasiya Mərkəzinin rəhbəridir. Deyir ki, Sumqayıtda sənaye obyektlərinin buraxdıqları məhsul həcminə görə çox fərqlənirdi. Boru yayma zavodu Qərbi Sibirin neft yataqları üçün istehsal edilən qazma borularının 70 faizini verirdi. Keçmiş ittifaqda istehsal olunan yuyucu tozların istehsalı üçün lazım olan xüsusi toksit məhsulunun 100 faizini, kaustik soda istehsallının 70 faizini Sumqayıtdakı müəssisələr təmin edirmiş: «Mənfi cəhəti o idi ki, Sumqayıtda canlılar üçün təhlükəli olan toksit maddələr istehsalı yüksək idi. İnkişaf tempi artdıqca ekoloji problemlərə fikir verilmirdi. İlk məhsul-kaustik soda 1945-ci ildə buraxıldı, sutəmizləyici qurğular 1964-cü ildə tikilib. 20 il kompleksin tullantıları dənizə axıdılırdı. Sumqayıt 1990-cı illərdə xüsusi təhlükəli zona oldu. Uşaq ölümünün, xərçəng, vərəm, böyrək xəstəliklərinin çoxalması qeydə alındı. Xəstəliklərin artmasında başqa faktorlar olsa da sənayenin rolu böyük idi».


1988-ci ildə onlarla aparıcı müəssisələr bağlansa da onların izləri qalır. Xüsusilə şəhərin kənar hissələrində. Üzvi Sintez, Superfosfat və başqa zavodların yerləşdiyi sənaye zonası adlanan ucsuz-bucaqsız ərazi doğrudan da ölü zonanı xatırladır. Sumqayıtdakı Xlor İstehsalı zavodunda 1958-ci ildən xlor qazı və kaustik soda istehsal edilib. 1981-ci ildə isə yeni xlor istehsalı kompleksinin açılması ilə əlaqədar köhnə xlor sexi işini dayandırıb. Həmin istehsalat işlədiyi müddətdə böyük həcmdə civə istifadə edib. Civənin müəyyən hissəsi çöküntünün tərkibində birləşmələr şəklində qalıb. Hazırda zavod ərazisində tərkibində civə tullantıları olan 6500 tona qədər çöküntü, 40 min tona qədər civə ilə çirklənmiş köhnə tullantılarla dolu ərazisi qalmaqdadır. Mütəxəssislər zavodun ərazisindəki bu tullantıların qrunt sularına keçməsi, atmosferə yayılması və ya Xəzərə axması təhlükəsinin olduğunu deyirlər.


Sumqayıtdan 10 km. aralıda yerləşən, köhnə «Nasoslu», indiki Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığındakı Kompressor, xlor istehsalı zavodunun ərazisində də oldum. Burda uzun palçıqlı yol var. Yol da çirkab suların yığıldığı gölməçələrdən ibarətdir. Yolun kənarında bir-birinin yanında sıralanmış kiçik daxmalar var. Öyrənirəm ki, bura gecəqondudur. Qaçqınlar, imkansızlar, müflis olmuş adamlar burda yaşayırlar.

«Sumqayıtda uşaqlar doğrudan da oxuyurlar. Bəlkə əyləncə yerləri yoxdur, ona görə, uşaqlar ancaq çox oxuyurlar. Bizim sinifdə 21 nəfərdən 19-u ali məktəbə qəbul olundu. Onun 7-si 600 baldan artıq toplamışdı. Bu il Sumqayıtdan ali məktəbə qəbul olunan 98 nəfərin balı 600-ü keçib»
Yaxınlıqdakı xlor istehsal edən sex də işləyir. Buranın camaatının çoxu həmin sexdən xlor alır. Səhər tezdən xlor dolu qabları xüsusi avtobusa yükləyib Bakıya satmağa gətirirlər. Burada yaşayan Gülnaz da ailəsini xlor satmaqla dolandırır. 5-6 kvadratmetr sahəsi olan bir otaqları var. Bu onun ailəsinin həm yataq, həm qonaq otağı, həm də mətbəxidir: «Kimyəvi maddədir, insan üçün çox zərərlidir. Zərərini hiss edirəm. Vallah, əziyyətinə dəyməz. Litrini 700 manata alırıq, 1500 satırıq. Marşrutlar da qalxıb. Arada qalan 10-15 min manatdır». Burda yaşayanlar havanın çirkliliyindən, müxtəlif xəstəliklərdən əziyyət çəkmələrindən də danışdılar.


Ekoloq Arif İslamzadə deyir ki, rəhbərlik etdiyi mərkəz Sumqayıtda sənaye zonasında yaşan qaçqınlarla Xızı rayonunda yaşayan qaçqınlar arasında araşdırma aparıb. Məqsədləri çirklənmiş və təmiz zonada yaşayan ailələrin sağlamlıq vəziyyətini öyrənmək olub. Fərqlər xüsusilə yeniyetmələr arasında özünü göstərib: «Uşaqların ikisinin də 12 yaşı vardı. Biri Xızıda, o biri Sumqayıtda sənaye zonasında yaşayırdı. Xızıda olan uşağın boyu 3 sm o birisindən hündür idi. Bu zonada yaşayan uşaqların 50 faizinin dişləri çürümüşdü, gözləri zəifdir, söz gec çatır. Bu vəziyyət həmin ərazidəki bütün canlılarda, hətta heyvanlara da var. Məsələn, çanaqlı bağanın bir ayağı yox idi, heyvanların həcmləri kiçilir, bu cür şərait heyvana təsir edirsə, mütləq insanda da əks olunur».


Bu vəziyyəti aradan qaldırmaq üçün yerli ekoloqlar tədris proqramları həyata keçirir, 2003-cü ildən Dünya Bankı 1566 ton civənin axıdıldığı xlor və qələvi zavodunun təmizlənməsi işlərini maliyyələşdirməyə başlayıb.


«İşsizlikdən dənizə gedirik»


Sumqayıta gedib Corat kəndinə baş çəkməmək doğru olmaz. Çünki Corat Sumqayıtın tarixi kökü sayılır. Tarixi 16-cı əsrdən sayılan kəndin camaatı zarafatla deyir ki, biz indi də tarixi sənətimizlə məşğul oluruq.


Sumqayıtın əksər məhəlləlində belə mənzərəyə rast gəlmək olar
Balıqçılıq kənd camaatının əsas məşğuliyyətidir. Həm ata-babalarının peşəsini davam etdirirlər, həm də işsizliyə görə başqa seçimləri də yoxdur. Az qala hər həyətdə torlar, balıqçı alətləri var. Hava bir az küləksizdirsə, balıqçılar dənizə düşürlər.


Əbdül kişi də balıqçıdır. Köhnə qayığı qonşuların köməyi ilə dənizə salıb toru qurdu, dənizdəki uşaqlara tapşırıqlarını verəndən sonra gəlib sahildə oturdu. Deyir ki, artıq balıqçılıqdan yorulub:


«Qədim dövrdən Corat camaatı balıqçılıqla məşğul olur. İşsizlikdən dənizə gedirik. İş olsa, mən dənizə getmərəm. Çox çətin işdir. Görürsən, külək gəlir, hərəsinin 2-3 uşağı var. Özünü təhlükəyə atıb. Qorxulu və çətin işdir. Bir də görürsən toru atdın, bir sutka balıq düşmür. Əvvəl balıq çox idi. İndi azalıb. Yemək üçün tutsan, böyük şeydir, qabaq isə sata da bilirdik».


Daha cavan balıqçı Şakir isə qismətə inanır: «Görürsən, artıq külək qalxmağa başlayıb. Ancaq qismətində balıq varsa, küləkdə də olsa, tora düşəcək».


Əgər Corat kəndində kişilər balıq tutmağı bacarırsa, təbii ki qadınlar da onu yaxşı bişirməyi bacarırlar. Dəniz sahilindəki evlərdən birində yaşayan gənc Elnurə kimi: «Ən çox balıq bişirməyi xoşlayıram. Biz bazardan alınan balığı yemirik, dənizdən tutulan balıq dadlı olur. Soyutma, qızartma, bütün növlər dadlı olur».


«Bəlkə əyləncə yerləri az olduğundan uşaqlar yaxşı oxuyurlar»


İndi Sumqayıtda zarafatla deyirlər ki, Bakıda təhsil alan gənclərin çoxu Sumqayıtdandır. Ali məktəblərə qəbul olunanlar arasında Sumqayıtdan olanların sayını ildən-ilə artması isə zarafat deyil. Bu il ali məktəblərə qəbul olunanlar arasında ən yüksək bal toplayan da Sumqayıt məktəblisi olub. Elvin İsmayılov qəbul üçün nəzərdə tutulan 700 baldan 697-sini toplamışdı. O, deyir ki, Sumqayıtdan olan uşaqların göstəricilərinin yüksək olması ancaq həmin uşaqların çalışqanlığı ilə bağlıdır: «Sumqayıtda uşaqlar doğrudan da oxuyurlar. Bəlkə əyləncə yerləri yoxdur, ona görə, uşaqlar ancaq çox oxuyurlar. Bizim sinifdə 21 nəfərdən 19-u ali məktəbə qəbul olundu. Onun 7-si 600 baldan artıq toplamışdı. Bu il Sumqayıtdan ali məktəbə qəbul olunan 98 nəfərin balı 600-ü keçib. Hər il uşaqlar əvvəlki illərin məzunlarına baxıb həvəslənirlər, bu çox yaxşıdır».


XS
SM
MD
LG